“Nə? Harada? Nə zaman?” İsmayıllıda

Tarix: 2-12-2015 // saat: 11:20
İsmayıllı şəhərində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Nə? Harada? Nə zaman?” oyunu üzrə “Gənclər Paytaxtında Bilik Kuboku” layihəsi həyata keçirilib. Layihə seçim turları və final mərhələsindən ibarət olmaqla iki ay ərzində təşkil olunub.

Gənclər Fondundan APA-ya verilən xəbərə görə, “Gənclər Paytaxtında Bilik Kuboku” layihəsi çərçivəsində təşkil olunan seçim turlarında ölkənin 15 regionundan 1000-dən artıq gəncin iştirak edib. Seçim turları nəticəsində onlardan ən güclü 20 komanda finala vəsiqə qazanıb. Layihənin final mərhələsi İsmayıllı rayonunda baş tutub.

Tədbirdə açılış nitqi ilə çıxış edən layihə rəhbəri Azad Manaflı turnirin keçirilməsində məqsədin gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların intellektual inkişafının təmin olunması olduğunu qeyd edib. Daha sonra İsmayıllı rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Şəhla Qafarova çıxış edərək rayon Gənclər və İdman İdarəsinin həmişə intellektual oyunlara və rayon gənclərinə göstərdiyi dəstəkdən danışıb. Belə layihələrin gələcəkdə də davam etdirilməsinin vacib olduğu vurğulayıb. İsmayıllı rayon Təhsil Şöbəsinin əməkdaşı Rəşad Məmmədov çıxışında şagirdlərin böyük həvəslə yarışlarda iştirak etdiyini deyib. Layihədə rayon məktəblirərindən ibarət komandaların da olunduğunu vurğulayıb.

Bilik Kuboku layihəsinin finalı 3 turdan ibarət olan 36 sualın səslənməsi ilə davam edib. Rəqiblərini xeyli qabaqlayan İsmayıllının “İİOK” komandası turnirdə birinci yerə sahib olub. “Kapitalist” (Bakı) və “Zarafat” (İsmayıllı) komandaları isə müvafiq olaraq ikinci və üçüncü yerlərə sahib olublar.

Qaliblər kubok, medal və diplomlar, National Geographic Azərbaycan jurnalları ilə mükafatlandırılıblar. Eləcə də oyunda iştirak edən bütün komandalara sertifikatlar təqdim olunub.
 

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN