Ağsu adı haqqında

Ağsu adının oğuzlarla bağlı olması Şərqi Türküstan və Anadoluda olduğu kimi tarixən yaxınlığında Sincan adının çəkilməsi ilə əlaqələndirilir. Həqiqətən XX əsrin əvvəllərinə qədər Ağsu qəsəbəsinin yaxınlığında Sincan obasının yaşaması rəsmi sənədlərdən bəllidir. 
 

Tarix: 2-7-2015 // saat: 05:29
Ağsu rayonunun Ülgüc kəndi yaxınlığında yerləşən orta əsr Ağsu şəhərinin adı XVI-XVII əsrdən tarixə bəllidir. 1735-ci ildə Nadirqulu xan (1736-cı ildən sonra Nadir şah) zəlzələ və ara müharibələrindən zərər çəkmiş və yararsız hala düşmüş Şamaxı şəhərinin əhalisini Ağsuya köçürüb, ciddi plan əsasında şəhəri yenidən tikdirib. Azərbaycanın tarixi-coğrafiyasını yazan Zəki Vəlidi Toğan bu haqda bildirir: “Nadir şah 1735-ci ilin martında Şamaxını tutduqdan sonra Şirvanın hökumət mərkəzini [şəhərin] 30 km cənubi-qərbində əvvəllər mövcud olan Ağsu qəsəbəsinə keçirib Şamaxının əhalisini də oraya köçürür. 1767-ci ildə hökumət mərkəzi az vaxt müddətinə Ağsudan Şamaxıya qaytarılsa da, həmin ildə yenidən Ağsuya gətirilmiş və 1795-ci ilədək burada qalmışdır” (Vəlidi Ə.Z. 2009).
Həmin dövrdə və sonralar yaşamış yerli müəlliflər - Haşimi Şirvani, Zülali Şirvani, Ağa Məsih Şirvani, Şakir Şirvani, Hacı Zeynalabdin Şirvani, Abbasqulu ağa Bakıxanov, Seyid Əzim Şirvani və başqaları öz əsərlərində bir qayda olaraq bu şəhəri Ağsu adlandırıblar.
Şəhərin rəsmi adı istər Nadir şah, istər Hacı Məhəmmədəli xan, istər Məhəmmədsəid xan, istərsə də Mustafa xan dövründə Ağsu olmuşdur. Xaraba şəhər şəhərin adı deyil, dağıldıqdan sonra bu cür adlanıb. Yeni Şamaxı isə heç bir rəsmi əhəmiyyət daşımır, Şamaxıya nisbətdə deyilib.
Ağsu adı isə şəhərin rəsmi adı olub, tarixi əhəmiyyət daşıyır. Zülali demişkən:
            Qürbətdə deyirdin ki, Zülali vətənim var,
            Ensin gözünə qarə su, Ağsu vətən oldu…
Ağsu adının oğuzlarla bağlı olması Şərqi Türküstan və Anadoluda olduğu kimi tarixən yaxınlığında Sincan adının çəkilməsi ilə əlaqələndirilir. Həqiqətən XX əsrin əvvəllərinə qədər Ağsu qəsəbəsinin yaxınlığında Sincan obasının yaşaması rəsmi sənədlərdən bəllidir. Hal-hazırda Çinin Sincan-Uyğur Muxtar Respublikasında ən böyük şəhərlərdən biri məhz, Ağsudur.
Beləliklə, Ağsu adı oğuz türkləri ilə bu bölgəyə gətirilmiş, suyunun xüsusən yay aylarında duru olması səbəbi ilə toponim kimi işlədilmişdir.
 
Dr. FARİZ XƏLİLLİ 

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN