Sevda Qasımova ilə müsahibə

“Çalışırıq ki, dünya təhsilinin ən üstün cəhətlərini öyrənək və tətbiq edək” 
Sevda Qasımova: “Bizim üçün ixtisas hazırlığını həyata keçirdiyimiz tələbələrin sayı önəmli deyil”

Tarix: 27-11-2015 // saat: 22:55
İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin direktor vəzifəsini icra edən Sevda Qasımova Adalet.az-a müsahibə verib.
- Bu gün hökumətin həyata keçirdiyi siyasətdə təhsil sisteminin inkişafı prioritet məsələdir. Bu yöndə dövlət proqramları da həyata keçirilir. Təhsil işçisi kimi bu siyasəti necə dəyərləndirərdiniz?
- Təhsil sisteminin inkişafı istiqamətində qəbul olunan dövlət proqramları və digər normativ hüquqi aktlar günümüzün durmadan artan tələblərinə cavab verən bir təhsil sisteminin formalaşmasını hədəfləyir. Dövlət tərəfindən 2013-cü ildə rayonumuzda çoxprofilli kollecin açılması bütövlükdə regionların inkişafına yönəlmiş bir addımdır. Başqa sahələrdə olduğu kimi, təhsil sahəsində də inkişaf etmiş ölkələrin təcrübəsindən istifadə olunur. Məsələn, təhsilin kredit sistemi ilə təşkili, ali məktəblərlə yanaşı, 2014-2015-ci tədris ilindən başlayaraq kollecləri də əhatə edir. Təlim texnologiyaları daim yenilənir və təkmilləşir. Təhsildə innovativ metodlar yeni təfəkkür tərzinə malik insan tipini meydana çıxarır. "Bütün suallara hazır cavabları olan” insanın yerini düşünən, sərbəst qərar çıxaran, özünə güvənən yaradıcı, inadkar, prinsipial insan tutur. Psixologiyalar dəyişir. Sürətlə artan informasiya bolluğu, mürəkkəb ictimai-siyasi hadisələr, inkişaf etmiş texnologiyalar, kütləvi mədəniyyət qaynağı olan internet şəbəkələri həyatımızın bütün sahələrinə daxil olduğu bir şəraitdə ayaqda qalmağı, yaşadığı cəmiyyəti və ölkəsini ayaqda tutmağı bacaran insan yetişdirmək nə asandır, nə də vazkeçilən. Bu səbəbdəndir ki, təhsil ən prioritet sahədir.
- Abituriyentlərin İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinə marağı hansı səviyyədədi?
- Kollecimiz üçüncü tədris ilidir ki, fəaliyyət göstərir. Hazırda kollecimizdə 10 ixtisas üzrə ("Müalicə işi”, "Mühasibat uçotu”, "Məktəbəqədər təlim və tərbiyə”, "Turizm və onun təşkili”, "İnformatika müəllimliyi”, ”Kompüter şəbəkələrinin və hesablanma texnikasının təmiri və servis xidməti”, ”Taxıl və taxıl məhsullarının saxlanması və emalı texnologiyası”, ”Ət və süd məhsullarının emalı texnologiyası”, ”Şərabçılıq və qıcqırtma istehsalının texnologiyası”) 470 tələbə təhsil alır. Tələbələrimiz Azərbaycanın 46 şəhər və rayonunu əhatə edir. İki ixtisas üzrə qəbul başqa kolleclərlə yanaşı, kollecimizdə də dayandırılmışdır. Bu tələbə sayına təsir edirsə də, bu il abituriyentlər ilk dəfə daha iki aqrar ixtisas üzrə oxumaq üçün kollecimizi seçmişlər.
Onu da qeyd etməliyəm ki, bizim üçün ixtisas hazırlığını həyata keçirdiyimiz tələbələrin sayı önəmli deyil. Önəmli olan əmək bazarında rəqabətə dözən, əsl mütəxəssis və vətəndaş kimi yetişən kadrlar hazırlamaqdır. Təəssüf ki, yalnız diplom almağı qarşısına məqsəd qoyan gənclərimiz də vardır. Bu çox ağrılı yerimizdir. Məncə, bütövlükdə belə bir psixologiyanın aradan qaldırılması üçün biz çətinliklərə dözməli, səy göstərməliyik.
-Kollecdə abituriyentlərə təklif olunan ixtisaslar günümüzün tələblərinə hansı səviyyədə cavab verir?
-Abituriyentlərə təklif olunan ixtisasların rayonumuzun təsərrüfat profilinə və mütəxəssislərə olan tələbatına uyğun olaraq seçilib. Dörd ixtisas aqrar istiqamətlidir ki, ölkəmizin ərazicə ən böyük və zəngin təbiətli rayonlarından biri olan İsmayıllı üçün bu uyğun və perspektivlidir. ”Müalicə işi” ixtisası üzrə qəbul planında nəzərdə tutulmuş bütün yerlərin dolması bu ixtisasa marağı əks etdirir. Eləcə də rayonumuzda tibb mütəxəssislərinə böyük ehtiyac vardır. Digər ixtisaslar haqqında da bu fikri söyləmək olar. Əlbəttə, qəbulu dayandırılmış iki ixtisasın əvəzinə gələcəkdə başqa zəruri ixtisaslar üzrə kadr hazırlığının həyata keçirilməsi təklifi irəli sürülə bilər. Biz belə bir təşəbbüs üçün mütəmadi olaraq əmək bazarını öyrənirik.
- Tələbələrin praktik təlimlərə cəlb olunması üçün maddi-texniki bazası hansı səviyyədədir?
-Kollecimizin binasının hələlik tikilməməsi ən böyük problemimizdir. Bu problem təcrübə bazasının yaradılmasına mühüm dərəcədə təsir edir. Amma bu o demək deyil ki, tələbələrimiz təcrübi dərslər lazımi vəsaitlərlə təmin olunmamışdır. Biz təcrübi dərslərin keyfiyyətli keçirilməsi üçün bütün daxili və digər imkanlardan istifadə edirik. Məsələn, "Müalicə işi” ixtisası üzrə təhsil alan tələbələrimizin əsl tibb mütəxəssisi kimi yetişməsi üçün qarşılıqlı razılıq əsasında İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının bazasından istifadə olunur. Rayon ərazisində mövcud olan müəssisələrin bazasından qarşılıqlı razılıqlar əsasında müvafiq ixtisaslar üzrə praktik təlimlərin keçirilməsi üçün istifadə olunur.
-Kollecdə çalışan müəllim heyəti keyfiyyət baxımından sizi qane edirmi?
-Kollecimizə 60-a yaxın tam ştatlı və saat hesabı ilə dərs deyən müəllim cəlb olunmuşdur. Bu müəllimlərin böyük bir hissəsi gənclərdir. Biz yalnız tələbələrimizin deyil, müəllimlərimizin də fasiləsiz təhsilinin təmin olunmasını diqqət mərkəzində saxlayırıq. Belə ki, hazırda iki müəllimimiz doktoranturada, ikisi isə magistraturada təhsilini davam etdirir. Elə buradaca qeyd etmək istərdim ki, ölkəmizdə magistratura təhsilinin əsasən əyani formada olması müəllim kadrlarının işləyərək təhsilinin davam etdirməsi imkanlarını məhdudlaşdırır. Xarici ölkələrdə olduğu kimi, ölkəmizin ali məktəblərində distant formada magistr dərəcəsi almaq imkanı olması çox zəruridir. Bununla belə, gənc müəllimlərin elmi və pedaqoji ustalığını artırmaq üçün müxtəlif vasitələrdən istifadə olunur. Müntəzəm olaraq yeni təlim texnologiyalarının öyrənilməsi və tətbiq olunması istiqamətində işlər görülür.
-Bizdə məlumat var ki, İsmayıllı ilə yanaşı, ətraf rayondan olan tələbələr də bu kollecdə təhsil alır. Sizcə, bu İsmayıllı rayonunun iqtisadi göstəricisinə necə təsir göstərir.
-Kollecimizdə Azərbaycanın 46 bölgəsindən gəlmiş 300-ə qədər tələbə təhsil alır. Əlbəttə, nəzərə alsaq ki, kollecin yataqxanası olmadığı üçün tələbələr evlərdə kirayə şərtləri ilə qalırlar və hər cür istehlak xərclərini rayonumuzda reallaşdırırlar, kollecdə tələbə kontingenti artdıqca bu göstəricilər də artır, o zaman bu təsirin hansı səviyyədə olduğu da aydınlaşar.
-Regionlarda hansı təhsil müəssisəsini özünüzə rəqib kimi görürsünüz?
-Biz heç bir təhsil müəssisəsinə rəqib kimi baxmırıq. Əlbəttə, onların təcrübələrini öyrənir və ən üstünlərini tətbiq edirik. Lakin çalışırıq ki, kollec olaraq simamız olsun. Bizim ixtisas hazırlığına yiyələndirdiyimiz tələbələr həm də vətəndaşdırlar. Burada gördükləri idarəetməni gələcəkdə işlərində tətbiq edəcəklər. Qoy onlar ədalət və humanizmi, obyektivliyi, şəffaflığı, qanunlarına hörmət etməyi burada öyrənsinlər. Hər halda məqsədimiz budur.
-Hər hansı təhsil müəssisəsi ilə əməkdaşlıq edirsinizmi? Beynəlxalq əməkdaşlığınız hansı səviyyədədir
-Respublikamızda fəaliyyət göstərən əksər kolleclərlə əlaqələrimiz var. Ali məktəblərdə əlaqələr yaratmağa çalışırıq. Çalışırıq ki, təkcə bölgədəki təhsil müəssisələrinin deyil, dünya təhsilinin ən üstün cəhətlərini öyrənək və tətbiq edək. Şimali Kipr Türk Respublikasında fəaliyyət göstərən Uluslararası Kipr Universiteti ilə əlaqələrimiz vardır. Dərs ilinin başlanğıcında həmin universitetin dosenti Mustafa Tunay kollecimizdə müəllimlər və tələbələr üçün seminar keçirdi. Müəllimlərimiz Beynəlxalq ədəbi proseslərdə iştirak edirlər. Məsələn, keçən il Türkiyədə nəşr olunan "Türk dünyası antologiyası”nın Azərbaycan üzrə koordinatoru müəllimlərimiz olmuşdur. Müəllimlərimiz bədii yaradıcılıqla məşğul olur, onların əsərləri xarici mətbuatda nəşr olunur. Biz Təhsil Nazirliyinin razılığı ilə beynəlxalq əlaqələri genişləndirmək fikrindəyik.
-Gələcək planlarınız nədir?
- Gələcək planlarımız və arzularımız var. Biz kollecimizi müasir dünya standartlarına uyğun görmək istəyirik. Eyni zamanda kollecdə ümumilikdə elmi səviyyənin artırılması istiqamətində işlər görüləcəkdir. Müəllimlər və tələbələrin iştirakı ilə elmi konfranslar keçirmək, elmi mərkəzlərə inteqrasiya olunmaq əsas hədəfimizdir. Biz yaxın gələcəkdə Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu ilə sıx əlaqələr quracağıq.
-Rayon rəhbərliyinin təhsilə qayğısı necədir?
-Əslində kollecimizin yaradılmasının təşəbbüskarı RİH-nin başçısı əməkdar elm xadimi, professor Mirdaməd Sadıqov olmuşdur.Dövlətimiz bu təşəbbüsü dərhal dəstəkləmişdir. Bütün şüurlu ömrünü elmə və təhsilə həsr etmiş bir insan olan M.Sadıqovun rayonumuzun sosial,mədəni, iqtisadi inkişafı üçün gördüyü uğurlu işlər sırasında təhsilə qayğısı ayrıca yer tutur. İşinin çoxluğu, gərginliyi ona bu sahəni unutdurmur.Elm adamlarına dəyər verir, rayonda elmi mühit, ziyalı mühitinin yaradılması, gənclərin mənəvi inkişafı, məşğulluğunun təmin edilməsi onun diqqət mərkəzindədir.Bu ilin sentyabrnda Mirdaməd müəllimin təşəbbüsü ilə rayonumuzda təhsildən kənarda qalan gənclərin sahibkarlıq fəaliyyətinə həvəsləndirilməsi və bu istiqamətdə hazırlanması məqsədi ilə "Gənc təsərrüfatçılar məktəbi” yaradılmış və fəaliyyət göstərir.Məktəbin məşğələlərinə respublikamızın çox nüfuzlu elmi müəsissə və təşkilatlarından alim və mütəxəssislər dəvət olunur. Rayonumuzda elmi konfrans və seminarların keçirilməsi elmi və mədəni inkişafa təkan verir. Biz kollec olaraq daim bu elm insanının qayğısını öz üzərimizdə görür və hiss edirik.
Qəzetinizdə bizə də yer ayırdığınız üçün təşəkkür edirəm!
 
Sübhan Mahmudlu
Mənbə:
www.adalet.az

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN