Azərbaycanın ədəbi ictimaiyyətinə ağır itki üz verib. Tanınmış şair, Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsinin sədri Sabir Sarvan bu gün səhər saatlarında dünyasını dəyişib.
Sabir Sarvan 1956-cı ildə Ağsu rayonunun Pirhəsənli kəndində anadan olub. 1970-ci ildə Ağsu rayonunda çıxan “Birlik“ qəzetində ilk şeiri işıq üzü görüb. 1977-ci ildə Dövlət İncəsənət İnstitutunun (indiki Mədəniyyət və İncəsənət Universiteti) dram və kino aktyorluğu fakültəsini bitirib. 1977-1980-ci illərdə Lənkəran Dövlət Dram Teatrında, 1981-1987-ci illərdə Bakıda Tədris Teatrının aktyoru olub. 1988-1993-cü illərdə mətbuatda fəaliyyət göstərib, “Gənclik” jurnalında ədəbi işçi, şöbə müdiri, baş redaktorun müavini vəzifələrində çalışıb. 1996-cı ildən Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsinin sədridir. “Gördüyüm göy üzü, baxdığım işıq”, “Çıx qaranlıqdan”, “Gəldi qürub”, “Özümü sözə çevirdim” adlı şeir kitablarının müəllifidir. Mərhum bu gün doğulduğu Ağsu rayonunun Pirhəsənli kəndində torpağa tapşırılacaq.
agsunews.az-ın kollektivi şair Sabir Sarvanın vəfatından kədərləndiyini bildirir, mərhumun doğmalarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!