"Ağsuda xalçaçılıq" sərgi-yarmarkası

 Noyabrın 20-də MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Ağsu rayonunun Ülgüc kəndi ərazisində yerləşən Orta əsr Ağsu şəhəri arxeoloji turizm kompleksində "Ağsuda xalçaçılıq" adlı sərgi-yarmarka keçirib.

Tarix: 21-11-2016 // saat: 23:53
Noyabrın 20-də MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Ağsu rayonunun Ülgüc kəndi ərazisində yerləşən Orta əsr Ağsu şəhəri arxeoloji turizm kompleksində "Ağsuda xalçaçılıq" adlı sərgi-yarmarka keçirib. Azərbaycan xalçası gününə həsr olunan sərgidə Ağsu rayonunun Gəgəli, Bico və Qəşəd kəndlərində toxunmuş müxtəlif çeşnili xalça və palaz nümunələri nümayiş etdirilib. Sərgi-yarmarkada Bakıdan və Azərbaycanın müxtəlif bölgələrindən qonaqlar iştirak ediblər.
Sərgini giriş sözü ilə layihənin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli açıb. İştirakçılar əvvəlcə 20 noyabr 1991-ci il tarixində baş vermiş Qarakənd faciəsi şəhdlərini yad ediblər. Sonra Fariz Xəlilli layihə haqqında danışıb, 6 ay ərzində görülən işlərdən - araşdırma, ekspert təklif və tövsiyyələti kəndlərdə təlimlərin keçirilməsindən bəhs edib. Bildirib ki, mövzunun gündəmdə saxlanılması və gənclər arasında sənətin yayılması üçün bu cür yarmarkaların önəmi qeyd edilib. Professor Röya Tağıyeva xalça və palaz toxucularına sənəti yaşatmağın vacibliyindən, nəinki bazar üçün, evləri və övladları üçün xalça toxunmasının önəmindən danışıb. Professor Kübra Əliyeva layihə çərçivəsində hər üç kənddə olduğunu, artıq toxucuların əksəriyyətini tanıdığını, onların əməyinin əhəmiyyətini qeyd edib. Kəndlərdə yaşayan qadınların toxuması üçün yeni çeşniləri gətirdiyini, onların həvəslənməsi üçün stimul olacağını qeyd edib. Professor Qafar Cəbiyev Şirvan bölgəsinin kənd və obalarında hər zaman xalça və palazların toxunduğunu, son zamanlar sənətə marağın azaldığını, varislik əlaqəsinin kəsildiyini qeyd edib, xatirələrini bölüşüb. Ağsu rayonu Mədəniyyət və Turizm şöbəsinin müdiri Cavanşir Şeydayev Bico kənd sənətkarlıq evinin açılması, orada xanaların quraşdırılması və xalça toxunması haqqında qısa məlumat verib. Xalça toxucuları olan Pərvanə Qarayeva, Sahidə Rzayeva, Əntiqə Həsənova və digər qadınlar düşüncələrini bölüşüb, gələcəkdə toxunmanı nəzərə alacaqlarını qeyd ediblər. Sərgiyə baxış keçirilib, yarmarkada iştirak edənlərə sertifikatlar verilib. Fariz Xəlilli layihənin kitabı və tanıdıcı flayerləri təqdim edib. O qeyd edib ki, layihə fəaliyyət göstərdiyi müddətdə müxtəlif ölkələrdə, o cümlədən Macarıstan, Belçika və Sinqapurda yaşayan insanlar Ağsu xaçaçılıq nümununələri ilə maraqlanıb, onlara müvafiq qiymətlər deyilib. Təbliğatın davamlı olmasının gələcəkdə bu sahəyə marağı artıracağı qeyd olunub.
Namazlıq, hədiyyəlik, xurcun kimi xırda xalça və palaz nümunələrinin də yer aldığı sərgidə kənd xanımlarının digər rəssamlıq və toxuculuq işləri də sərgilənib. Sərgi-yarmarka Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən "Kənd həyat tərzinin inkişafında qadınların rolu" layihəsi çərçivəsində həyata keçirilir.

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN