Oktyabrın 29-da Ağsu şəhər Uşaq-Gənclər Bədii Yaradıcılıq Mərkəzində mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin iştirakı ilə bir qrup mədəniyyət işçisinin təltif olunması mərasimi keçirilib.
Mərasimdə çıxış edən nazir Əbülfəs Qarayev dövlət başçısı İlham Əliyevin mədəniyyət işçilərinə daim diqqət və qayğı göstərdiyini bildirib. Qeyd edilib ki, ölkə Prezidentinin sərəncamları ilə mədəniyyət işçiləri fəxri adlar, orden və medallarla təltif olunur. Mədəniyyət sahəsində çalışan insanlar ölkənin simasıdır və onların əməyi, fəaliyyəti hər zaman yüksək qiymətləndirilir.
Nazir Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Azərbaycan mədəniyyətinin dünya miqyasında tanıdılması istiqamətində böyük işlər görüldüyünü diqqətə çatdırıb. Vurğulanıb ki, məhz bu işlərin nəticəsində xalqımızın əsrlər boyu yaşadıb, bu günümüzə gətirdiyi Azərbaycan muğamı, aşıq sənəti, digər xalq sənəti nümunələrimiz UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib.
Əbülfəs Qarayev mədəniyyətimizin inkişaf etdirilməsinin və beynəlxalq səviyyədə təbliğinin bundan sonra da prioritet istiqamət olacağını, mədəniyyət işçilərinin də bu sahədə daha səylə çalışacaqlarına əminliyini bildirib.
Sonra təltiflərin təqdimatı keçirilib. Ölkə Prezidentinin müvafiq sərəncamları ilə təltif olunmuş Qəbələ Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Nargilə Qafarovaya "Dövlət qulluğunda fərqlənməyə görə" medalı, balaban ifaçısı Rəhman Ələsgərova "Əməkdar mədəniyyət işçisi" fəxri adı, Ağsu rayon Mədəniyyət evinin metodisti Məhəmməd Qasımova isə Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri mədəniyyət işçisi" döş nişanı təqdim olunub.