Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında AMEA Rəyasət Heyəti aparatının ictimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin (İƏEPİ) təşkilatçılığı ilə təşkil olunan “Science Activity-2015” yay məktəbinin ikinci günü öz işini davam etdirib. SİA-nın verdiyi xəbərə görə, Mətbuat Şurasının Onlayn Media departmentinin rəhbəri Ellada Mustafayeva “Sosial medianın onlayn mediaya inteqrasiyası” mövzusunda məruzə edib. Onun sözlərinə görə, müasir dövrün bəzi jurnalistləri sosial şəbəkədə olmaq istəmədiklərini deyirlər: “Onlar buna sadəcə dostluq və tanışlıq məqsədi ilə daxil olmağı üstün tuturlar. Bu da çox yanlışdır. Əslində, onlayn media və sosial şəbəkələr informasiya mənbəyidirlər. Bu vasitələrlə insanlar müxtəlif səpkidə məlumatlar əldə edirlər”. Məruzəçi ənənəvi mətbuatın keçdiyi tarixi yola nəzər salıb və bəzi faktları sadalayıb: “Ənənəvi media dedikdə isə , qəzet, jurnal, radio və televiziyalar nəzərdə tutulur. Ancaq onlayn medianın inkişafı ilə əlaqədar insanlar əvvəllər bu sahələrdən əldə etdiklərini artıq internet vasitəsi ilə daha dolğun və operativ əldə edirlər. Digır tərəfdən, əgər əvvəllər insanlar 20-40 qəpik verib qəzet alırdılarsa, bu gün artıq internetə daxil olmaqla bu orqanları daha yaxşı izləyə bilərlər. Əgər hansısa bir qəzeti çap variantında 100 nəfər alaraq izləyirdisə, indi onlayn vasitəsi iə 100 min nəfər izləyir. Bu da həmin orqana müsbət təsir edir. Düzdür, bunun maddi tərəfi də var, bu da ayrı bir mövzudur”. “Facebook” və digər sosial şəbəkələrin Azərbaycanda bir-birdən populyarlaşdığını deyən E.Mustafayeva bəzi səbəbləri açıqlayıb: ““Facebook” ona görə populyar oldu ki, ölkədə insanlar bir-birlərinin psixologiyasına daha yaxşı bələd olurdular. Ancaq xarici qonaqlar ölkəyə gəlib təqdimatlar etslər də, insanlarımızın psixologiyasını öyrənə bilmirdilər”. Ötən ay Azərbaycanda keçirilən I Avropa Oyunlarının Azərbaycan üçün əhəmiyyətindən bəhs edən MŞ-nın nümayəndəsi qeyd edib ki, bu yarışlarla bağlı “Twitter” şəbəkəsində yaradılan “Baku2015” haştaqı dünyada 3-cü yeri tutdu: “Bu haştaqın dünya birliyinə çıxması ölkəmiz üçün çox müsbət oldu”. Onun fikrincə, Azərbaycanda internet və social medianın inkişafı ilə əlaqədar olaraq, yaymlanan vido sijetlərin əsas məkanı “YouTube” saytıdır: “Biz həmin sujetlərin yayımı zamanı bu şəbəkədən geniş istifadə edirik. Azərbaycanda isə əsasən iki video saytından “You Tube” və “Myvideo.az” saytlarından istifadə edilir. Həm də bu gün jurnalistin paylaşdığı video-sujet bir anda bir neçə min dəfə baxılmaq gücünə malikdir. Çünki, insanların çoxu video-sujetlərə daha çox üstünlük verirlər. Canlı yayım buraxılışı zamanı da “YouTube” saytından istifadə edə bilərik. Bu da bizə istənilən mövzu və bağlı hazırlanan çəkilişləri və tədbirləri canlı yayımlamağa imkan verir”. Sosial medianın imkanları barədə danışan təlimatçı əlavə edib ki, bu gün ölkədə çox sayda bloklar və forumlar fəaliyyyət göstərir: “Ancaq təcrübəli bloggerlər, yazarlar çox azdır. Bir çox ölkələrdə, həmçinin Rusiyada isə bu sahədə ixtisaslaşmış insanlar çoxdur. Düşünürəm ki, Azərbaycanda bu sahədə ixtisaslaşmış bloggerlərin sayının çoxalmasına böyük ehtiyac var. Sosial şəbəkənin əsas şərtlərindən biri də verəcəyin məlumatın dürüst və doğruluğuna şübhə edilməməsidir”. Qeyd edək ki, təlimin sonunda, AMEA Rəyasət Heyəti tərəfindən jurnalistlərə sertifikatlar təqdim olunub. Beləliklə təşkil olunan yay məktəbi iki günlük işinə yekun vurub.
Anar Burcəliyev
http://sia.az