Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.
Yeni Azərbaycan Partiyası ölkəmizin bugünkü sürətli inkişafında, respublikanın beynəlxalq nüfuzunun artmasında, bütün sahələrdə əldə olunan tərəqqidə xüsusi rola malikdir. Partiya ölkənin tərəqqisinə, dövlətçiliyin möhkəm təməllər üzərində qurulmasına çox mühüm töhfələr verir. Bu gün partiyanın sıralarının genişlənməsi və fəaliyyətinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması cəmiyyətdə bu siyasi quruma olan hörmət və inamdan qaynaqlanır. Ümumi məqsədlər və amallar naminə fəaliyyətdə partiyanın rayon təşkilatlarının da rolu danılmazdır. Respublikanın bütün bölgələrində Yeni Azərbaycan Partiyasının rayon təşkilatları üçün inşa olunan inzibati binalar müasirliyi ilə seçilməklə yanaşı, həm də yerləşdiyi şəhərin, rayonun gözəlliyinə əlavə çalarlar qatır. Bu binalarda səmərəli işləmək üçün maksimum şərait yaradılır. Partiyanın Göyçay rayon təşkilatının yeni inzibati binası da bu baxımdan mühüm əhəmiyyətə malikdir.
Azərbaycan Prezidenti ikimərtəbəli binada yaradılan şəraitlə tanış oldu
Foyedə ümummilli lider Heydər Əliyevin büstü qoyulub. Yeni Azərbaycan Partiyasının yaradıcısı ulu öndər Heydər Əliyevin və partiyanın sədri, dövlətimizin başçısı İlham Əliyevin bu siyasi qurumun fəaliyyəti ilə bağlı müxtəlif tədbirlərdə çəkilmiş fotolarından ibarət stend quraşdırılıb. Dövlətimizin başçısının rayona səfərləri zamanı çəkilən fotolar da burada nümayiş etdirilir.
Binada akt zalı, elektron kitabxana, Yeni Azərbaycan Partiyası rayon təşkilatının Qadınlar Şurası və Gənclər Birliyi üçün otaqlar var. Binadakı 120 yerlik konfrans zalında istər təşkilatın fəaliyyəti, istərsə də rayonun həyatında baş verən mühüm ictimai-siyasi hadisələrlə bağlı tədbirlər keçirmək mümkündür.
Bildirildi ki, Yeni Azərbaycan Partiyasının Göyçay rayon təşkilatının 7663 üzvü var. Onların 4378-i qadın, 3006-sı isə gəncdir. Onlar rayonun ictimai-siyasi, sosial-iqtisadi həyatına mühüm töhfələr verir, aparılan abadlıq-quruculuq və yenidənqurma işlərində fəal iştirak edirlər.