Kürdəmir rayon İcra Hakimiyyəti və AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional Şöbəsi rayonun Atakişili kənd orta məktəbində klassik Şərq poeziyasının böyük nümayəndəsi, XIX əsr maarifçilik ideyalarının ən böyük təbliğatçısı Seyid Əzim Şirvaninin 180 illik yubileyi münasibətilə ədəbi-bədii məclis keçirmişdir.
Tədbir XIX əsrin böyük missenatı Şirvanlı Mahmud ağanın təşkil etdiyi, dünyanın bir çox məşhur şəxslərinin qonaq olduğu və Seyid Əzimin rəhbərlik etdiyi “Beytüş-Şəfa” ədəbi məclisi quruluşunda təşkil olunmuşdu.
Məclisin aparıcısı Muzeyin Aran Şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı yığıncağı açaraq Seyid Əzim Şirvaninin həyat və yaradıcılığı haqqında tamaşaçılara məlumat vermişdir.
Məclisdə Respublikanın tanınmış ziyalıları, elm və incəsənət xadimləri filologiya elmləri doktoru, professor, AMEA folklor institunun şöbə müdiri Hacı Seyfəddin Qəniyev, Respublikanın Əməkdar İncəsənət xadimi, xanəndə Hacı Aqil Məlikov, Respublikanın xalq artisti Gülyaz Məmmədova, Respublikanın Əməkdar Mədəniyyət işçisi Şirvan Aşıqlar Birliyinin sədri aşıq Ağamurad İsrafilov, Respublikanın Əməkdar artisti, qocaman diktor-qiraətçi Eldost Bayram, Milli Konservatoriyanın müəllimi, tarizən Mehman Mikayılov, kaman ifaçısı Cahandar Mikayılov iştirak etmişlər. Professor Seyfəddin Qəniyevin yeni çapdan çıxmış “Seyid Əzim Şirvani ocağı” və “Şirvanın 565 şairi” kitabları məclis iştirakçılarına təqdim olunmuşdur.
Sonda Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının müavini Vəsilə Əskərli çıxış edərək qonaqlara və tamaşaçılara minnətdarlığını bildirmişdir.
Məclisin xoş ovqatı tamaşaçılara da siraət etmiş, zaldan da Seyid Əzim qəzəllərindən parçalar söylənmişdir.