Bakı, 7 oktyabr, SalamNews, Ş.Nəzərli. MİRAS ictimai Birliyinin sədri, Milli Məclisin deputatlığına namizəd Fariz Xəlilli Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin işi və uyğun digər istiqamətlər üzrə fəaliyyəti ilə bağlı sualları cavablandırıb. Həmin müsahibəni təqdim edirik.
- MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi artıq beş ildir ki, ictimai sektorda özünəməxsus yer tutur. “MİRAS təcrübəsi” deyə biləcəyiniz məqamlar varmı?
-MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi 2010-cu ilin yanvar ayında yaranıb, 2010-cu ilin mart ayında dövlət qeydiyyatından keçib. Bu il birliyimiz beş ilini arxada qoyub. Beş illik fəaliyyətimizə nəzər salanda, doğrudan da, mədəni irsin öyrənilməsi, mühafizəsi və təbliği istiqamətində xeyli iş gördüyümüzə əminlik yaranır. Ağsu, Nərgizava, Şıxməzid, Bəyimli abidələrində aparılan arxeoloji tədqiqatlar, konservasiya və bərpa işləri, Orta əsr Ağsu şəhəri Arxeoloji Turizm Kompleksinin yaradılması, Növcü daş qoç qəbirləri xatirə abidəsinin qurulması, Arxeoloji turizmin inkişaf etdirilməsi və təbliği, Mədəni irsə ictimai münasibətin monitorinqi, Təmiz kənd – etnoqrafik və ekoloji identikliyin qorunması və davamlı inkişafı, İnklüziv turizm və əlillərin reabilitasiyası, yerli və beynəlxalq sərgilər, konfranslar, simpoziumlar, seminarlar, beynəlxalq mədəni irs qurumları ilə əməkdaşlıq, gənclər üçün mədəni irs düşərgələri və s. elə MİRAS təcrübəsindən xəbər verir.
Düşünürük ki, biz bu beş ildə könüllülük əsasında formalaşan güclü və təcrübəli ailə yarada bilmişik və bu ailə gələcək beş ildə də mədəni irsimizin öyrənilməsi, mühafizəsi və təbliği istiqamətində maraqlı və zəruri layihələri ilə yadda qalacaq.
- Azərbaycanda arxeoloji turizm deyiləndə yada ilk növbədə Orta əsr Ağsu şəhəri Arxeoloji turizm kompleksi və MİRAS-ın təbliğat fəaliyyətləri düşür. Arxeoloji turizmin ölkəmizdə durumu necədir?
-Azərbaycanda arxeoloji turizm ifadəsinin ilk dəfə işlədilməsi və geniş auditoriyaya təqdim edilməsi MİRAS-ın adı ilə bağlıdır. 2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyimiz “Azərbaycanda arxeoloji turizmin inkişaf etdirilməsi və təbliği” layihəsi bu istiqamətdə ciddi addım oldu. Orta əsr Ağsu şəhərində arxeoloji strukturların üzərinin örtülməsi və yerindəcə konservasiya işi bir nümunə kimi bu gün dünyanın bir çox beynəlxalq qurumlarında xatırlanır və bizim mütəxəssislərdən real məsləhətlər alınır. Arxeoloji turizm qazıntı sahələrinin turistlər tərəfindən təkcə ziyarət edilməsi deyil, həm də qazıntı prosesində arxeoloqların nəzarəti altında iştirakdır. Hər insan tarixdən hansısa qalıqları üzə çıxarmaq həvəsində olur, amma bunu onun özbaşına etməsi qanunlar tərəfindən qadağandır. Arxeoloji turizm maraqlı insan və qrupların həmin həvəsini reallaşdırır və insan cəmiyyəti ilə tarixi qalıqları təmas halına gətirir. Bu mənada dünyada başlanan maraqlı layihələr sırasında bizim də öz payımız var.
2014-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin dörd ölkəni (Türkiyə, Azərbaycan, Qazaxıstan və Özbəkistan) əhatə edən “Ümumi Mədəni İrs Şəhərləri” beynəlxalq arxeoloji turizm layihəsi xüsusilə vurğulanmalıdır. Arxeoloji turizm üzrə ekspert qismində iştirak etdiyim həmin layihə İslam Əməkdaşlığı Təşkilatının 2014-cü ildəki ən yaxşı layihələrindən biri kimi sertifikata layiq görülüb.
- Yeni layihəniz arxeoloji abidələrdə inklüziv turizmin perspektivləri və əlillərin reabilitasiyasına dəstək layihəsidir. Sizcə, əlillərin mədəni irs abidələrinə inteqrasiyasının problemləri və perspektivləri hansılardır?
-Gördüyünüz kimi, MİRAS bir çox yeniliklərlə yadda qalıb. Onlardan biri də builki “Arxeoloji abidələrdə inklüziv turizmin perspektivləri və əlillərin reabilitasiyasına dəstək” layihəsidir. Bu layihəni də Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası maliyyələşdirir. Layihə artıq başa çatmaq üzrədir və qarşıya qoyulan məqsəd və vəzifələr tamamilə yerinə yetirilib.
Şamaxı, İsmayıllı və Ağsu rayonlarında mədəniyyət, turizm və sosial obyektlərdə araşdırmalar aparılıb, fotobank yaradılıb, sorğular keçirilib, nəticələr ümumiləşdirilib, ekspertlərin rəy və tövsiyələri əsasında kitab hazırlanıb və nəşr edilib, inklüziv tur-paket tərtib olunub və flayeri çap edilib, Şamaxı, İsmayıllı, Ağsu şəhərlərində, Basqal qəsəbəsində və Diyallı kəndində təlimlər keçilib, Orta əsr Ağsu şəhəri Arxeoloji turizm kompleksinə Şamaxı şəhərindəki 2 nömrəli Psixonevroloji Sosial Xidmət Müəssisəsinin sakinləri, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin üzvləri, eləcə də Ağsu şəhərindəki “Gülsam” Əlillərin Reabilitasiyasına Dəstək İctimai Birliyinin nəzdindəki kursun tələbələrinin ekskursiyası təşkil olunub. Memarlıq üzrə fəlsəfə doktoru Ağasəlim Əzizovun hazırladığı Orta əsr Ağsu şəhəri Arxeoloji Turizm Komplekinin inklüziv turizm üzrə marşurut planı da bu sahədə ilk dəfə hazırlanan problemin memarlıq həllidir. Layihənin nəinki yerli, eləcə də beynəlxalq konfranslarda təqdimatı həyata keçirilir. Sentyabrın 8-9-da İtaliyanın Verona şəhərində keçirilən Türk Mədəniyyəti, İncəsənəti və Mədəni İrsin Mühafizəsi IX Beynəlxalq Simpoziumunda layihənin təqdimatı maraqla qarşılanıb.
- “İslam Arxeologiyası” terminini daha çox Sizdən eşidirik. Azərbaycanda bu sahədə nı kimi işlər görülür, hansı araşdırmalar aparılır?
-Azərbaycan islam mədəniyyəti və irsinin əsas mərkəzlərindəndir. Arxeologiyada bölgülər aparılarkən bəzən aid olduğu mədəniyyət də nəzərə alınır. Dünyada Misir, Hett, Roma, Yunan arxeologiyası terminləri kimi, Bibliya və İslam arxeologiyası terminləri də geniş işlədilir. Hətta İslam Arxeologiyası termini sözdə qalmayıb, müəssisələşib. Jurnallar, konfranslar, universitetlərdə bölmələr şəklində inkişaf etməkdədir. Azərbaycanda isə bu termini də MİRAS olaraq biz səsləndirməyə başlamışıq və zəngin mədəni irsimizin bu elmi yanaşmadan kənarda qalmamasına çalışırıq. Orta əsr Ağsu şəhəri üzü qiblə istiqamətinə tikilmiş, müsəlman ənənələrinin nəzərə alındığı və əsasən müsəlmanların yaşadığı bir şəhər idi. Bu mənada qazıntı zamanı üzə çıxan əksər səciyyəvi xüsusiyyətlər İslam arxeologiyasının araşdırdığı özəllikləri daşıyır. Azərbaycanda son illərdə orta əsr şəhərlərində aparılan arxeoloji tədqiqatlar İslam arxeologiyasının predmetidir. Ağsu, Şəmkir, Qəbələ, Şabran bu mənada xüsusilə fərqlənirlər.
- Milli Məclisə deputatlığa namizədliyiniz qeydə alınıb. Təşviqat işlərinizdə mədəni irs və turizm sahəsi xüsusi yer tutar, deyilmi?
-87 nömrəli Ağsu-İsmayıllı seçki dairəsindən deputatlığa namizədliyim qeydə alınıb. Mən özüm Ağsu rayonunun Gəgəli kəndində doğulub, boya-başa çatmışam. İstər Gəgəli, istərsə də Ağsunun digər kəndlərini araşdırmışam, elmi fəaliyyətimdə Ağsu və İsmayıllı bölgəsi özünəməxsus yer tutub. “Ağsunun tarixi səhifələri” adlı ilk kitabımı müəllimim, AMEA-nın müxbir üzvü Vəli Əliyevlə 2001-ci ildə 21 yaşımda nəşr etdirmişəm. Son 5 illik fəaliyyətim isə məhz bölgənin turizm marşurutuna daxil edilməsi istiqamətində olub. Ağsunun arxeoloji turizm mərkəzi kimi nəinki Azərbaycanda, dünyada tanıdılması istiqamətində görülən işlərimiz fayda verib, minlərlə yerli və xarici turist ötən 4 ildə kompleksi ziyarət edib. Düşünürəm ki, Azərbaycanın zəngin mədəni irsi onun turizm potensialının təqdimatında əsas yer tutur. Əlbəttə, seçki platformamda indiyə qədər gördüyümüz işlər və təcrübəmizdən çıxış edərək bölgəmizin inkişafında arxeoloji, etnoqrafik, kənd və ekoloji turizmin önəmini qabardacağam. Bununla yanaşı, ağsuluların Sevgi, Təmizik və Zəhmət prinsipləri əsasında ictimai həmrəylik nümayiş etdirərək bölgəmizi daha da inkişaf etdirə biləcəyini vurğulayacağam.
-Müsahibəyə görə təşəkkür edirik. Sizə elmi fəaliyyətinizdə və seçkilərdə uğurlar arzulayırıq.
- See more at: http://salamnews.org/az/news/read/191137#sthash.49KMYjhl.dpuf