MİRASın Ağsuda təlimi

Layihə çərçivəsində seminar-təlimin sonuncu günü avqustun 29-da Orta əsr Ağsu şəhəri Arxeoloji Turizm Kompleksində İsmayıllı rayon Ailə və Uşaq Mərkəzi, Şamaxı şəhəri Psixonevroloji Xəstəxanası və GÜLSAM Əlillərin Reabilitasiyasına Dəstək İctimai Birliyinin üzvləri üçün inkluziv tur keçirilib. 

Tarix: 30-8-2015 // saat: 19:16
“Arxeoloji abidələrin inklüziv turizm perspektivləri və əlillərin reabilitasiyasına dəstək” layihəsi çərçivəsində keçirilən növbəti təlim-seminar avqustun 28-də Ağsu şəhərində baş tutub.
Ağsu şəhər 1 saylı məktəb-litseydə keçirilən təlimdə qonaq qismində GÜLSAM Əlillərin Reabilitasiyasına Dəstək İctimai Birliyinin sədri Gülnarə Səlimova, ARABAÇI TV-nin rəhbəri İlham Məhərrəmov və əməkdaşı Amid Həsənquliyev iştirak etmişlər. 
Təlim-seminarı giriş sözü ilə Ağsu rayon İcra Hakimiyyətinin nümayəndəsi Kamal Mirzəyev açıb, iştirakçıları və qonaqları salamlayaraq onlara gələcəkdə də bu yolda uğurlar arzulayıb.
MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “Arxeoloji abidələrin inklüziv turizm perspektivləri və əlillərin reabilitasiyasına dəstək” layihəsinin əhəmiyyəti və layihə çərçivəsində görülən işlər barədə danışıb. Orta əsr Ağsu şəhər Arxeoloji Turizm Kompleksi, Şıxməzid, hazırda arxeoloji qazıntıların davam etdirildiyi Mehrəvan qalası abidələri haqqında ətraflı məlumat verərək, onların turizm perspektivlərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Ekspert, Miras üzvü Gülşən Hüseynova layihə çərçivəsində həyata keçirilən sorğuların nəticələrini açıqlayıb, iştirakçıları sorğunun həyata keçirildiyi 100 obyekt üzrə 135 respondentin fikirləri ilə tanış edib. Hazırda rayonda fiziki imkanları məhdud olan insanlar üçün mövcud olan şərait haqqında məlumat verib, bu istiqamətdə öz təklif və tövsiyyələrini qeyd edib. O həmçinin bölgədə daha çox onkoloji, dayaq-hərəkət, qan-damar sistemi xəstəliklərinin yayılması nəticəsində əlilliyə daha çox təsadüf olunmasının səbəb və nəticələrini araşdırmağın, xəstəlik xəritələrinin hazırlanmasının məqsədəuyğun olduğunu, turizm marşrutu boyu ilk tibbi yardım məntəqələrinin, apteklərin, ticarət müəssisələrinin açılmasının vacibliyini, yol infrastrukturunun fiziki imkanı məhdud insanların tələblərinə uyğun olmasının zəruriliyini qeyd edib.
Tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli arxeoloji abidələrin vəziyyəti, onların turizm perspektivləri haqqında ətraflı məlumat verib. Yerli sakinlərə abidələrə münasibətdə diqqətli olmağı, tarixə hörmətlə yanaşmağı tövsiyyə edib.
GÜLSAM Əlillərin Reabilitasiyasına Dəstək İctimai Birliyinin sədri Gülnarə Səlimova rəhbərlik etdiyi ictimai birliyin fəaliyyəti, əsasən Ağsu rayonunda mövcud inklüziv imkanlarından danışıb, hər kəsi bir olmağa və özünü inkişafa, uşaqları vətənpərvər ruhda böyütməyə çağırıb.
Ekoloq-ekspert Elmira Abasova “Şəxsiyyət, cəmiyyət münasibətlərində psixoloji davranışın əhəmiyyəti” mövzusunda çıxış edib. Fiziki imkanları məhdud insanlarla davranış zamanı yol verilən yanlışlıqları tədbir iştirakçılarının diqqətinə çatdıraraq, Türkiyə ilə Azərbaycandakı psixoloji yanaşmanı müqayisə edib.
Azərbaycanda fiziki imkanları məhdud insanlarla dövlət qurumları arasında körpü rolunu oynamaqla yanaşı, onların problemlərini işıqlandıran onlayn media kanalı olan ARABAÇI TV-nin rəhbəri İlham Məhərrəmov fiziki imkanları məhdud insanların cəmiyyətə inteqrasiyasında inkluziv turizmin əhəmiyyətini vurğulayaraq bu sahədə olan çatışmazlıqları iştirakçıların diqqətinə çatdırıb.
Orta əsr Ağsu şəhəri Arxeoloji Turizm Kompleksinin inkluziv turizm plaını təqdim edən Azərbaycan Memarlıq və İnşaat Universitetinin dosenti, memarlıq üzrə fəlsəfə doktoru, Miras üzvü Ağasəlim Əzizov çıxışında bu sahədə mövcud dünya standartları haqqında da ətraflı məlumat verib. Həyata keçiriləcək layihənin məhz arxeoloji abidədə inkluziv turizm üçün tətbiq ediləcəyi üçün bunun Azərbaycanda oxşarının olmadığını qeyd edib.
Gənc Miras könüllüsü, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universtitetinin 2-ci kurs tələbəsi Nuranə Əlili isə “Musiqi Terapiyası” adlı məruzə ilə çıxış edərək, musiqinin insan həyatındakı təsir gücündən, dünya praktikasında reablitasiya mərkəzlərindəki tətbiqindən bəhs edib.
Layihə çərçivəsində seminar-təlimin sonuncu günü avqustun 29-da Orta əsr Ağsu şəhəri Arxeoloji Turizm Kompleksində İsmayıllı rayon Ailə və Uşaq Mərkəzi, Şamaxı şəhəri Psixonevroloji Xəstəxanası və GÜLSAM Əlillərin Reabilitasiyasına Dəstək İctimai Birliyinin üzvləri üçün inkluziv tur keçirilib. Ümumilikdə tədbirdə 42 nəfər müxtəlif yaş qruplarından olan şəxslər iştirak edib. Ən kiçik qonağın 7, ən böyüyün isə 70 yaşı vardı. Tədbir Orta əsr Ağsu şəhər Arxeoloji Turizm Kompleksinə ekskursiya ilə başlanıb. Qonaqlar gəzintidən böyük təssüratla ayrılıblar. Orta əsr şəhərsalma mədəniyyəti, arxeoloji artefaktlar onların geniş marağına səbəb olub. Sanki hər biri orta əsr sakininə çevrilib. İnkluziv tur qonaqlarımızın iştirakı ilə nahar və musiqi fasiləsi ilə davam edib. İlham Tumasın təqdimatında “Ağsu xəzinəsinin sirri” filminə birgə baxışdan sonra İsmayıllı rayon Ailə və Uşaq Mərkəzinin təmsilçiləri olan balacalar arxeoloqa çevrilərək, arxeoloji qazıntılara başlayıblar. Qazıntılar Cümə Məscidinin qarşısındakı meydanda ayrılmış xüsusi sahədə aparılıb. Tapıntılar arxeoloqların iştirakı ilə uşaqlarla bərabər sənədləşdirilib. Əldə olunan nəticələr uşaqlarda sevinc və fərəh hissinə səbəb olub.
Beləliklə, “Arxeoloji abidələrin inklüziv turizm perspektivləri və əlillərin reabilitasiyasına dəstək” layihəsinin 3-cü – seminar mərhələsi yekunlaşıb.

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN