İpək emalı və ticarətində ixtisaslaşan siyasi və iqtisadi əhəmiyyətli Azərbaycan şəhərləri Tarixi İpək Yolu silsiləsində daima önəmli yer tutmuşdur. Bu şəhərlər sırasında  Şamaxı,  Şəki,  Təbriz,  Beyləqan və Bərdə mühüm yer tuturdu.                              Verilən məlumata görə, e.ə. II əsrdən başlayaraq Tarixi  İpək  yolunun ən  intensiv magistrallarından  biri  Azərbaycandan  keçirdi.  Bu  yol  Çin  və Hindistandan başlayır, Orta  Asiyadan   keçib  Xəzər  dənizinə  çataraq  Azərbaycan ərazilərində davam edib,  burada   2  qola  ayrılıb biri Kür çayı boyunca yuxarı İberiya və Kolxida istiqamətində, ikincisi   isə  Şimala  burularaq  Xəzərin  qərb sahili boyunca Dərbənddən və Qafqaz    ətəyi düzənliklərdən  keçib  Qara  dəniz  ətrafının  şimalındakı  Yunan  şəhər  koloniya-larına aparırdı [6, 37]. III əsrdə İranda hakimiyyəti ələ almış Sasanilər öz sələfləri olan Parfiya hökmdarları kimi “Böyük İpək yolu”na nəzarəti öz əllərində saxlamağa çalışırdılar. Ərəblərin Azərbaycanda hakimiyyəti dövründə isə İpək yolu üstündə yerləşən Şəki, Bərdə, Dərbənd, Çola, Beyləqan beynəlxalq əhəmiyyətli şəhərlər hesab  olunurdu.  Bu  şəhərlər  içərisində  Beyləqan şəhəri daha çox fərqlənmişdi.   Bir sözlə,  Azərbaycan  İpək  yolunun  yaranışından bu ticarət yolunda gedən proseslərin    birbaşa iştirakçısına çevrilmişdi [6,37-38].                                                                                                                                                                                                                                                                    Orta əsrlərdə Azərbaycan şəhərləri dövrünün yüksək inkişaf etmiş sənətkarlıq və ticarət mərkəzlərindən sayılmışdır. Bəhs olunan dövrdə Azərbaycanda ipəkçilik təsərrüfatının geniş intişar tapdığı əsas yerlərdən biri olaraq Şirvan bölgəsini göstərmək olar. Nəzərdən keçirilən maraqlı tarixi etnoqrafik məlumatlar belə deməyə  imkan  verir  ki, “Orta əsr tarixçiləri öz əsərlərində Azərbaycanda, xüsusilə Şirvan əyalətlərində əhalinin ipəkçiliklə  məşğul  olduğunu  yazmışlar.  Belə ki, Ərəb mənbələrinin “Şirvan ölkəsinin baş  şəhəri” adlandırdıqları  Şamaxı  həmin  dövrün  beynəlxalq  əhəmiyyətli  ticarət     mərkəzlərindən biri sayılırdı” [1, 2, 3].                                                                                                                                                                                                                                                                       Hələ  XVII əsrin 30- cu illərində Azərbaycanda səyahətdə olmuş A.Olearinin məlumatına  görə  burada  hər  il 1020 min tay xamna toplanırdı. Ondan 3000 tay          Şirvanın, 2000 tay Qarabağın  payına  düşürdü. Bu fakt isə hər il Şirvanda 16,5 min pudxamna istehsal olunduğunu deməyə imkan verir [2, 217].                                                                                                 Kastiliya səfiri Rui Qonzales de Klavixo “Teymurun Səmərqənd sarayına səyahəti” adlı gündəliyində (1414- cü il) Şamaxıda ipək istehsalından bəhs edərək “Burada çoxlu ipək toxunur, oraya ipək almaq üçün hətta Genuya və Venesiya tacirləri də gəlirlər” deyə yazırdı. Səyyah Şiltbergen (1394-1427) şahidlik edir ki, “ipəyin ən yaxşı növü” Şirvandan aparılır və ondan Dəməşqdə, Kaşanda, Bursada yaxşı parçalar toxunurdu.  İpək  qismən  Venesiyaya  və  Lukkaya  da  ixrac olunurdu və bu yerlərdə ondan əla məxmər toxuyurdular [6, 59].                                                                                       O.Əfəndiyev özünün “Azərbaycan Səfəvilər dövləti” əsərində  göstərir ki, “A.Cenkinson Şamaxını “gözəl şah şəhəri” adlandırır. Şamaxı burada ipək alıb, sonra isə başqa ölkələrdə sataraq böyük qazanc götürən bir çox ölkələrin tacirlərinin axışıb gəldiyi mərkəzi bazar idi. Şirvan ipəyi yüksək keyfiyyəti və davamlılığı ilə fərqlənirdi. Şamaxıda rus, hind, türk, İran tacirlərinin qaldıqları karvansaralar var idi. XVI əsrin ikinci yarısında burada ingilis ticarət məntəqəsi olan “Moskva şirkəti”nin daimi nümayəndəliyinin əsası da qoyuldu. Bu işdə “Moskva şirkəti”nin agenti olmuş A.Cenkinsona Şirvan ipəyi ilə ticarətdə böyük imtiyazlar vermiş Şirvanın Səfəvi bəylərbəyi Abdulla xan Ustaclı kömək etmişdi”. Daha sonra verilən məlumata görə, “Şamaxı XV əsrdə Şirvanın iqtisadi və mədəni mərkəzi oldu. Şamaxı şəhərinin ipəkçilik obyektlərinin mərkəzində yerləşməsi, ipək emalının və hazır məhsul satışının iri mərkəzi olması da buna xeyli dərəcədə kömək etmişdi” [5, 98].                               Abdulla xan Şirvanda İngiltərə ticarəti haqqında ayrıca bir buyruq verdi (buyruğun öz mətnində o , “imtiyazlı fərman” adlandırılır) [1, 418]. Fərman ilə İngiltərə tacirləri yalnız Azərbaycanda aldıqları mallar üçün deyil, buraya Avropadan satışa gətirdikləri  mallar üçün deyil, buraya Avropadan satışa gətirdikləri mallar üçün də heç bir gömrük və ya vergi ödəməli deyildilər. Onları buna məcbur edən gömrük və ya vergi ödəməli deyildilər. Entoni Cenkinson Şirvanda qazanclı alış – veriş aparıb, buradan aldığı ipək, daş – qaş və sairə ilə vətəninə yola düşdü. 1863-1865- ci illərdə Azərbaycanda olmuş Artur Edvards I Təhmasiblə uğurlu danışıqlardan sonra şahın özündən ingilis tacirləri üçün toxunulmazlıq məktubu aldı. O, Şirvandan vətəninə göndərdiyi birinci məktubunda yazırdı: “Hazırda buradan İngiltərəyə göndərmək üçün 11 tay xam ipək almışıq. Buranın ipəyi zərif və yüksək keyfiyyətlidir” [1, 419]. 1569-1574- cü illərdə İngiltərədən Azərbaycana Tomas Benister və Ceffri Deketin başçılığı ilə beşinci, 1680- ci ildə isə Xristofor Berrounun başçılığı ilə altıncı ticarət nümayəndəliyi gəldi. Sonuncu hər iki gəliş uğursuz oldu. Tomas Benister və Ceffri Deket geriyə dönərkən Volqada kazaklar tərəfindən qarət olundular. Xristofor Berrou Şirvanda savaş getdiyinə görə alış – veriş edə bilmədi [1, 419].                                                                                        XVI yüzilin 80- ci illərindən Volqa – Xəzər yolu ilə ingilislərin Azərbaycanda ticarət aparması xeyli çətinləşdi. 1572- ci ildən Rusiya, İngiltərə tacirlərinin malları üzərinə çox ağır gömrük qoyulmuşdu. Digər tərəfdən isə Qafqazda yeni savaşlar başlanmışdı. Bu iki səbəb üzündən bu yolla ingilislərin Şirvana çıxışı mümkün olmurdu [1, 419].                                                                                                                                           XIX əsrin sonu XX  əsrin əvvəllərində Azərbaycanda ipəkçilik əsasən Şamaxı, Şəki, Qarabağ və Naxçıvanda inkişaf etmişdir. İpəkçilik Şirvan əhalisinin əsas gəlirli təsərrüfat  sahələrindən  biri  idi. Bölgənin Şamaxı, Ağsu və bəzi guşələrində ipəkqurdu yetişdirilməsi, ipək  parça  toxunması  və  ipək  ticarəti  geniş intişar tapmış, Şamaxı nəinki Azərbaycanın, hətta Şərqin əsas ipəkçilik mərkəzlərindən birinə çevrilmişdi.     Xanlıq dövründə Şamaxıda Qarasaçlı, Şıxəmir, Bərgüşad, Qaziyan, Bığı, Çaxırlı və digər  kəndlərdə  əhalinin  əsas  məşğuliyyət  növü  ipəkçilik olmuşdur. XVIII əsrin ikinci yarısında Azərbaycanda mövcud olan bir sıra sənətkarlıq, o cümlədən ipəkçilik mərkəzləri ölkənin iqtisadi həyatında mühüm rol oynayırdı. Şamaxıda hazırlanan zəngin çeşidli ipək məmulatları −  darayı, qanovuz, tafta, kəlağayı və s. yalnız Zaqafqaziyada deyil, İran, Türkiyə, Rusiya və digər ölkələrdə də məşhur idi [9, 77].               Qeyd  etmək   lazımdır    ki,  ipəkçilik  Şirvan bölgəsi əhalisinin qədim və ənənəvi təsərrüfat sahələrindən biri olmuşdur.                                                                                                   Şirvan bölgəsində əlverişli təbii − coğrafi və iqlim şəraiti də barama qurdunun yetişdirilməsinə rəvac verən əsas amillərdən olmuşdur. Barama qurdunun bəslənməsi üçün bölgədə tut bağları və ya çəkilliklər geniş yayılmışdı,  belə ki, qurdların yemlənməsi üçün bol tut yarpaqlarının olması əsas və həlledici amillərdən biri idi.  Adı çəkilən  bölgədə  tut  bağları  təlabata uyğun olaraq, nəzərə çarpacaq dərəcədə böyük     sahələri  əhatə  etmişdi. Verilən məlumata görə Şamaxı xanlığında 70- ə qədər tut bağı  olan bəylər var idi.                                                                                                                   Şamaxıda  barama  qurdu  bir  qayda  olaraq  yaz aylarında becərilirdi. İstehsal edilən baramadan adətən, toxuculuqda istifadə olunurdu. Şirvan bölgəsində baramadan ipək sapı  hazırlamaq  üçün  demək olar ki, kustar üsuldan istifadə olunurdu. Bölgənin bütün guşələrində ipəksarıma, ipəkəyirmə işi çox zaman sarıma dəzgahı,  əl  cəhrəsi  və  əl iyivasitəsilə  görülürdü.  Tədqiqatlarda  Şamaxıda 100 toxucu dəzgahının olması haqqında istinad verilir.                                                                                                                    Verilən məlumata görə Şamaxı şəhərinin sənətkarlıq həyatında ipək parça istehsalı üstünlük təşkil edirdi. O zaman Şamaxıda 1500 əl ilə toxuma dəzgahı var idi. Bu dəzgahlarda zəngin çeşidli ipək məmulatı toxunurdu. Bu mallar İran, Türkiyə, Rusiya və başqa ölkələrə ixrac olunurdu [1, 559].                                                                                   Orta əsrlərdə Azərbaycanda olmuş avropalı səyyahlar Azərbaycanın Avropanın müxtəlif regionları ilə həyata keçirilən çoxtərəfli əlaqələri haqqında qiymətli məlumatlar verirlər. Azərbaycanın bir sıra şəhərlərini gəzmiş I Lerx Avropa və Asiya arasında aparılan ticarətin təqribən aşağıdakı yollarla getdiyini göstərmişdi: Həştərxan − Qızlar − Tərki − Dərbənd − Bakı − Şamaxı – Cavad − Rəşd və s. [6, 59].   Hind okeanı hövzəsindəki ölkələrlə ticarət əlaqələrinin məhdudluğundan Volqa − Xəzər yolunun, yəni Rusiya ilə ticarətin əhəmiyyəti artmağa başladı. Bu yol Azərbaycan − Rusiya əlaqələrinin inkişafını sürətləndirdi. XVIII əsrin 40- cı illərində xam ipək mənbələrini ələ keçirmək, hazır mallar üçün əlverişli bazar tapmaq, Şərq ilə Qərb ölkələri arasında ən rahat yol sayılan Volqa − Xəzər ticarət yolunda hakim mövqe tutmaq uğrunda İngiltərə və Rusiya arasındakı rəqabət gücləndi. Çünki bəhs olunan dövrdə bütün Cənubi Qafqaz və İranda 3 əsas xam ipək mənbəyi mövcud idi. Bunlardan biri paytaxt Rəşt olmaqla Gilanda,ikincisi paytaxt Şamaxı olmaqla Şirvanda,digəri isə paytaxt Gəncə olmaqla Ərəş mahalında yerləşirdi [6, 60].                                                                                                       Orta əsr tarixçiləri də öz əsərlərində Azərbaycanda, xüsusilə ..., Şirvan əyalətlərində əhalinin ipəkçiliklə məşğul olduğunu yazmışlar. Ipək baramasının bolluğu Şamaxını  mühüm ipəkçilik   mərkəzinə çevirmişdi. O zaman ipək Azərbaycanı “Böyük İpək yolu”na bağlayan bir vasitə, ölkə ixracının başlıca göstəricisi idi. Azərbaycan şəhərləri ..., Şamaxı  xilafətin  şimal  və  şərq ölkələrini birləşdirən beynəlxalq ticarət   yollarında yerləşirdi [6, 43].                                                                                                        Qeyd olunmalıdır ki, Şirvan bölgəsi İpək və karvan yollarının fəaliyyətində böyük rol  oynamışdı.  Əyalətin  şəhərlərindən  keçən çoxlu karvanlar onun  iqtisadiyyatının güclənməsində əvəzsiz xidmət göstərmişdi.                                                  Şirvan  xanlığının  ipək  ticarətində  sözsüz ki, tacirlər fəal iştirak edirdi. İpək ticarəti   xanlığa böyük gəlir  gətirirdi. Bu ticarətdən Şirvan xanlığı və onun əhalisi xeyli qazanc götürürdülər. Adı keçən bölgənin Ağsu, Şamaxı, Göyçay və digər yerlərində ipəkqurdu yetişdirilməsi, ipək emalı  və  istehsalı  təsərrüfatda üstünlük təşkil edən sahələrdən biri idi. Ümumiyyətlə, o zamankı Azərbaycan şəhərləri İpək yolları üstündə olan böyük və  zəngin  ticarət mərkəzləri  idi. Əlverişli mövqedə yerləşən Azərbaycanın  Şamaxı, Təbriz,  Beyləqan,  Bərdə  kimi  böyük ticarət mərkəzləri  “Böyük İpək yolu”  vasitəsiləŞərq  və  Qərblə  aparılan  böyük  ticarətdə  Azərbaycana böyük gəlir gətirirdilər. Bu zəngin ticarət  şəhərləri  getdikcə  güclənir və beynəlxalq əlaqələrini genişləndirməyə çalışırdılar.                                                                                                                         46 Beynəlxalq ticarət yollarının üstündə yerləşən Şirvan şəhərləri bu ticarətdə fəal iştirak edirdilər. Cənubi Rusiya, Kiçik və Orta Asiya, Çin, Hindistan, Misir, İran, İraq, Suriya və digər ölkələrdən gələn tacirlər burada öz mallarını – qiymətli xəz, qılınc, Çin ipəyi,  hind  tirməsi,  mirvari, cəvahirat, şüşə məmulatı, müxtəlif ədviyyat vəs. sataraq, karvanlara neft, duz, kənd təsərrüfatı məhsulları, pambıq, xam ipək və Şirvansənətkarlarının  əsərlərini  alıb  aparırdılar.  Şərq və  Qərb  ölkələri  arasında beynəlxalq karvan  ticarəti  yolları Şirvandan keçirdi. İran və Hindistan malları həm dəniz, həm  dəquru yolu vasitəsilə Şirvana gətirilir, buradan isə yunan dünyasına göndərilirdi.Şirvanın həm də qonşu ölkələrlə, Azərbaycan, Gürcüstan, Ermənistan və Dağıstanla  iqtisadi   vəmədəni  əlaqələri var idi [3, 231-232].                                                           
S.Aşurbəyli qeyd etmişdir ki, XIII əsrin sonlarından etibarən Şirvan və Xəzər dənizinin sahilləri ipək almaq üçün bazar axtara – axtara bu yerlərə gələn avropalıların diqqətini cəlb etməyə başlamışdır. Gilan və Şamaxı ipəyi beynəlxalq ticarət malına çevrilir. Bununla əlaqədar olaraq, Bakının Xəzər dənizində Şamaxı  ilə  tranzit ticarəti sayəsindəböyüyən rahat liman kimi əhəmiyyəti qeyd edilmişdir [3, 239].                                                  Məlumdur  ki,  Şamaxı şəhəri iqtisadi cəhətdən digər Şirvan şəhərlərinə nisbətən daha çox inkişaf etmiş, tarix boyu ticarət, təsərrüfat və  sənətkarlıq  aparıcı məşğuliyyət sahələrindən sayılmışdı. Əcnəbi tacirlər ticarət üçün daima bu şəhərə axışır,ticarət üçünəsas mərkəz olaraq buranı seçirdilər.      Şamaxı  xanlığının  İran,  Rusiya, Dərbənd  və  Həştərxanla da geniş ticarət əlaqələri     olmuşdur. Şamaxıdan həmin yerlərə əsasən ipək məhsulu ixrac edilirdi. Şirvan Bakı xanlığı ilə də sıx ticarət imkanlarına malik idi, göndərilən mallar içərisində müxtəlif ipək parçalar əsas yer tuturdu.                                                                                                          Şərq ölkələri ilə Qərb arasında Şirvandan ötüb gedən böyük qədim beynəlxalq tranzit ticarət  yolları  Abşeron  yarımadasının  yaxınlığından  keçirdi.  XI-XIV  əsrlərdə   və sonralar Şirvanı Hindistan və Çinlə bağlayan dünya ticarəti cənub quru yolu ilə – Orta Asiya, İran və Azərbaycanın cənub vilayətləri vasitəsilə və şimal yolu ilə –Xəzər sahili boyunca Dərbənd keçidinin yanından ötüb xəzərlər ölkəsinə və i.a. həyata keçirilirdi [3, 240].                                                                                                                                  Şirvanda şərbaflıq (ipək məmulatı toxuculuğu) sənəti də qədim tarixə malikdir. Tədqiq olunan dövrdə əksər ailələr öz evlərində şəxsi ehtiyaclarını ödəmək üçün ipək və ya yun parça  istehsal edirdilər. Bununla yanaşı ayrı − ayrı şəxslərin xüsusi ipək karxanası da var idi. Belə ki, 1841- ci  ilə  aid  sənədlərin birində Şirvan qəzasında 74 ipək karxanasının olduğu xəbər verilir.                                                                            K.A. Satuninin  yazdığına görə, 1895-1896- cı illərdə Basqalda 11 ipək karxanası qalmaqda idi [6, 58].                                                                                                           Uzaq keçmişdən bəri çeşidli sənət işləri, elm və mədəniyyət mərkəzləri olan şəhərlər böyüyür, onların əhalisi artırdı. Şəhərlərin içərisində keçmişdə xanlıq və əyalət, 40-50-ci illərdə Kaspi vilayəti və quberniya, sonralar isə qəza mərkəzi olmuş Şamaxının yüksəlişi diqqəti özünə çəkir. 1824- cü ildən bir çox yeni tikintilər hesabına genişlənən bu şəhər “əski Şamaxı”nın varisi sayılırdı. 1840- cı ildə əhalisinin sayı 20 minə yaxın olan Şamaxı qaynar sənət və ticarət yaşamı keçirmədə idi [1, 712]. Sənətkarlığın inkişafı baxımından Şamaxı və Şəki şəhərləri seçilirdi. Dərzi, papaqtikmə, dabbaqlıq, toxuculuq, boyaqçılıq işləri burada geniş yayılmışdı. İpəkçilik şəhər sənətkarlığının başlıca sahəsi idi. Baramadan sap açılması, burulub toxuculuq işləri üçün yararlı hala salınması ilə yüzlərlə kustar və sənət emalatxanaları məşğul olurdu. Şamaxıda ... ipəktoxuma işi əhalinin başlıca məşğuliyyətindən biri idi. 40- cı illərdə bütünlüklə qəzalar üzrə 700- ə kimi toxucu qurğusu var idi, burada 3 mindən çox toxucu çalışırdı. Şamaxı  və  Şəkidəki  ipəktoxuma  emalatxanalarının  bir hissəsi xırda əmtəə istehsalı   səviyyəsində idi [1, 713].                                                                                                 Öz baramasından hazırladığı xam ipəyi satan hər kəs bir batman üçün 1 manat 40 qəpik, onun alıcısı isə 1 manat mizan rüsumu ödəyirdi. Tacir və ya hər hansı satıcı və alıcı satdığı və ya aldığı ipək haqqında müvafiq idarəyə məlumat verməmişdisə, hər batman  üçün 70  qəpik cərimə ödəyirdi. 1842 ci il üzrə Nuxa şəhərindən 18 min manat, Şamaxıdan isə 3,5 min manat mizan rüsumu toplanmışdı [1, 713].                                                                                                                                                                                                                                                              XIX əsrin 70-ci illərindən başlayaraq, Zaqafqaziyaya yüksək keyfiyyətli Yaponiya, Buxara,  Xorasan  və  İtaliya  toxumu  gətirilməsinə başlandı. 1887- ci ildə Tiflisdə “Qafqaz  ipəkçilik  stansiyası” nın  açılması isə kümdarlıqda böyük canlanma yaratdı    [10, 20]. Stansiyanın yaxından köməyi nəticəsində ..., Göyçay, Kürdəmir və digər yerlərdə  təşkil  edilmiş  xüsusi  ipəkçilik məktəblərində, habelə başqa məktəblərdə       şagirdlərə qurd becərmə üsulları öyrədilirdi [10, 25].                                                        Verilən  məlumata  görə   Qafqazda  ipəkçiliyə  dair  sərgilər  mövcud  idi, hətta burada “İpək qurdunun yedizdirilməsi”  bölməsi  də  təşkil edilmişdi. Bölmədə, sərgidə Bakı   quberniyasına aid (Şamaxı, Göyçay) kolleksiyalar da öz əksini tapmışdı [7, 44].    Azərbaycanda barama istehsalı ilə ipək emalı sənayesi bir – birilə sıx surətdə bağlı idi. Hər sahə arasında mövcud iqtisadi əlaqə və eyni zamanda qarşılıqlı asılılığın nəticəsi idi ki, həmin sahələrin hər hansı birində baş verən bu və ya digər dəyişiklik dərhal o birində də özünü göstərirdi [2, 225]. Azərbaycan etnoqrafiyası kitabının birinci cildində qeyd olunan bu məsələləri sözü gedən bölgənin barama istehsalı ilə ipək emalı sənayesinə aid etmək olar. Belə ki, bölgədə barama istehsalı ilə ipək emalı sahələri bir biri ilə sıxı surətdə bağlı idi.                                                                           Qeyd etmək yerinə düşərdi ki, XIX əsrdə də Şirvan ipəkçiliyin istehsalı və inkişafına görə  qabaqcıl  yerlərdən  birini  tuturdu. İpəkçiliyin bölgə iqtisadiyyatında mühüm roluburada bir neçə ipəkçilik məktəblərinin açılmasına, bəzi sərgilərin təşkil olunmasına rəvac vermişdi. 1898- ci ildə Göyçayda ipəkçilik sərgisi təşkil olunmuşdu, belə ki, sərgidə nümayiş olunan 82 eksponatdan 17- i mükafata layiq görülmüşdü.                                                                                             Azərbaycanda biologiya, kənd təsərrüfatı və təbabət sahələri üzrə elmi biliklərin yayılması və inkişafında Moskva universitetini fərqlənmə diplomu ilə bitirmiş və alimlik dərəcəsi almış Şirvanlı Həsən bəy Məlikov Zərdabi  ipəkqurdu toxumunu oyadan alətin modelini düzəltmişdir, bu model 1889- cu ildə Tiflisdə təşkil edilən Qafqaz  sərgisinə  göndərilmişdi. Qafqaz  sərgisində  H.Zərdabinin  ipəksarıyan  alətin  modeli və ipək sapı kolleksiyası da böyük marağa səbəb olmuşdur.              Beləliklə, bölgənin əlverişli təbii − coğrafi və iqlim şəraitinin üstünlüyü, iqtisadi inkişaf və  beynəlxalq  ticarət  yolları  üzərində yerləşməsi onun Boyük İpək Yolunda rolunu   əhəmiyyətli dərəcədə artırmışdı.                                                                                        Arxeoloqlar  ipək  parçaların  erkən  dövrə  aid  qalıqlarını  Azərbaycan   ərazisindən I  əsrə  aid  Şamaxıda tapılan küp qəbirdə tapmışlar.                                                          Məlumatlardan aydın olur ki, Böyük İpək Yolu elmi termini elmi dövriyyəyə 1877- ci ildə buraxılmışdı. Çində qızıl istehsalı çox zəif idi. Onun da alınmasına ipək sərf olunurdu.  Bir  sözlə  ipək etibarlı Çin valyutası olsa da türkün əlindən keçirdi.  İpəkdən sonra  Çində  meydana  çıxmış kağız da onu valyuta kimi əvəz edə bilmədi. Beləliklə,  belə  deməyə  əsas yaranır ki, ipəyi  Çin istehsal etsə də monopolist imkanları türkün əlində idi [11, 12].                                                                                                                         “Böyük İpək Yolu”nun – TRASEKA proqramı layihəsinin həyata keçirilməsi istiqamətində 2002-ci ildə irimiqyaslı tədbirlər görülmüşdür. Belə ki, 2002-ci il sentyabrın 18- də Səngəçal terminalında Bakı – Tibilisi – Ceyhan əsas ixrac neft kəmərinin təntənəli şəraitdə təməli qoyulmuşdur. Qazaxıstan neftinin Aktau – Bakı – Tibilisi – Ceyhan marşurutu ilə nəql edilməsi barədə Londonda Azərbaycan və Qazaxıstan arasında aparılmış danışıqların nəticəsi çox uğurlu olmuşdur [6, 75-76].                                                                                                                                                                                                                                                                                                          Tarixi İpək Yolunun Azərbaycandan keçən avtomagistral seqmentinin bir hissəsini də Kürdəmir − Ucar avtomobil yolu təşkil edir. Yolun uzunluğu 46, 2 km, layihənin icra müddəti isə 2006-2008- ci illər nəzərdə tutulmuşdur. Layihəyə görə yol II dərəcəli, 2 zolaqlı olmalıdır [12, 269].                                                                                                           İpək yolu və Azərbaycanın strateji maraqları məsələsinə gəlincə H.Həmidov aşağıdakı məsələləri qeyd etmişdir:                                                                       1. İran körfəzi, Aralıq dənizi, Qara dəniz hövzəsi ölkələrinin iqtisadi əlaqələrində mühüm rol oynayan dəniz nəqliyyatının respublika ərazisində kəsişmişdir.                    2. Avropa – Asiya ölkələri arasında səmərəli iqtisadi əlaqələrin inkişafına şərait yaradan Avropa – Qafqaz –Asiya (Transqafqaz) nəqliyyat dəhlizinin birbaşa respublika ərazisində məskunlaşması.                                                                                                     3. Dəniz nəqliyyatı vasitəsilə İran – Rusiya və Orta Asiya respublikaları iqtisadi əlaqələrin Azərbaycanda kəsişməsi [7, 85].                                                                              Ümumiyyətlə, qeyd olunan məsələlərdən aydın olur ki, Tarixi İpək Yolunun bərpası üzrə  bölgələrdə  bir  çox  işlər  aparılmış, layihələr  həyata  keçirilmişdir.  Böyük  İpək Yolunun bərpası ilə nəqliyyatın bütün sahələrinin inkişafı üçün  geniş və perspektivli imkanlar açıldı. Nəqliyyatın bu sahələri (avtomobil, dəniz yolu magistralları, dəmiryolu) regionun siyasi və iqtisadi taleyində önəmli rol oynamağa başladı. Böyük  İpək Yolu layihəsində Kürdəmir − Ucar avtomobil yolunun çəkilməsi, ən əsası bu yolun Şirvan bölgəsinin ərazisindən keçməsi bölgənin iqtisadi və strateji əhəmiyyətini  daha  da  artırmışdır.  Tarixə nəzər saldıqda da bölgənin mühüm ipəkçilikmərkəzi olduğunu görmək olar.
 
ƏDƏBİYYAT
1. Azərbaycan tarixi. Uzaq keçmişdən 1870- ci illərə qədər. Bakı, Azərbaycan, 1996. 870 səh.
2. Azərbaycan etnoqrafiyası. 3 cilddə, I cild. Bakı, Şərq - Qərb. 2007. 543 səh.
3. Aşurbəyli S. Şirvanşahlar dövləti. VI-XVI əsrlər. Bakı, Avrasiya press, 2006.453səh.
4. Авдеев Мих. Шелководство в Азербайджане. (1925-26 ∕ 1929-1930). Баку, 1926. 24 səh.
5. Əfəndiyev O. Azərbaycan Səfəvilər dövləti. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1993. 300 səh.
6. Əmrahov M. Böyük İpək Yolu. Bakı, Mütərcim, 2011. 93 səh.
7. Həmidov H. İpək yolu və Azərbaycanın strateji maraqları. Tarix və müasirlik. Bakı, Gənclik, 2007. 143 səh.
8. Труды Кавказской шелководствэнной станции. Материалы  по  шелководству и шелковой  промышленности  на  Всероссийской  Художественно промышленной выставке 1896 года. Т.12, вып 1. Тифлис, 1904. 46 səh.
9. Vahidova C.N. XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycanda ipəkqurdu toxumunun  bəslənməsi  və  məhsulun  toplanma  qaydalarına  dair. Azərbaycan SSR    Elmlər Akademiyasının Xəbərləri. Tarix, fəlsəfə və hüquq seriyası. Bakı, Elm, 1971,  № 1. s. 76 - 84.
10.Vəliyev T.T. İmperializm dövründə Azərbaycanda ipəkçiliyin vəziyyəti.AzərbaycanSSR Elmlər Akademiyasının Xəbərləri. Tarix, fəlsəfə və hüquq seriyası. Bakı, Elm,  1971. № 1. s. 20-31.
11. İdris. Böyük İpək Yolunun Xəzər distansiyası. Bakı, Elm və təhsil, 2002. 52 səh.
12. İsakov H. İpək yolunun bərpası və Azərbaycan yol nəqliyyat kompleksinin  inkişaf  perspektivləri.  Azərbaycan  Milli  Elmlər Akademiyasının Xəbərləri. Tarix, fəlsəfə və  hüquq seriyası. Bakı, Elm, 2010. № 1-2. s. 266-273.
 
Асадли К.Х.
ШИРВАНСКИЙ  ШЕЛК И РОЛЬ ШИРВАНСКОЙ  ПРОВИНЦИИ НА ВЕЛИКОМ ШЕЛКОВОМ ПУТИ (ИСТОРИКО – ЭТНОГРАФИЧЕСКОЕ ИССЛЕДОВАНИЕ)
РЕЗЮМЕ
Историки средневековье в своих произведениях также пишут, что в Азербайджане особенно в Ширванской  провинции население занималось шелководством. В период средневековья Ширванские города считались высокоразвитыми ремесленными и торговыми центрами. Важным центром производства шелка стала Шемаха из за обилия шелкового кокон.                              По арабским источникам Ширван – главный город страны Шемаха была  международным торговым центром того времени. В то время  шелк, соединяющий Азербайджан с Великим Шелковым Путём был главным показателем экспорта страны.     Азербайджанские  города ... Шемаха  был  расположен  в  пути международной торговли, которая соединила северной и восточной частях халифата. Остатки шёлковых тканей относящихся к раннему периоду были выявлены археологами в кувшинном погребение первого века в городе Шемаха Азербайджана.
Asadli K.Kh.
THE ROLE OF SIRVAN IN SHIRVAN SILK AND GREAT SILK WAY
(HISTORICO-ETHNOGRAPHICAL INVESTIGATION)
SUMMARY
The historians of  the  middle  century  had written  too that the population of      Azerbaijan and especially Shirvan  province  had been busy with  silkworm breeding.  In the Middle Ages were considered highly Shirvan city industrial and commercial centers. The abundance of silk cocoon turned out  Shamakhi  to the  important silk breeding center.                                                                                                             Shamakhi which is named by the arab sources “The main city of Shirvan“ had been one  of   the  international   market   center. Then the silk had been as a  mean  and  the   main  index   of   country  import   which  is connected Azerbaycan with the “Great Sil Way”.                                                                             The Azerbaijan cities ... Shamakhi is situated in way of international trade which connected Northen and Eastern parts of caliphate. The remnants belonging to the earlier period of the first century which are found in Azerbaijan area in Shamakhi and in the grave in a big earthenware pot by archeologists.
 
Könül Əsədli
Tarix üzrə fəlsəfə doktoru