Azərbaycanda Yel çərşənbəsi və 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd olunur

Tarix: 8-3-2016 // saat: 13:03
Xalq arasında "Külək oyadan çərşənbə”, "Küləkli çərşənbə” kimi tanınan Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsüdür.
İnama görə Yel çərşənbəsində oyanan yel, külək oyanmış suyu, odu hərəkətə gətirir. Şifahi xalq yaradıcılığında Yelin tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc, məsəl və s. yaranıb. Novruz şənliklərində icra olunan Yel baba mərasimi əcdadlarımızın Yel tanrısına etiqadla bağlıdır.
İnanclara görə, Yel baba xırmana gəlməmişdən qabaq ordan buğda, dən götürməzlər. Sovurulmamış buğda götürənin oğlu ölər. Yeli əsdirəni söyməzlər.
Yel çərşənbəsində qadınlar axır çərşənbə üçün hazırlıqlar görürlər. Ev əşyaları təmizlənir, xalça-palaz çırpılır, yorğan-döşək havaya verilir. Xanımlar uşaqlar üçün təzə paltar biçib-tikir. Qız-gəlinlər qoz-fındığı ləpələyib şirniyyat hazırlığı tədarükü görürlər. Həmin gün bir qarış böyümüş səməninin ortasına qırmızı qumaş bağlanır. Yel çərşənbəsi günü tonqallar qalanır, evlərdə südlü plov bişirilir. Süfrəyə daha çox quru meyvə və dənli bitkilərdən hazırlanmış çərəzlər düzülür.
Bu gün eyni zamanda bütün dünyada 8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd olunur.
APA-nın məlumatına görə, bu gün Klara Setkinin təklifi ilə 1910-cu ildə sosialist qadınların Kopenhagendə keçirilən II beynəlxalq konfransında təsis olunub.
Mahiyyət etibarilə bu gün qadınların ictimai-siyasi, iqtisadi bərabərlik, öz hüquqları uğrunda mübarizədə həmrəylik günü kimi yaradılıb. Dünyanın bir çox ölkələrində 8 Mart məhz çalışan, əməkçi qadınların günü kimi qeyd olunur.
Azərbaycanda bu bayram 1917-ci ildən mütəmadi qeyd edilməyə başlanılıb.
1998-ci ildə Azərbaycanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də yaradılıb. Azərbaycan həm də Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur, BMT-nin qadın məsələləri üzrə komissiyasının tam hüquqlu üzvüdür.

 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN