Rayonun Karrar kənd inzibati ərazi dairəsinin Karrar kəndinə təbii qazın verilməsi münasibətlə təntənəli mərasim keçirilib.
Kəndin qazlaşdırılması üçün müxtəlif diametrli yerüstü polad borularla ümumilikdə 43097 p/metr kəmər çəkilib. 459 fərdi yaşayış evinə “Elster G-4” tipli qaz sayğacı quraşdırılıb. Mənzillərin mətbəxlərinə “Azəriqaz” İstehsalat Birliyinin hesabına daxili qaz xətti çəkilib.
Tədbirdə çıxış edən Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov bildirib ki, Respublikamızda olduğu kimi rayonumuzun sosial-iqtisadi inkişafı, rayon mərkəzinin və kəndlərimizin infrastruktur cəhətdən yeniləşməsi gözlərimiz önündə baş verir. Hazırda Kürdəmir şəhəri də daxil olmaqla 62 yaşayış məntəqəsindən 25 yaşayış məntəqəsi üzrə 12611 abonet təbii qazdan istifadə edir.
Rayonun Ərşəli və Ərəbxana kəndlərində (cəmi abonentlərin sayı 379) artıq sayğaclaşma işləri başa çatdırılmış, abonentlərə mavı qazın verilməsi üçün son tamamlama işləri aparılır. Rayonun 24 yaşayış məntəqəsində qazlaşma işləri davam etdirilir. Rayonun Karrar qəsəbə, Ərəbqubalı, Öyləqulu, Məhərrəmli, Çərtəyəz, Sor-Sor, Muradxan, Muğanlı, Qaramahmudlu, Pirili, Köhünlü, Şüşün, Şilyan və sairə kəndlərində müxtəlif diametrli qaz xətləri çəkilərək qazlaşma işləri davam etdirilir. Bu qazlaşma başa çatdıqdan sonra rayonun əhalisinin 82.3 faizi qazla təmin ediləcəkdir.
Karrar kəndində 459 evə təbii qaz veriləcəkdir. Karrar kəndinin qazlaşdırılması “Birpilləli” sistem üzrə aparılmış, ümumilikdə 43097,9 metr qaz xətti çəkilmişdir.Bu istiqamətdə həyata keçirilən tədbirlər Ölkə Prezidentinin həyata keçirdiyi “Regionların sosial iqtisadi inkişafı Dövlət Proqramı”nın yerinə yetirilməsinə əvəzsiz töhvə kimi dəyərləndirilir. Ölkə Prezidenti Cənab İlham Əliyevin tapşırığına əsasən elə bir yaşayış məntəqəsi qalmayacaq ki, ora mavi yanacaq verilməsin.Karrar kənd əhalisini mavi yanacağın verilməsi münasibəti ilə təbrik edir, bu qazdan təhlükəsiz və səmərəli istifadə etməyinizi tövsiyə edirəm. Arzu edirəm ki, bu qaz vasitəsi ilə dadlı-dadlı təamlar bişirəsiniz.
Mərasimdə çıxış edən “Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kəlbalayev sakinləri təbrik edərək Prezident İlham Əliyevin rəhbərliyi, tapşırıq və göstərişləri ilə ölkəmizdə, o cümlədən Kürdəmirdə həyata keçirilən sosial layihələrdən, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb.
Mərasimdə çıxış edən kənd ağsaqqalı Cabbar Səlimov, ziyalı Şövkət Dadaşova və başqaları əhalinin sosial ehtiyaclarının ödənilməsinə göstərdiyi xüsusi diqqət və qayğılara görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirblər.
Sonda rəmzi məşəl alovlandırılıb, kəndə təbii qaz verilib.