Göyçay rayonunda Xalq Şairi, görkəmli dramaturq, ədəbiyyatşünas və ictimai xadim Bəxtiyar Vahabzadənin 90 illik yubileyi qeyd edilib.
Tədbirdə çıxış edənlər Bəxtiyar Vahabzadə yaradıcılığının Azərbaycan ədəbiyyatında yeri və əhəmiyyəti haqqında danışıblar. Diqqətə çatdırılıb ki, Azərbaycanın Xalq Şairi Bəxtiyar Vahabzadə 60-cı illərdə sovet rejimini inkar edərək, milli mücadilə yolunda fədakarlıq göstərib. B.Vahabzadə öz şeirləri, poemaları ilə sovet rejiminə etirazını bildirib. Qeyd olunub ki, Bəxtiyar Vahabzadə görkəmli şair, dramaturq, ədəbiyyatşünas və ictimai xadim olmaqla yanaşı, könüllərdə yaşayan müəllim və layiqli vətəndaş olub. Xalqın ən ağır günlərində onun yanında olaraq fəal vətəndaşlıq mövqeyi nümayiş etdirən, ana dilimizin qoruyucusu və təbliğatçısı kimi tanınan şairin adı Azərbaycan ziyalılarının sırasına qızıl hərflərlə həkk olunub.
Sonra məktəblilər ədibin şeirləri və sözlərinə bəstələnmiş mahnılar səsləndiriblər.