Göyçay rayonu abadlaşdırılır

Tarix: 28-9-2015 // saat: 12:11
Dadlı narı və yaşıl çinarları ilə məşhur olan Göyçay müasir dövrün tələblərinə uyğun olaraq yüksək zövqlə abadlaşdırılır, genişmiqyaslı təmir-tikinti, quruculuq işləri aparılır.
Bayraq meydanının və bayraq muzeyinin, gənclər mərkəzinin inşasında işlər sürətlə davam etdirilir. Heydər Əliyev parkında və prospektində, Nizami, M.Hüseynzadə, Natavan, Ə.Kərim, R.Rza, M.Ə.Rəsulzadə küçələrində yeni işıqlandırma sistemi qurulub. Burada yaşıllıq sahəsi genişləndirilir, ətrafa yeni ağaclar, gül kolları, çiçəklər əkilir.
Hazırda Göyçay şəhərinin su-kanalizasiya sisteminin yenidən qurulması, YAP rayon təşkilatı, rayon uşaq-musiqi məktəbi, kənd təsərrüfatı idarəsi, gənclər mərkəzi üçün yeni binaların inşası, şahmat məktəbi, regional peşə tədrisi mərkəzi, rayon mərkəzi xəstəxanası binalarının əsaslı təmir olunması istiqamətində işlər başa çatdırılmaq üzrədir.
Bu günlərdə 12 minə yaxın əhalisi olan Qarabaqqal, Hacalıkənd, Bığır və Qaraman kəndlərini birləşdirən avtomobil yolunun yenidən qurulması işləri, “Göyçay-1” Su Elektrik Stansiyasının tikintisi işləri başa çatdırılıb. Ötən 7 ayda Göyçay şəhərində 30-a yaxın küçə yenidən asfaltlanıb, eləcə də Göyçay-Ucar rayonlararası, Cəyirli-Mallı Şıxlı-Ərəbşahverdi və Müskürlü-Qəbələ Müskürlü kəndlərarası avtomobil yollarına yeni asfalt örtüyü döşənib. Bu il rayonun 6 kəndinə təbii qaz verilib. Hazırda isə rayonun Hüngütlü, Aşağı Qaraməryəm, Xəlitli, Dövranlı, Alxasafa, Mallı Şıxlı, Çaxırlı və Qaraman kəndlərinin qazlaşdırılması istiqamətində işlər görülür. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sifarişi ilə rayonun Bığır, Mırtı, Alıkənd, Türkmən və Yeniarx kəndlərində modul tipli su təmizləyici qurğuların tikintisi və quraşdırılması işləri də həyata keçirilir.
Şəhərin küçələrindəki işıqlandırma dirəkləri yeniləri ilə əvəz edilib, yol kənarlarında müasir üslubda yeni hasarlar tikilib, bardürlar, piyada səkiləri yenilənib, ağaclarda budama və rəngləmə işləri görülüb, su arxları lil və çöküntülərdən təmizlənib, ətrafda səliqə-sahman yaradılıb. Həmçinin şəhərin müxtəlif yerlərində kiçik yaşıllıq zolaqları salınıb, fantanlar və işıqlandırma sistemi quraşdırılıb. Yaradılan şəraitdən əsas məqsəd, ilk növbədə, insanların mənalı istirahətini təşkil etmək, onlara mənəvi zövq yaşatmaqdır. Bundan əlavə, ayda bir neçə dəfə axşam saatlarında rayon sakinlərinin istirahətini mənalı təşkil etmək üçün Heydər Əliyev parkında yerli musiqiçilərin iştirakı ilə konsert təşkil edilir. Sabir bağında isə “Kosmos” uşaq-əyləncə mərkəzi istifadəyə verilib. Məktəblilərin və uşaqların istirahəti və əylənməsi üçün yeni açılan mərkəzə böyük maraq var. Valideynlər öz övladlarını, baba və nənələr isə nəvələrini həmin əyləncə parkına gətirməklə onlara böyük sevinc bəxş edirlər.
Həmçinin Göyçay noyabrın 7-də ənənəvi olaraq X Nar bayramını keçirməyə hazırlaşır, bu istiqamətdə də müvafiq tədbirlər görülür.
Hazırda Göyçay şəhərinin gündüzü kimi gecələri də əsrarəngizdir. Beşmərtəbəli yaşayış binalarının fasadındakı və həmişəyaşıl ağacların ətrafındakı rəngarəng işıq effektləri, parklarda və küçələrdə quraşdırılan müasir gecə işıqlandırma sistemi şəhərə xüsusi gözəllik verir.
 

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN