Arı südü

Tarix: 28-9-2015 // saat: 11:06
Arıçılıq deyəndə hamı ilk olaraq bal haqqında düşünür. Amma, arının daha 6 məhsulu (arı südü, arı zəhəri, çiçək tozu, bal, qara mum və sadə mum) var ki, onlardan ən vacibi olan arı südü baldan da çox yüksək keyfiyyətli məhsul hesab edilir. Bir çox xəstəliklərin müalicəsində, immunitetin möhkəmləndirilməsində istifadə olunan arı südünü hər arıçı hazırlaya bilmir.
Uzun illərdir ki, Göyçay rayonunda arıçılıqla məşğul olan fermer bu işin öhdəsindən çətinliklə də olsa gəlir. Rayonun Qaraman kəndində yaşayan və xüsusi üsulla arı südü əldə edən İsmayıl Xələfov bunun üçün gərgin zəhmət tələb olunduğunu bildirib: “Mən 11 ildir ki, arıçılıqla məşğul oluram və əvvəllər dəfələrlə arı südü istehsal etməyə cəhd etsəm də yaxşı nəticə əldə edə bilməmişəm. Bununla bağlı çoxlu kitablar oxudum, internet saytlardan məlumatlar əldə etdim, mütəxəssislərlə danışıqlar apardım. Nəhayət ki, arı südü əldə edəcəyimə əmin oldum və bu gün əziyyətimin bəhrəsini görürəm”.
Arıçı İsmayıl Xələfov AZƏRTAC-a müsahibəsində arı südünün hazırlanması prosesi barədə ətraflı məlumat verib.
O deyib: “Əvvəlcə mumdan arı qovuqcuqları hazırlayıram. Sonra isə arılar prosesə hazırlanır, yəni 1-7 günlük arılar pətəkdən çıxarılır. Çərçivələr arı pətəklərinə qoyulur və ana arı həmin müddətdə oradan götürülür. Arı südü cavan işçi arıların udlaq və üst çənə vəziləri tərəfindən hazırlanır. 72 saat ərzində qovuqcuqlar arı südü ilə dolur. Arı südü oradan taxta qaşıqla götürülərək şüşə qaba yığılır və soyuducuda saxlanılır. Arı südünü 0-3 dərəcə temperaturda bir neçə ay saxlamaq olar”.
Min bir dərdin dərmanı olan arı südünün əldə edilməsi üçün yay aylarını əlverişli sayan arıçı İ.Xələfov bu il təsərrüfatındakı 75 arı ailəsindən 1 kiloqram 200 qram arı südü əldə etdiyini bildirib. O, ötən il isə 900 qram arı südü istehsal edib. Arı südünün istehsalı prosesində hər il 5-7 ədəd arı ailəsinin və hər gün isə 1500-dək arının məhv olduğunu, əvəzində isə bir çox xəstəliklərin dərmanı olan, insanı sağlam saxlayan və ömrünü uzadan qiymətli arı südünün əldə etdiyini bildirən İsmayıl Xələfov keyfiyyətinə görə bir kiloqram arı südünün 500 kiloqram balı əvəz etdiyini bildirib. O, ötən il arı südünün bir qramını 7-10 manata satdığını, bu il isə müştərilərə 3-5 manata təklif etdiyini bildirib.
Mütəxəssisin sözlərinə görə arı südünün tərkibində orqanizmə lazım olan 20-yə yaxın aminturşuları, çoxlu vitaminlər, mikroelementlər və mineral maddələr, 110-a yaxın bioloji aktiv birləşmələr var. “İnsan arı südü qəbul etdikdə onun infeksion xəstəliklərə qarşı müqaviməti artır, maddələr mübadiləsi yaxşılaşır. Arı südü əsasən dil altına qoyularaq qəbul edilir. Bu zaman ümumi tonus qüvvətlənir, insan gümrahlaşır, cavanlaşır, daxili sekresiya vəzilərinin fəaliyyəti normallaşır. Arı südü mədə və 12 barmaq bağırsaq yaralarında, qaraciyər xəstəliklərində, uşaqlarda fiziki və zehni inkişafın zəifliyində, orqanizmin ümumi zəifliyində müsbət təsir göstərir. Bu məhsul sidikqovucudur, piylənməni ləngidir, qan dövranını normallaşdırır, endokrin vəzilərin funksiyasını tənzim edir, qocalma prosesini ləngidir, yaddaşı və görməni yaxşılaşdırır, cinsi vəziləri fəallaşdırır və iştahanı artırır. Arı südündən radioaktiv zonalarda işləyənlərdə hüceyrələrin bərpa olunmasında və şüalanmanın zərərli təsirlərinin qarşısının alınmasında effektiv dərman kimi istifadə olunur. Bundan başqa, arı südü kosmetologiyada üz üçün cavanlaşdırıcı maskaların tərkibinə əlavə olunur”, deyə İsmayıl Xələfov bildirib.
Arı südü istehsalı prosesində hər gün 80-100 qram arı südünün əldə edilməsi üçün 18 saat vaxt sərf etdiyini bildirən arıçı, arı ailələrinin sayını artıraraq 100-ə çatdırmağı qarşısına məqsəd qoyub.
 

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN