Qafqaz Müsəlmanları İdarəsinin dəvəti ilə Azərbaycana gələn İran İslam Respublikasının nüfuzlu din xadimi Ayətullah Hüseyn Nuri Həmədani sentyabrın 2-də Şamaxıda səfərdə olub.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin müşayiət etdiyi qonağı Şamaxı Cümə Məscidində rayon rəhbərləri, məscidin din xadimləri, dindarlar hörmətlə qarşılayıblar.
Çay süfrəsindən sonra Şeyxülislam məscid və onun tarixi barədə qonağa ətraflı bilgilər verib. Bildirib ki, Azərbaycan ərazisində, bütövlükdə Cənubi Qafqazda və Yaxın şərqdə ən qədim müsəlman məscidlərindən olan Şamaxı Cümə Məscidi 743-cü ildə inşa olunmuşdur. 1859 və 1902-ci illərdə Şamaxıda baş verən viranedici zəlzələlərə məruz qalan məscid tam dağılmamış, yenə də öz əzəmətini qoruyub saxlamışdır.
Məlumat verilmişdir ki, Prezident İlham Əliyev 2009-cu ilin noyabrında Şamaxıya səfəri zamanı Cümə məscidində olarkən böyük tarixi dəyərləri və xalqımızın mənəvi dünyasında xüsusi yeri olan bu abidənin bərpasına qərar vermişdir. Yenidənqurma işlərinə 2010-cu ilin martından başlanmış və 2013-cü il mayın 17-də məscidin açılışı olmuşdur. Ümumi sahəsi bir hektara yaxın olan məscidin ilkin görkəminə qaytarılması diqqət mərkəzində saxlanılmışdır. Minarələrinin hündürlüyü 36,4 metr olan məscidin günbəzləri nəfis şəkildə bərpa olunmuş, qədim memarlıq üslubunda ornamentlərlə bəzədilmişdir. Məsciddə eyni vaxtda 1500 nəfər ibadət edə bilər. İkimərtəbəli binada konfrans salonu və digər yardımçı otaqlar var. Sahəsi 520 kvadratmetr olan məişət binasında 250 nəfərlik mərasim salonu və mətbəx yerləşir. Ötən əsrin 70-80-cı illərində təmir işləri aparılarkən məscidin həyətində aşkarlanan mədrəsə, hücrə və qəbirlər olduğu kimi saxlanılır.
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev hörmətli qonağın marağını nəzərə alaraq rayon barədə qısa məlumat vermişdir.
Sonra məsciddə yerli dindarlarla birlikdə günorta namazı qılınmış, Ayətullah Hüseyn Nuri Həmədani dualar oxumuşdur.