“MİRAS” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “Arxeoloji abidələrin inklüziv turizm perspektivləri və əlillərin reabilitasiyasına dəstək” layihəsi çərçivəsində iyul ayında Şamaxı, Ağsu və İsmayıllı rayonlarında 100-ə qədər obyektdə araşdırmalar aparıb. Həmin obyektlərdə 135 nəfər arasında sorğu keçirilib. Azərbaycanda yeni sahə olan inklüziv turizm haqqında məlumatsızlıq bu sahədə ciddi maarifləndirməyə ehtiyac olduğunu göstərib. Odur ki, layihənin üçüncü mərhələsində Şamaxı, İsmayıllı və Ağsu şəhərlərində inkluziv turizm persektivlərinə dair təlim və seminarların keçirilməsi qərarlaşdırılıb.
24 avqust tarixində Şamaxı rayon Təhsil İdarəsinin akt zalında rayon ictimaiyyəti və ziyalıları üçün ilk belə təlim keçirilib. Təlimdə müxtəlif müəssisələrdən olan peşə sahibləri iştirak edib. Təlimi layihənin rəhbəri, “MİRAS” İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli, eləcə də layihənin ekspertləri memarlıq üzrə fəlsəfə doktoru Ağasəlim Əzizov və Elmira Abasova keçiblər. Fariz Xəlilli layihə haqqında ətraflı məlumat verərək Şamaxı şəhəri üzrə aparılan sorğunun hesabatını təlim iştirakçılarının diqqətinə çatdırıb. Hesabata görə 21 qadın, 39 kişi olmaqla 60 nəfər Şamaxı sakini sorğuda iştirak edib. Mədəni irs abidələrinin inklüziv turizm üçün tam yararlı olmadığını nəzərə çatdıran təlimçi bu problemlərin aradan qaldırılması yollarını göstərib. Memar Ağasəlim Əzizov Orta əsr Ağsu şəhəri Arxeoloji turizm kompleksi üçün hazırladığı inklüziv turlara hesablanmış layihəsi haqqında məlumat verib. Layihənin Azərbaycanda arxeoloji abidələrin ilk dəfə hamıya, o cümlədən əlillərə və yaşlılara əlçatan olacağından bəhs edib. Elmira Abasova cəmiyyət və onun həssas təbəqəsi olan əlillərin psixoloji durumu və ekoloji mədəniyyətin formalaşması haqqında danışıb.
Yerli sakinlər insanların maddi durumunun inklüziv turlara qoşulmağa imkan vermədiyini, Şamaxıda sağlamlıq ocaqlarına, xəstəxanalara belə çətinliklə gedə bildiklərini, bununla əlaqədar Səhiyyə Nazirliyinə müraciət etdiklərini, müraciətlərinin cavabsız qaldığını səsləndiriblər. Xüsusilə, Qarabağ əlilləri və yaşlılara baxan ailələr bu durumdan şikayətçi idilər. Doğrudan da inklüziv turizmdən bəhs edən bir layihənin təlimi üçün seçilən akt zalı da rayonda əlil və yaşlılara diqqətin zəif olmasından xəbər verirdi. Qeyd edək ki, şəhər ərazisində ziyarət olunan istənilən inzibati, səhiyyə və mədəniyyət obyektində əlil və yaşlıların nəzərə alınmadığı müşahidə edilib.
Rayon ictimaiyyəti adından çıxış edən Şamaxı rayon Mədəniyyət və Turizm şöbəsinin əməkdaşı Rəfael Tağızadə təlimin maarifləndirici xüsusiyyətini, eləcə də problemlərin həlli yollarını göstərməsi baxımından əhəmiyyətli olduğunu vurğulayıb. Mədəni irs abidələrinin bərpa və konservasiyası zamanı əlil və yaşlıların turlara qoşulmasına rahatlıq yaratmaq və əlçatan etmək üçün tədbirlər görüləcəyini qeyd edib. Sonda Şamaxı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin fonduna kitablar hədiyyə olunub.
Avqustun 25-də Şamaxı Psixonevroloji Dispanserdə yaşayan və müalicə olunan Şamaxı sakinləri üçün MİRAS folklor qrupunun konserti baş tutub. Layihənin iştirakçıları və könüllüləri ilə qaynayıb-qarışan, rəqs və musiqi ifa edən dispanser sakinlərinə kitablar və müxtəlif zəruri əşyalar hədiyyə olunub. Dispanser sakinlərinin gələcəkdə Azərbaycanın yaxın bölgələrindəki mədəni irs abidələrini ziyarət etmələri də nəzərdə tutulur.