Kürdəmirin Ərəbxana kəndinə təbii qaz verilib

Tarix: 23-9-2015 // saat: 11:55
Kürdəmirdə rayon mərkəzindən 22 kilometr məsafədə yerləşən, min nəfərdən çox əhalisi olan Ərəbxana kəndinə təbii qaz verilib. Bu kənd Kürdəmirdə “mavi yanacaq”la təmin olunan 26-cı yaşayış məntəqəsidir. 150 abonentin olduğu kəndin qazlaşdırılması “Azəriqaz” İstehsalat Birliyinin sifarişi ilə “Qaradağ-2008” MMC tərəfindən həyata keçirilib. Qaz çəkilişində 12378 metr polad borudan istifadə olunub. Bütün mənzillərdə “Elster G-4” tipli qaz sayğacları quraşdırılıb.
Kəndə təbii qazın verilməsi sakinlərin və qonaqların iştirakı ilə təntənəli mərasimlə qeyd edilib. Mərasimdə çıxış edən Kürdəmir rayon icra hakimiyyəti başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Ağali Kərimli sakinləri təbrik edərək diqqəti bir gün əvvəl Prezident İlham Əliyevin Kürdəmirə səfərinə, bir sıra obyektlərin açılışını etdiyinə, tikinti-quruculuq, abadlıq işləri ilə yaxından tanış olduğuna yönəldib, bunu rayonun tarixində unudulmaz hadisə adlandırıb.
Ağali Kərimli rayonda sosial-iqtisadi sahələrdə qazanılan uğurları dövlətimizin başçısının regionlara, o cümlədən Kürdəmirə göstərdiyi diqqət və qayğının nəticəsi kimi dəyərləndirilib. Qeyd edib ki, hazırda bütün yaşayış məntəqələrinin təbii qazla tam təminatı istiqamətində davamlı işlər görülür. Belə ki, Ərşəli, Ərəbqubalı kəndlərində artıq son tamamlama işləri aparılır, daha 24 kənddə qazlaşdırma davam etdirilir.
“Azəriqaz” İstehsalat Birliyi Ağsu regional qaz istismar idarəsinin rəisi Elşən Rəhimov dövlətimizin başçısının tapşırığına əsasən respublikamızda bütün yaşayış məntəqələrinin “mavi yanacaq”la təminatı istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.
Kənd ağsaqqalı Ağamusa Mahmudov, ziyalı Vasif Məmmədov, Solmaz Fərəcova ən ucqar kəndlərdə belə əhalinin sosial ehtiyaclarının həllinə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sonda kəndə təbii qazın verilməsini bildirən rəmzi məşəl alovlandırılıb.
 

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN