Dekabrın 17-də Bülbülün Memorial Muzeyi və MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə "Mədəni irsin tanıdılmasında musiqi və folklor ənənələrinin rolu" mövzusunda seminar keçirilib. Seminarda Bülbülün Memorial Muzeyi, Məmməd Səid Ordubadinin Ev Muzeyi və AMEA Folklor İnstitutunun əməkdaşları, MİRAS İctimai Birliyinin üzvləri, media və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Seminarı muzeyin direktoru Fərqanə Cabbarova açaraq bildirib ki, 1976-cı ildə Azərbaycan professional vokal sənətinin banisi, SSRİ Xalq artisti, Stalin Mükafatı laureatı, ictimai xadim, professor Bülbülün Memorial Muzeyi Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin şəxsi təşəbbüsü ilə yaradılıb. O, qeyd edib ki, muzeydə Bülbülün yaradıcı, elmi-tədqiqi, pedaqoji, ictimai fəaliyyəti, Azərbaycan musiqi incəsənətinin bütün sahələrinə aid hərtərəfli və müxtəlif yaradıcılığı haqqında 9000-ə yaxın sənəd və material toplanıb. Xalq musiqisinin nəinki tanınmış ifaçısı, eləcə də dahi bilicisi olan Bülbülün həyat və yaradıcılığından, folklor nümunlərini toplamasından, tədqiqat mərkəzi yaratmasından bəhs edilib. Fərqanə Cabbarova MİRAS İctimai Birliyinin mədəni irsin öyrənilməsi, mühafizəsi və təbliği istiqamətindəki fəaliyyətlərini təqdir etdiklərini də deyib.
Daha sonra dahi Bülbülün Koroğlu operasında ifa etdiyi maraqlı musiqi parçaları səsləndirilib.
MİRAS İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli zamanında Azərbaycan xalqının musiqi irsinin öyrənildiyini və elmi əsaslarının hazırlandığını qeyd edib, son zamanlar muğam və aşıq sənətinin inkişafı istiqamətində beynəlxalq səviyyədə xeyli işlərin görüldüyünü vurğulayıb. Bununla belə hələ də öyrənilməli çox məqamların olduğunu, xüsusilə sufi musiqisi və rəqsləri sahəsində boşluğun yerli ənənələrin öyrənilməsi ilə mümkün olacağını qeyd edib. Son zamanlar Tərəkəmə çərşənbəsi folklor festivalını keçirən MİRAS İctimai Birliyi olaraq bizlər yerli adət-ənənə, musiqi, rəqs və sənətkarlıq sahələrinin öyrənilməsində sona çatmadığımıza inanır, imkanların geniş olduğunu düşünürük. O qeyd edib ki, muzeyin nəzdində fəaliyyət göstərə biləcək Bülbül Araşdırma mərkəzinin musiqi və folklor araşdırmaları sahəsində Bülbül ənənələrini və üslubunu davam etdirmək üçün gözəl addım olardı.
AMEA Folklor İnstitutunun elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Elçin Qaliboğlu Murtuza Məmmədov - Bülbülün klassik musiqi ilə ənənəvi musiqimizin vəhdətini yaradan dahilərdən olub, Azərbaycan musiqi ruhunu daşıdığını qeyd edib. Folklor toplamalarında balaban ustalarından Əli Kərimovun özünəməxsusluğuna da diqqət çəkib.
Folklor İnstitutunun elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Şakir Albalıyev Bülbül irsi haqqında danışıb, muzeyin bu sahədə fəaliyyətlərini yüksək dəyərləndirib. Muzeydə toplanan eksponatların bu irsi daha aydın göstərdiyini bildirib.
Kamança ustası Cahandar Mikayılovun rəhbərlik etdiyi musiqi qrupunun üzvləri Bülbülün repertuarına müraciət edərək “Qara tellər” və “Küçələrə su səpmişəm” kimi musiqiləri ifa ediblər. İnnovativliyi ilə seçilən gənc kamança ustası Cahandar Mikayılov Türkiyədə kaman ustası Hasan Yavşanlı tərəfindən özəl hazırlanmış elektron kamançadan ifa zamanı istifadə edib.
Sonda Fariz Xəlilli MİRAS İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasından dəstək aldığı layihələrindən bəhs edib, hər kəsi mirasımıza sahib çıxmağa və bu amalla birgə addımlamağa, tədbirlər görməyə çağırıb. Tədbirdə MİRAS İctimai Birliyinin istehsalı olan “Axtaçı Obası-Tərəkəmə Çərşənbəsi” sənədli filmi izlənilib.
Tədbirin sonunda Bülbülün Memorial Muzeyi və MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Muzey rəhbərliyi birliyin kitabxanasına Bülbülün yaradıcılığı ilə bağlı kitablar hədiyyə edib. Fariz Xəlilli də muzeyə MİRAS İctimai Birliyinin nəşrlərini təqdim edib. Tədbir muzey ilə tanışlıqdan sonra başa çatıb.