Namərd qonşu

Hekayə

Tarix: 24-3-2017 // saat: 01:18
Ulu babam Zülfüqarın əziz xatirəsinə!
 
Novruz bayramına az qalmışdı. Bozavənd dağının yaxınlığında yerləşən Hacıhətəmli kəndində də son vaxtlar camaat səksəkə içində yaşayırdı. Kənddən Göyçaya, Həftərana gedənlər qəribə xəbərlər gətirirdilər. Ermənilərin azərbaycanlıları qırmağından ürək ağrısı ilə danışırdılar. Hacıhətəmli ermənilər yaşayan Qalagah, Sultankənd və Uştalqışlaq kəndləri ilə qonşu idi. Kənd adamları axşamüstü örüşdən qayıdan sürüləri qarşılayırdı. Yeraltı qazmalarda saxladıqları südəmər quzuların öz analarının səsini eşidib mələşməsindən artıq yazın gəlişinə az qaldığını duyurdular.
Axşamın alatoranında Zülfüqar yüzbaşı atını bərk çaparaq evə yetişdi. Tərli atının cilovunu oğlu Məcid tutdu. Yüzbaşı atdan düşüb evə girdi. Ürəyi çox narahat idi. Elə bil ki, bu saat ürəyi qopub ayaqları altına düşəcəkdi. Həyətdə o yan, bu yana var-gəl edir, özünə yer tapa bilmirdi. Bu vaxt bir cavan oğlan at belində yüzbaşının həyətinə girdi. Ağacdan düzəldilmiş doqqazdan girən oğlanı görcək Zülfüqar yüzbaşı doğrudan da, nə isə baş verdiyini anladı. Zülfüqar yüzbaşı Hacıhətəmli, Mollaisaqlı, Kürdeldarbəyli, Gideyli, İmamlı kəndlərinin qəza üzrə muxtarı idi. Gələn İmamlı kəndində yaşayan yüzbaşının köməkçisi idi. Şər vaxtı bu gəlişin heç də xeyir olmadığını anlayan yüzbaşı köməkçinin kədərli sifətindən bunu daha aydın hiss etdi.
- Salaməleyküm, yüzbaşı.
- Ay əleykəsalam.
- Bu axşam vaxtı xeyir ola?
- Yüzbaşı, gərək məni bağışlayasan. Bu vaxtsız vaxtda qapını döyürəm.
- Nə olub, uzatma ürəyim üzüldü.
- Ermənilər İmamlıdan bir az uzaqda sizin kənddən üç nəfəri öldürüblər.
Yüzbaşının dişi az qala bağırsağını kəsdi. Öz-özünə düşündü ki, deməli, ölkədə qopan tufan bizdən də yan keçmədi. O tez oğlu Məcidi qardaşı oğlu Muradın arxasınca göndərdi.
Axşam vaxtı kəndə hay-küy düşdü. Məlum oldu ki, kənddən bu gün yüzbaşının qohumları Ağası və Qubad, bir də Yadigar uşaqlarından Adıgözəl səhər tezdən Qəbələyə toxum almaq üçün gediblər. Namərd qonşular yüklə gələn əliyalın Qubad, Ağası və Adıgözəlin qarşısını kəsib, yüklərini əllərindən alıb, özlərini də vəhşicəsinə öldürüblər.
Gecə ikən Zülfüqar yüzbaşı kəndin qorxmaz igid oğulları ilə ölənlərin meyidini kəndə gətirdi. Ana və bacıların naləsi ərşə qalxdı. Səhər tezdən öldürülənləri kənd adamları kənddən xeyli aralıda yerləşən qəbiristanlıqda dəfn etdilər. Yüzbaşı qəbiristanlıqdan dönərkən ağsaqqalları məşvərətə çağırdı. Yüzbaşı ağıllı və tədbirli adam idi. O, ağsaqallara dedi:
- Sel gələndə adətən çör-çöp gətirər, deyib atalar. Ermənilərin bu həmkəndlilərimizi öldürməyi bizə bir xəbərdarlıqdır. Sərvaxt olun, ermənilərin törətdikləri əməllərdən, yəqin ki, hamınızın xəbəriniz var. Ermənilər yenə baş qaldırıb. Yenə köhnə havanı çalmağa başlayıblar. Nahaq o vaxt babalarımız bu torpaqlarda onlara məskən salmağa icazə verdilər. Bilirsiniz ki, ermənilərin məskunlaşdığı ərazilər ulu babalarımız albanların məskənidir. Qonşu kənddəki alban kilsəsini də xristian kilsəsinə çevirib istifadə edirlər. Onlardan nə desən gözləmək olar. O vaxt babalarımıza yalvarıblar ki, onlara yaşamaq üçün yer versinlər. İndi də özlərinə yer edəndən sonra başlayıblar başqa hava çalmağa. Deyirlər ki, bu yerlər hamısı bizimdir. Babam Hacı Hətəm həmişə deyərdi ki, ən böyük səhvimiz erməniləri bura köçürdəndə ürəyiyumşaqlığımız oldu. Yaşamaq üçün zəruri olan şeylərinizi xurcun və məşrəflərə yığın, çoban və naxırçılara tapşırın ki, naxır və sürüləri kənddən çox uzağa aparmasınlar.
Elə həmin gecə zil qaranlıqda kənd sakini Salman kişinin doqqazı döyüldü. Salman kişi dırnaqarası dostu Vartanı görüb təəccübləndi:
- Bu gecə vaxtı xeyir ola, a Vartan?
- Ara Salman kişi, sabah gecə ikən ermənilər hücum edib hamınızı qıracaqlar.
Salman kişi onu içəri dəvət etdi. Vartan dedi:
- Yox, gələ bilmərəm, məni gözləyirlər.
- A kişi, həmişə gəldiyin ev deyil?
- Yox, qala bilmərəm.
Bu səhər Hacıhətəmli kəndinin əhalisi üçün dəhşətli bir xəbərlə açıldı. Səhər açılar-açılmaz Salman kişi  Zülfüqar yüzbaşının evinə getdi. Vartanın gətirdiyi xəbəri ona söylədi. Kənddə Zülfüqar yüzbaşıdan başqa 5-6 nəfərdə ov tüfəngi var idi. O, ağsaqqalları yığıb dedi:
- Ermənilər havadarlarının köməyi ilə tam silahlanıblar. Arvad-uşağı Göyçayın kəndlərinə aparıb gizlətmək lazımdır. Namus-qeyrət tapdalanmasın. Mal-qaranı, qoyun-quzu sürülərini Qarabaqqal yaxınlığındakı ata-baba qışlaq yeri olan Şıx dərəsinə sürüb aparmaq lazımdır. Hamı bir-birinə kömək etsin.
Axşamtərəfi kənd bir viranəni xatırladırdı. Evlərin bacalarından tüstü qalxmır, qoyun-quzu mələşməsi eşidilmirdi. Kənddə heç kim qalmamışdı. Camaat Göyçaya gedən yollara səpələnmişdi. At arabası olan araba ilə, atı olan atla yola çıxmışdı. Çoxu isə piyada Göy yoxuşunu qalxırdı. Qadınlar körpə uşaqlarını yun şalla bellərinə sərimişdilər. Kişilər və oğlan uşaqları mal-qaranı, qoyun-quzunu qabaqlarına qatmışdılar.
Qoca nənələrin ah-ufu ətrafı bürümüşdü. Qadınlar göz yaşlarını saxlaya bilmir, kişilər qəlyan və demilərini tüstülədirdilər. Qışın bu oğlan çağında öz torpaqlarından, didərgin düşmüş hər kəsin üzündən qəm-kədər tökülürdü.
O gecə quduzlaşmış ermənilər hamı yatandan sonra kəndə basqın etdilər. Evlərə hücum çəkib hamını yuxuda ikən qırmaq istəyirdilər. Ancaq kənddə heç kim qalmamışdı. Kimsəsiz kəndi vəhşicəsinə talayıb dağıtdılar. Evləri, tövlələri, od tayalarını nöyüt töküb odladılar. Alovun dilimləri Bozavənd meşəsində gizlənmiş kənd sakinlərini dəhşətə gətirdi.
Şıx dərəsində ailəsini alaçıq qurub yerbəyer edən Zülfüqar yüzbaşının yanına səhər tezdən bir çapar gəldi.
- Zərbəli bəy sizi Bozavənd meşəsində gözləyir.
Camaatı yerləşdirəndən sonra yüzbaşı kəndin sayılıb-seçilən igid cavanları-qardaşı oğlu Muradı və Babalını götürüb Bozavənd meşəsinə yola düşdü. Meşə qarla örtülmüşdü, dağın soyuq havası adamı qılınc kimi kəsirdi. Meşənin sıx yerində birdən səs-küy qalxdı. Yüzbaşı elə fikirləşdi ki, ya ayıdır, ya da vəhşi qaban. Otların arasında yem axtarır. Ancaq səs-küy yaxınlaşdıqca bunların adam olduğunu hiss etdi. Zərbəli bəyin onu çağırdığı yerə xeyli yol var idi. Yüzbaşı yanındakılara deməsə də səhv etdiyini anladı. Zərbəli qonşu Kürdeldarbəyli kəndinin bəyi idi. Yüzbaşı ilə onun arası sərin idi. Fikirləşmişdi ki, getməsə Zərbəli bəy fikirləşəcək ki, Zülfüqar qorxdu. Ancaq gələn səs-küyün erməni dilində olduğunu eşidib ermənilərin ona tələ qurduğunu anladı.
Birdən güllə səsləri eşidildi. Ermənilər əvvəl güllə atdılar ki, atlar ürküb qaçsın. Atların hərəsi bir yana döndü. Ermənilər Zülfüqar yüzbaşını nişan alıb vurdular. O ayağından yaralanmışdı. Atı da yerə sərilmişdi. Murad tez atdan düşüb əmisinin yanına qaçdı.
- Murad, Babalı tez Şıx dərəsinə qayıdın. Camaata deyin ayıq-sayıq olsunlar.
Murad dedi:
- Əmi, mən səni qoyub heç hara gedən deyiləm. Qoy Babalı getsin, camaata  xəbər aparsın.
- Mən nə deyirəm ona qulaq as. Mən yaralanmışam, atım da yaralıdır. Sən bu keçilməz meşədən məni yaralı apara bilməyəcəksən. Tez ol atını min, Babalı ilə çapın camaatın yanına. Deyin kəndə gəlməsinlər. Uzaqda görünən silahlı adamları görüb bildi ki, Murad və Babalı tüfənglə onlara heç nə edə bilməyəcəklər. Murad əmisini qucaqlayıb öpdü. Gözlərindən axan yaş yüzbaşının üzünə töküldü. Yüzbaşı ərkyanə dedi:
- Get, kişi ağlamaz. Mənə heç nə olan deyil.
Murad könülsüz arxaya baxa-baxa əmisindən aralandı. Bir az keçmiş ermənilər yüzbaşının başının üstünə yığıldılar. Böyüklərindən biri ermənicə dedi ki, keşiş əmr edib ki, yüzbaşını diri gətirin. Onunla mənim ayrı haqq-hesabım var. Vartanı tanıyan yüzbaşı dedi:
- Adə Vartan, sənsən?
- Ara, ay yüzbaşı, elə bilirsən həmişə at belində bizə əmr eləyəcəksən? Ara sən idin deyən ki, bu torpaqlar bizimdir? İndi səni öldürüb Hacıhətəmlidə at oynadacayıq.
Zülfüqar yüzbaşı uzandığı yerdən dikəlib oturdu.
- Vartan, sarsaqlama.
- Nə var ara yüzbaşı, hamişə deyardın ki, bizim torpaqlara  galip yurd salmısız.
Yüzbaşı ağrıdan qovrulurdu. Ermənilərin böyüyü dedi ki, gündüz yüzbaşını aparmaq olmaz. Vartanla Aram burda qalsın. Yüzbaşıya nəzarət etsinlər.
Yüzbaşının yarası şaxtalı, qarlı havada dözülməz dərəcədə sızıldayırdı. O, ətini dişinə tutub dinmirdi. Gecənin qaranlığında onu atın belinə sarıdılar. Nalayiq sözlərlə onu təhqir edir, yaralı ayağından vurub ona işgəncə verirdilər. Hacıhətəmliyə çatanda kənddə bir ins-cinsin qalmadığını görən yüzbaşı dərindən ah çəkdi və dedi:
- Allah, bu zülmü yerdə qoyma. Buraxın məni gedim. Məni öldürsəniz bu sizə baha başa gələcək.
Qalagaha çatmağa az qalmış onu yaralı ayağından atın dalına bağlayıb sürməyə başladılar. Kəndə çatanda yüzbaşı hələ diri idi. Səhəri gün onu Qalagahda Nohur deyilən yerə gətirdilər. Əvvəl Alban kilsəsi olan, indi isə xristian kilsəsi kimi istifadə olunan kilsədən keşişi çağırdılar. Kilsə Nohura yaxın yerdə yerləşirdi. Keşiş bir erməni ilə gəlib əmr verdi ki, diri-diri başını kəsin və başını nişangaha qoyun. Nohur yerinə bütün ermənilər toplanmışdı. Toplaşanların içərisində Arşak Tününün qulağına pıçıldadı.
- Ara Tünü, müsəlmanlar bu zülmü yerdə qoymayacaqlar. Bu gələn köpək uşağı gedəcək. Arada çanaq bizim başımızda çatlayacaq.
Keşişin yanında dayanan heç kəsin tanımadığı erməni dedi ki, kimdə erməni qanı varsa, müsəlmanın başını nişan alıb vursun. İndi bizə yaxşı nişan alan adamlar çox lazımdır.
Bir neçə gündən sonra Qafqaz Türk Ordusu Hacıhətəmli istiqamətində hücuma keçdi. Kəndi ermənilərdən təmizlədilər. Türk ordusu kəndi azad edərkən iki türk əsgəri Hacıhətəmlidə həlak oldu. Türklər onu Hacıhətəmlidə dəfn etdilər. Hacıhətəmlinin Türk ordusuna qoşulan kənd cavanları Qalagaha gələndə gördükləri mənzərədən dəhşətə gəldilər. Nişangaha qoyulmuş yüzbaşılarının başını görəndə damarlarında qanları coşdu. Onlar yüzbaşının başını və bədənini gətirib həlak olmuş türk əsgərlərinin yanında basdırdılar. Hal-hazırda həmin qəbirsanlıqda Türkiyə hökuməti tərəfindən türk əsgərlərinin şərəfinə ucaldılmış abidədə yazılmışdır: “Bu kabirde 1918 yılında Türk Kafkaz Ordusuyla Vatanın bu topraklarına gelmiş, savaşmış, şehit düşmüş, TÜRK ASKERLER yatmakdadır”.
 
Turac Ağayeva
Ağsu rayonu Kəndoba kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi
 
Foto: Hacıhətəmli yolu... (Müəllif: Nəzrin Səlimzadə)

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN