Bu gün gənc nəslin azərbaycançılıq ideologiyası, milli mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyəsi önəmli məsələlərdən biridir. Məhz öz millətini sevən, tarixini, mədəniyyətini yaxşı bilən gənclik ölkəmizin gələcək inkişafının təminatçısıdır. Unutmaq olmaz ki, müasir gəncliyi yüksək elmi-texniki tərəqqi şəraitində müxtəlif ideologiyaların təsirindən qorumaq ciddi səylər tələb edir. Bu sahədə hər kəs, o cümlədən veteranlar da mühüm qüvvədir.
Bu sözlər Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının rayonda keçirilən regional seminar-müşavirəsində səsləndirilib.
Tədbir gənclərin, habelə ətraf rayonların veteran təşkilatlarının sədrlərinin, müvafiq dövlət və ictimai təşkilatların nümayəndələrinin iştirakı ilə Heydər Əliyev Mərkəzində reallaşıb.
Seminar-müşavirədə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Sevil Mirzəliyeva, Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov, Ağsu veteranlar təşkilatının sədri Camaləddin Zeynalov və başqaları milli mənəvi dəyərlərimizin, ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideologiyasının təbliği sahəsində veteranlar təşkilatlarının, eləcə də veteranların gördükləri işlərdən, habelə qarşıda duran vəzifələrdən danışıblar.
Seminar-müşavirə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə “Gənclər arasında milli ideologiyanın təbliği” layihəsi çərçivəsində reallaşıb.