Seyid Əzim Şirvaninin anadan olmasının 180 illiyi Şamaxıda qeyd edilib

Tarix: 24-12-2015 // saat: 16:30
Maarifpərvər şair Seyid Əzim Şirvaninin anadan olmasının 180 illiyi Şamaxıda qeyd edilib.
Yubiley mərasimində çıxış edən filologiya elmləri doktoru, professor Seyfəddin Qəniyev, filologiya üzrə fəlsəfə doktoru Eyvaz Eminalıyev və başqaları şairin həyat və fəaliyyətindən, bədii irsindən ətraflı danışıblar. Bildirilib ki, Seyid Əzim Şirvani 1835-ci il iyulun 10-da Şamaxının “Qalabazar” məhəlləsində anadan olub. Yeddi yaşında ikən atasını itirib və Dağıstanın Yaqsay kəndində yaşayan, dindar kimi fəaliyyət göstərən ana babası molla Hüseynin himayəsində böyüyüb. İbtidai təhsilini orada alan Seyid Əzim 1853-cü ildə Şamaxıya qayıdıb. Üç il sonra 21 yaşlı gənc ruhani təhsili almaq üçün İraqa, əvvəl Nəcəf və Bağdada, sonra isə Suriyanın Şam şəhərinə gedib. Dünyəvi elmlərə böyük maraq göstərən gənc Seyid Əzim 1957-ci ildə yenidən Məkkə, Mədinə, Misir və Suriyaya səyahət edib, 50-ci illərin sonunda vətənə qayıdıb. O, ruhani olmaq fikrindən dönüb və məktəbdarlıqla məşğul olub.
“Əkinçi” qəzetinin nəşrini sevinclə qarşılayan şair şeirlərinin bir qismini burada çap etdirib. “Əkinçi” bağlandıqdan sonra “Ziya”, “Ziyayi-Qafqaziyyə” qəzetləri ilə əməkdaşlıq edib.
Seyid Əzim 1877-ci ildə Şamaxıdakı məktəbdə Azərbaycan dili və şəriət müəllimi kimi fəaliyyətə başlayıb, qısa fasilələrlə ömrünün sonuna qədər orada işləyib. 1878-ci ildə “Rəbiül-ətfal” (Uşaqların baharı) adlı dərsliyini tamamlayıb.
Maarif sahəsindəki xidmətlərinə görə 1887-ci ildə “Za userdiye” medalı ilə təltif olunub. Maddi ehtiyac içində yaşayan şair medalı yalnız ölümündən 10 gün əvvəl, 1888-ci ilin mayında alıb. Mayın 20-də dünyasını dəyişən şair öz vəsiyyəti ilə Şamaxının Şaxəndan qəbiristanlığında dəfn olunub.
Şairin bədii irsi Azərbaycanca və farsca iki böyük külliyyatdan ibarətdir. Yaradıcılığının çox hissəsini lirik janrda yazılan qəzəllər, öyüd, təmsil və didaktiv mahiyyət daşıyan mənzum hekayələr, düzlük, mərdlik, mətanət, məzlumlara kömək və sair kimi gözəl və nəcib əməlləri əks etdirən şeirlər təşkil edir. İctimai mahiyyət daşıyan satiraları da Seyid Əzimin yaradıcılığında mühüm yer tutur. Onu dövrünün böyük realist şairi kimi tanıdan “Dəli Şeytan”, “Məkri-zənan”, “Yerdəklərin göyə şikayəti”, “Bəlx qazisi və xarrat”, “Elmsiz alim” və sair satiralarıdır.
Tədqiqatçılar S.Ə.Şirvani nəslinin nümayəndələri barədə də məlumat veriblər.
Yubiley mərasimində tanınmış musiqiçilərin ifasında şairin qəzəllərinə bəstələnən muğamlar oxunub, Azərbaycan Dövlət Pedaqoji Universiteti Şamaxı filialının tələbələrinin ifasında qəzəl və lirik şeirlər səsləndirilib.
 

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN