Tədbiri rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev açaraq tədbir iştirakçılarını və qonaqları salamlayıb, kənd sakinlərini bu mühüm hadisə münasibətilə təbrik edib, son illərdə respublikamızda, o cümlədən Şamaxıda reallaşdırılan sosial layihələrdən, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılması istiqamətində görülən işlərdən ətraflı danışıb.
Rayon rəhbəri bildirib ki, dövlətimizin sosial siyasəti nəticəsində ölkəmizin ən ucqar yaşayış məntəqələrində belə insanlar elektrik enerjisi, təbii qazla təmin olunur, su təchizatı, yol infrastrukturu yaxşılaşdırılır. Avaxıl kəndi rayonun təbii qazdan istifadə edəcək 43-cü yaşayış məntəqəsidir.
Sonra “Azəriqaz” İstehsalat Birliyinin Ağsu Regional Qaz İstismar İdarəsinin rəisi Eldar Səlimzadə çıxış edərək kənd sakinlərini əlamətdar hadisə münasibətilə təbrik edərək bildirib ki, 146 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 20865 p/m müxtəlif diametrli borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 146 mənzilə məişət qaz sayğacı və fərdi tənzimləyici quraşdırılmışdır.
Tədbirdə kənd ziyalısı Səhid Şirinov, ağsaqqal Hacıməmməd Tahirov, sakin Dildar Hidayətova və başqaları çıxış edərək onlara göstərilən bu qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə sonsuz minnətdar olduqlarını bildiriblər.
Tədbirdən sonra rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev və qonaqlar birlikdə kənd sakini Elxan Xansultanovun evinə gedərək təbii qaz verilişinin açılışını ediblər.