Ən bahalı alkoqollu içkilərdən biri də konyakdır. Buna əsaslanaraq Fransa və Azərbaycan konyakları haqqında sizə məlumat vermək istərdim.
Əvvəlcə qısa olaraq konyakın vətəni haqqında məlumat verək.
1.Konyak istehsalının tarixi.
Konyak-tünd spirtli içki olub, üzüm şərablarının distilləsindən alınmış və saxlanılaraq yetişdirilmiş konyak spirtindən hazırlanır. Konyakla üzüm arağını eyniləşdirmək olmaz. Çünki, üzüm arağı şərab istehsalı qalıqlarından (cecə, maya və s. ) hazırlanır. Digər tərəfdən konyak özünün qızılı-kəhrəba rənginə, xoşagələn ətrinə və s. görə üzüm arağından fərqlənir. Konyakın tündlüyü 40-57 h.% arasında dəyişir.
Avropa İqtisadi Birliyinin 29 may 1989 cu il 1576/89№-li qərarında spirtli içkilərin adlandırılmasının ümumi qaydalarına əsasən konyak şərab araqlarına (Brauntwein) aid edilir və adlandırılmasında coğrafi ərazi göstərilir. Məsələn, Eau-de-vie de Cognac, Eau-de-vie de Charante, Cognac. MDB ölkələrində isə konyak coğrafi mənasını itirmiş və daxili bazarda Ukrayna konyakı, Rusiya konyakı, Azərbaycan konyakı adı altında istehsal edilir.
Konyak ilk dəfə, təqribən 300 il bundan əvvəl Fransanın Şaranta vilayətinin Konyak şəhərində istehsal olunmağa başlanmışdır. Bu bir növ təsadüfi olmuşdur. Fransa Şarant çayı vasitəsilə İngiltərə və Skandinaviya ölkələri ilə ticarət əlaqəsi saxlayırdı. Lakin gəmidə çəlləklərlə şərabın daşınması çətin və baha başa gəlirdi. Digər tərəfdən zərif Şaranta süfrə şərabları yolda və ticarətçilərin zirzəmilərində tez xarab olub, sıradan çıxırdı. Buna görə də şərabların qaynadılıb destillə edilməsi məsələsi ortaya çıxmış oldu. Sonralar daha az yer tutsun deyə, materialda ikinci destillə əməliyyatı da aparılmağa başladı. XVII əsrdə ikiqat distillə prosesi meydana çıxdı. Distillə olunmuş material palıd çəlləklərdə müəyyən müddət qaldıqdan sonra yaxşı keyfiyyət qazanmış və tezliklə satılmışdır. Lakin üzüm spirtinin palıd çəlləklərdə sistematik yetişdirilməsi hələ aparılmırdı.
1701-ci ildə Fransa ilə İngiltərə arasında başlanan müharibə 13 il davam etdi. Müharibə nəticəsində Fransadan bütün dəniz yolları bağlanmış oldu. Ona görə də konyak istehsalçıları və tacirləri distillə olunmuş üzüm spirtinin çox hissəsini palıd çəlləklərdə saxlamalı oldular. Nəticədə onlar müəyyən etdilər ki, uzun müddətli saxlanma (13 il) dövründə məhsul möcüzəli buket və dad qazanır. Alınan içki tezliklə özünə alıcılar tapdı və çoxlu miqdarda spirt bazarda satılmaq üçün palıd çəlləklərdə yetişdirilməyə başlandı. Bununla da Konyak şəhərinin bu içkisi həddindən ziyadə məşhurlaşdı.
Paris konvensiyasının qərarı ilə 1864-cü ildə bu içkiyə istehsal edildiyi yerin adı ilə Konyak adı verildi. 1909-cu ildə Fransada konyaka istehsal edildiyi yerin mənşəyinə görə status verilməsi ilə bağlı Fransa dövləti ilk dekret verdi. Sonrakı qanun və qərarlarla (1919, 1921, 1929, 1936, 1938, 1940, 1946, 1951, 1952, 1983) konyak istehsalı ilə məşğul ola biləcək regionların sərhədləri müəyyənləşdirildi.
Konyak istehsalı Fransada torpağın tərkibinə, iqliminə, yetişmə xarakterinə görə 6 regiyona bölünür. Bunlardan ən əlverişlisi G r a n d e C h a m p a n g n e regionudur ki, bu regionun torpağı təbaşirli, gilli olub, boz rəngdədir. Bu regionda üzüm bağları 13 min hektar olub, ölkədə istehsal olunan konyak spirtinin 17%-i bu regionun payına düşür.
Bu regiondan cənubda P e t i t e C h a m p a g n e regionu yerləşir ki, burada üzüm bağları 15 min hektar təşkil edir və istehsal edilən ümumi konyak spirtinin 20%-i burada hazırlanır.
Bu regionun torpağı digərlərindən əhəngliliyin bir qədər az olması ilə fərqlənir. Burada istehsal edilən konyak spirtinin aromatı əvvəlki regiondan az olur. Buna görə də əsasən burada istehsal olunan konyak spirtindən assamblyaj üçün istifadə olunur Qrand Şampan regionunun şimal – qərbində sahəsinə görə ən kiçik region olan B o r d e r i e s (Border) yerləşir ki, bu regionda üzüm bağlarının sahəsi 3,9 min hektar olub, ümumi konyak spirtinin 5,1 %-i burada istehsal edilir. Burada istehsal edilən spirtin buketi tam dolğun olur, əsasən bənövşə və süsən çiçəklərinin ətrini verir. Bu regionun torpağında əhəngli süxurlar azlıq, gilli torpaqlar isə üstünlük təşkil edir. Fransada hesab edirlər ki, “Martel” konyak evinin konyaklarının yumşaqlığına Border regionunun konyak spirti səbəb olur.
Digər üç region F i n s B o i s, B o n s B o i s, B o i s O r d i n a i r e s əvvəlkilərdən torpaqlarının meşəli olması ilə fərqlənir. Bu özünü regionların adında da büruzə verir. “Bois”- meşə deməkdir.
F i n s B o i s - ən böyük region olub, 32 min hektar üzüm bağına malikdir ki, burada ölkədə istehsal edilən konyak spirtinin 42%-i istehsal olunur.
B o n s B o i s – bu regionda üzüm bağları 11 min hektar təşkil edir, ölkədə istehsal edilən konyak spirtinin 14%-i istehsal olunur.
B o i s O r d i n a i r e s - – bu regionda üzüm bağları bir min hektar təşkil edir, ölkədə istehsal edilən konyak spirtinin 1,7%-i istehsal olunur.
Sonralar Şarantada alınan konyaklar böyük dünya şöhrəti qazanmış oldu. Təkcə onu qeyd etmək kifayətdir ki, hazırda orada istehsal olunan konyakın 80%-i 140-dan çox ölkəyə ixrac olunur.
Azərbaycanda ilk konyak zavodu 1892-ci ildə Yelenendorf kəndində (indiki Göygöl şəhəri) “Forer qardaşları” tərəfindən açılmışdır. Burada odla işləyən 2 distillə aparatı qurulmuşdur. 1895-ci ildə isə “Hummel qardaşları” tərəfindən Yelenendorfda konyak zavodu açıldı.
Üzümün emalı, şərab materialının distilləsi və alınan spirtin yetişdirilməsinin çox primitiv qaydada aparılmasına baxmayaraq, Göygöl (Yelenendorf) konyakları Beynəlxalq müsabiqə və sərgilərdə dəfələrlə qızıl medala layiq görülmüşdür. Məsələn, London (1897-ci il), Münhen və Puatye (1899-cu il), Paris (1900-cü il), Lion (1901-ci il) və b. təltiflər bu qəbildəndir. Azərbaycan konyakının dünyada belə şöhrət qazanması, onun digər rayonlarda da istehsalına zəmin yaratmış olur.
Tezliklə Şuşa qəzasının Ağdam şəhərində, eləcə də Əli Mərdanlı, Boyəhmədli və Novruzlu kəndlərində yeni konyak zavodları yarandı. Bu zavodlarda 1894-cü ildə, 1,351 min dərəcə konyak spirti çəkilmişdir.
Şuşa qəzasında istehsal olunan konyak spirtini Tiflis, İrəvan və Kizlyar şəhərlərinə göndərirdilər.
1901-ci ildə Göyçay qəzasının Göyçay şəhərində, Kürdəmir və Bərgüşad stansiyalarında konyak zavodları tikildi.
Kürdəmin stansiyasındakı konyak zavodu odla işləyən iki aparatdan ibarət olmaqla, onların konyak spirtinə görə məhsuldarlığı 6 min dal idi. Bu zavod ildə 10 min dal hazır konyak buraxırdı.
Göyçay və Bərgüşad zavodlarında distillə olunan konyak spirtləri yetişdirmək və kupaj üçün Tiflis şəhərinə göndərilirdi. Hazır konyak məhsulu, Tiflis, Odessa, Bakı, Moskva, Peterburq, Riqa, Varşava, Samara və b. şəhərlərdə olan ticarət anbarları vasitəsilə satılırdı.
1922-ci ildə Nizami adına zavodda (indiki 1 saylı Gəncə şərab zavodu) konyak istehsalına başlanıldı. Burada məhsuldarlğı 11 min dal konyak spirti olan. Iki konyak aparatı işləyirdi.
1936-cı ildən sonra,Ağdam, Ağstafa, Şəmkir, Lenikənd (idiki Çinarlı) və Xanlar (indiki Göygöl) şərab zavodlarında konyak spirti çəkən sex, Nizami adına zavodda isə konyak spirti yetişdirən və hazır konyakı butulkalara dolduran sex yaradıldı.
1937-ci ildə Xanlar (indiki Göygöl) şərab zavodunda və Nizami adına zavodda konyak spirti uzun müddətli yetişdirilməyə qoyuldu. Həmin spirtdən 1946-cı ildə Nizami adına zavodda “Yubiley” adlı markalı konyak buraxıldı və tezliklə standarta daxil edildi.
1948-ci ildə torpaq-iqlim şəraiti və iqtisadi xüsusiyyətlər baxımından, konyak istehsalı üçün, respublikanın Ağdam, Ağstafa, Göyçay, Tovuz, Şəmkir və Xanlar (Göygöl) rayonları seçildi.
Konyak üçün üzüm sortları əkinlərinin artırılması, şərab materialı və spirtə destillə istehsalının təkmilləşdirilməsi, müxtəlif yaşda yetişdirilmiş spirt ehtiyatının toplanması 1950-ci ildə bir sıra konyak markalarının buraxılışını təşkil etməyə imkan verdi. Ordinar konyaklardan 3-4 və 5 ulduz, markalılardan “KB” (YK-yetişdirilmiş konyak), “KBBK” (YKYK-Yüksək keyfiyyətli yetişdirilmiş konyak) və “Yubiley” bunlara aiddir.
İndi respublikamızda yaxşı bazaya malik güclü inkişaf etmiş konyak zavodları fəaliyyət göstərir. Bunlara misal olaraq "Az-Granata" Ağsu Şirə və Şərab emalı zavodunu, Göy-Göl şərab zavodunu, Qəbələ şərab zavodunu, "Abşeron Şərab"SC-ni və s. göstərmək olar. Azərbaycanda istehsal edilən konyakların bir qismi ilə tanış olaq.
«Gəncə» konyakı, 1967-ci ildən buraxılır. 6 ildən yuxarı yetişdirilən spirtdən hazırlanır. Rəngi qızılıdan, qızılı çalarlarla açıq-qəhvəyiyə qədər dəyişir. Tündlüyü 42 h.%, şəkərliyi 1,2%-dir. Markalı olub, yetişdirilmiş (6-7 il) konyak (YK) qrupuna daxildir. 2 gümüş medala layiq görülmüşdür.
«Göy göl» konyakı, 1948-ci ildən hazırlanır. Açıq-qızılı rəngdədir. Orta yaşda (6-8 il) yetişdirilmiş konyak spirtindən hazırlanır. Tündlüyü 42 h.%, şəkərliyi 1,2%-dir. Yetişdirilmiş konyak (YK) qrupuna aiddir. Konyak 3 qızıl və 1 gümüş medalla təltif olunmuşdur.
«Bakı» konyakı, 1946-cı ildən buraxılır. Markalı, YKYK qrupuna aid olub, 8-10 il yetişdirilmiş konyak spirtindən hazırlanır. Qəhvəyi çalarlarla açıq-qızılı rəngdədir. Tündlüyü 43 h.%, şəkəri 1,2%-dir. Konyak 4 qızıl, gümüş və bürünc medalla təltif olunmuşdur.
«Yubiley» konyakı, 1945-ci ildən buraxılır. Markalı KK qrupuna aid olub, 10 il yetişdirilən spirtdən hazırlanır. Azərbaycanda becərilən Avropa üzüm sortlarından istifadə edilərək hazırlanmış şərab materiallarından alınır. Qəhvəyi çalarlı, açıq-qızılı rəngdədir. Tündlüyü 43 h.%, şəkəri 0,7%-dir. 1 qızıl və 2 gümüş medala layiq görülmüşdür.
«Moskva» konyakı, 1967-ci ildən buraxılır. Markalı, KK qrupuna daxil olub, 12 ildən çox yetişdirilən konyak spirtindən hazırlanır. Konyak şərab materialı, respublikamızda becərilən avropa üzüm sortlarından hazırlanır. Qızılı çalarlı, açıq-qəhvəyi rənglidir. Buketində şokolad və vanilin tonu vardır. Tündlüyü 45 h.%, şəkəri 1,2%-dir. Konyak 3 qızıl və 3 gümüş medalla təltif olunmuşdur.
«Azərbaycan» konyakı, 1974-cü ildən buraxılır. KK (KS) qrupuna aid edilən, markalı konyak olub, 10 illik konyak spirtindən hazırlanır. Qızılı rəngdədir. Konyak 5 qızıl və 2 gümüş medala layiq görülmüşdür. Hal-hazırda isə həmin adla "Az-Granata" Ağsu Şirə və Şərab emalı zavodunu 20 illik konyakdan hazırlanır. Tündlüyü 45% və şəkərlilik isə 0,7%-dir.
«Şirvan» konyakı, 1977-ci ildən buraxılır. KK (KS) qrupuna aid markalı konyak olub, 15 il yetişdirilmiş konyak spirtindən hazırlanır. İlk olaraq Xanlar Aqrosənaye kombinatında istehsal olunmuşdur. Respublikamızda becarilən Avropa üzüm sortlarından istifadə edilməklə alınan konyak şərab materialından hazırlanır. Qızılı çalarlı açıq-qəhvəyi rəngdədir. Tündlüyü 40 h.%, şəkəri 1,2%-dir. Qızıl medalla təltif olunmuşdur.
"Az-Granata" Ağsu şirə və şərab emalı zavodunda 2013-cü ildən etibarən yüksək keyfiyyətli konyaklar istehsal edilir. Məsələn, müxtəlif saxlanılma müddətinə malik "Badikubə", "Xaqan", "Azərbaycan", "Göy-Göl", "Bakı","Şirvan" konyaklarını misal göstərmək olar.
“Abşeron – Şərab” ATSC-də 2009-cu ildən etibarən ehtiyatda olan 40 illik konyak spirti əsasında tərtib etdiyim xüsusi texnoloji təlimatlar əsasında aşağıdakı markalarda yeni konyaklar istehsal edilmişdir:“Ay işığı”, “Diamond”, “Giləvar", “Ay və Günəş”, “Xəzri”, “Mirvari”, “Kainat”,“Zümrüd”,“Qələbə”
Konyakların keyfiyyətinin orqanoleptik qiymətləndirilməsi onların məziyyətlərini, tipikliyini, bu və ya digər qüsurların mövcudluğunu və dərəcəsini müəyyən edir. Orqanoleptik göstəricilərə görə konyaklar açıq-qızılıdan qızılı çalarlı tünd-kəhrəba rənginədək rəngə, kənar qarışıqlarsız parıltılı şəffaflığa, bu adda konyak üçün xarakterik, kənar təm və qoxusuz dad və ətrə (aromata) malik olmalıdırlar.
Konyakın dequstasiyası 20-25ºC otaq temperaturunda, 100-125 sm3 tutumlu xüsusi şarabənzər bokallarda əvvəlcə ordinar, sonra isə əla konyakları verməklə həyata keçirirlər. Bokala 16-18ºC-dək soyudulmuş 15-20 sm3 içki tökürlər. Dequstasiya zamanı bütün ətir qammasını müəyyən etmək üçün konyakı ağızda saxlayır, daha sonra dad və daddan sonrakı hissi müəyyən etmək üçün kiçik qurtumlarla içirlər.
Konyakın ətrini onu bokalda fırlamaqla, bokalın divarlarında sürüşdürməklə və bir neçə dəqiqə əldə isitməklə müəyyən edirlər. Ətrin çalarlarını (vanil-şokolad, çiçək və ya qətran tonları) hiss etmək üçün burnu bokalın kənarına toxundurmaq lazımdır. Ən nəhayət, “qalıq” ətri boş bokalı iyləməklə müəyyən edirlər.
Konyakın saxlanma müddətini belə müəyyən edirlər: 5 ildən artıq saxlanmış konyaklar üçün xarakterik ağır qatı ətir xarakterikdir.
Konyakın dadını, iki qurtum udduqda daha yaxşı sezmək olar. Birinci qurtum kiçik olmalıdır – onun köməyi ilə konyakın dadını müəyyən edirlər. Dad yumşaq, zərif, az qala hiss olunmayacaq şirinliyə malik olmalı, yağlılıq və xoş istilik duyğusu yaratmalıdır. İkinci qurtum zamanı “daddan sonrakı hiss” duyulur, həmçinin konyakın təmi nə qədər çox hiss olunarsa, konyak bir o qədər keyfiyyətlidir.
Ətrin müəyyən olunması zamanı əlavə üsullar bir neçə damcı içkini ovucların arasında ovxalanması; bokalın divarlarının az miqdarda konyakla isladılması; müəyyən müddətə kağız vərəqi ilə örtülmüş bokalın kağızın götürülməsindən sonra iylənməsidir.
Azərbaycanda istehsal olunan konyaklar aşağıdakı ballardan az olmayan dequstasiya qiymətləndirilməsi ilə satışa buraxılır:
• ordinar – 84;
• YK qrupu – 88;
• YKUK qrupu – 90;
• KK qrupu – 95;
• brendi – 82.
82 baldan aşağı, amma 70 baldan az olmayan qiymət almış məhsul digər məmulatların hazırlanması üçün əlavə emala və ya sənaye emalına göndərilə bilər. 70 baldan aşağı qiymət almış məhsul yeyinti məqsədləri üçün istifadə oluna bilməz.
Konyakların təsnifatı.
Rusiya və yaxın xaric konyaklarının təsnifatı
Dad məziyyətlərinə görə Rusiya və yaxın xaric ölkələrinin bütün konyaklarını şərti olaraq üç qrupa bölmək olar.
• I qrup – tünd ətir, qabarıq ifadə olunmuş vanil tonu ilə, yüksək ekstraktivliklə fərqlənən konyaklar (Azərbaycan və Dağıstan).
• II qrup – zərif vanil ətri, özünəməxsus ətrə malik, I qrup konyaklardan daha az ekstraktivli harmonik konyaklar (Moldova və Ukrayna).
• III qrup – daha yüngül, cavan, çiçək tonlu və daha az ekstraktivli konyaklar (Gürcü və Krasnodar).
Konyak spirtlərinin saxlanma müddəti və üsullarından asılı olaraq, konyakları konyak içkiləri, ordinar (üç-, dörd-, beşillik), əla (YK (yetişdirilmiş konyak, YKYK (yüksək keyfiyyətli yetişdirilmiş konyak), KK (köhnə konyak), ÇKK (çox köhnə konyak)) və kolleksiya konyaklarına bölürlər.
Təyinatına (istifadəsinə) görə konyaklar:
• butulkada satılan;
• digər müəssisələrdə qablaşdırmaq məqsədi ilə yükləmə üçün nəzərdə tutulmuş;
• sənaye emalı üçün nəzərdə tutulmuşlara bölünür.
İxrac üçün tədarük olunan konyaklar (brendilər) ayrıca qrup təşkil edir.
Konyakları 3 ildən az saxlanmış konyak spirtlərindən hazırlayırlar. Bir qayda olaraq, onları daha yüksək keyfiyyətli içkilərin istehsal texnologiyasının pozulduğu halda alınan konyak spirtindən hazırlayırlar.
Üçillik konyakları ən azı üç il saxlanmış konyak spirtlərindən hazırlayırlar. Bu qrupdan olan konyakların etil spirtinin həcm payı 40% h. təşkil edir.
Konyakın rəngi zəif dəm almış çayın rənginə müvafiqdir, ətrində vanil tonları sezilir, şəkərin miqdarı 15 q/dm3-dən (1,5%) çox deyil.
Dördillik konyak dörd il saxlanmış konyak spirtlərindən hazırlanır. Konyakın tündlüyü 42% h., şəkərin miqdarı 15 q/dm3-dən (1,5%) çox deyil. Rəngi orta dərəcədə dəm almış çayın rənginə müvafiqdir, ətri xoş, dadı zərif, yumşaq, kifayət qədər harmonik, vanil tonludur.
Xüsusi adlı konyaklar orta hesabla ən azı dörd yaşı olan konyak spirtlərindən alınır. Etil spirtinin miqdarı – 40-42% (h.). Məsələn, “Staraya krepost” konyakını 3-5 il saxlanmış konyak spirtlərindən hazırlayırlar.
Ordinar konyaklar üçün konyak spirtini içərisinə palıd taxtası düzülmüş rezervuarlarda saxlayır, bəzən əlavə qızdırırlar. Ordinar konyaklar saxlanma buketinə malik deyillər.
Əla konyakları yalnız palıd taxtalı çəllək və butlarında ən azı 6 il saxlanmış konyak spirtlərindən hazırlayırlar. Onların tərkibində 40-45% hc. etil spirti, 7-20 q/dm3 (0,7-2,0%) şəkər var.
• YK (yetişdirilmış konyak) ¬– saxlanma müddəti ən azı 6 il (“Ani”, “Lezginka”, “Derbent”, “Praskoveyski”, “Belıy aist” və s.);
• YKYK (yüksək keyfiyyətli yetişdirilmiş konyak) – spirtlərin saxlanma müddəti ən azı 8 il (“Axtamar”, “Yubileynı”, “Dagestanski” və s.);
• KK (köhnə konyak) – spirtlərin saxlanma müddəti ən azı 10 il (“Kizlyar”, “Rossiya”, “Dagestan”, “Kizlyarski”, “Prazdniçnı” və s.);
• ÇKK (çox köhnə konyak) – konyak spirtlərinin saxlanma müddəti ən azı 20 il (“Baqration”, “Yubileynı XX”, “Yubileynı XXV” və s.).
Kolleksiyon konyakları UK, YKUK, KK, ÇK qrupundan olan, əlavə olaraq palıd çəlləklərində ən azı üç il saxlanmış hazır əla konyaklardır: “Rossiya”, “Yeniseli”, “Tbilisi”, “Qremi”, “Kiyev”, “Göy-göl” və s. Kolleksiya konyaklarına həmçinin “ÇK” – çox köhnə konyaklar aiddir.
İxrac üçün konyaklar (brendilər) ordinar (“üç ulduz”, “dörd ulduz”, “beş ulduz”), xüsusi adlı və əla konyaklar (YK, YKYK, KK, ÇKK ) markası olə buraxılır.
Fransa konyaklarının təsnifatı
Konyakın keyfiyyətini xüsusi işarə ilə müəyyən etmək olar ki, bu da dolayısı olaraq etiketdə kupajın tərkibində konyak spirtinin müxtəlif saxlanma həddini xarakterizə edir.
V.O. (Very Old) – çox köhnə,
V.O.P. (Very Old Pale) – çox köhnə, açıq
V.S. (Very Special) – çox keyfiyyətli
V.S.O. (Very Special Old ) – çox keyfiyyətli, köhnə
V.S.O.P. (Very Special Old Pale ) – Çox keyfiyyətli, köhnə, açıq
V.S.E.P. – çox keyfiyyətli, xüsusi, açıq
V.V.S.O.P. – həddindən çox keyfiyyətli, köhnə, açıq.
V.S. (Very Special) və ya Trois Etoiles (“Üç ulduz” – çəlləkdə ən azı iki il yarım saxlanmış konyak spirtlərindən alınan konyaklar);
V.S.O.P. (Very Special Old Pale); V.O. (Very Old); Reserve – hamısı ən azı dörd il saxlanmış spirtlərdən;
V.V.S.O.P. (Very-Very Superior Old Pale); Grande Reserve – ən azı beş il saxlanmış spirtlərdən;
X.O. (Extra Old); Napoleon; Extra; Hors d’age; Trs Vieux; Vielle Reserve – hamısı ən azı altı il saxlanmış spirtlərdən.
Konyakın saxtalaşdırılması
Konyak ən bahalı alkoqollu içkilərdən biri olaraq, çox zaman saxtalaşdırılır.
Konyakların ekspert müayinəsi praktikası göstərir ki, keyfiyyətli saxtalaşdırmanın ən çox rast gəlinən üsulları aşağıdakılardır:
• palıd yonqarının miqdarının artırılması hesabına konyakların saxlanma prosesinin sürətləndirilməsi;
• konyak spirtlərinin qızdırılması hesabına konyakların saxlanma prosesinin sürətləndirilməsi;
• ekstrakt və essensiyaların köməyi ilə etil spirtindən konyakın hazırlanması;
• ekstrakt və essensiyaların köməyi ilə kustar üsulu ilə istehsal olunmuş üzüm spirtindən konyakların hazırlanması;
• konyaklara süni essensiya qatılmış etil spirtinin əlavə olunması;
• konyaklara su və çayın qatılması;
• konyaklara şərab, köhnə tünd araq, istiot arağı qatılması;
• təkrar çeşidləmə və tam doldurulmama (kəmiyyət saxtalaşdırılması).
Konyakın saxtalaşdırılması əksər hallarda orqanoleptik göstəricilər üzrə aşkarlana bilər. Saxtalaşdırma zamanı konyaka kənar maddələr: vanilin, essensiyalar, meyvə cövhərləri daxil edilir – təcrübəli dequstator onların hamısını asanlıqla müəyyən edir. Tərkibində spirt olan eyni tündlükdə koler (qovrulmuş şəkər) əlavə olunmuş mayelərlə saxtalaşdırılmış konyakların müayinəsi zamanı böyük çətinliklər yaranır. Bu hallarda saxtalaşdırma faktını yalnız çox təcrübəli dequstator müəyyən edə bilər, amma o da bu vəzifənin öhdəsindən həmişə gələ bilmir.
Çox zaman konyakın saxtalaşdırılması su, çay, araq, tut arağı, üzüm şərabı ilə həyata keçirilir.
Konyakın su qatılmaqla saxtalaşdırılmasının xarakterik əlaməti az tündlükdür. Durulaşdırılma üçün yumşaldılmamış sudan istifadə olunduqda müayinə olunan maye bulanıq olacaq və butulkanın dibinə çöküntü yata bilər. Çayla saxtalaşdırma şübhəsi yarandıqda tündlük, nümunənin şəffaflıq dərəcəsi və çöküntünün olmasına diqqət yetirmək lazımdır. Çöküntüdə çay yarpağının hissəcikləri ola bilər. Çay qatılması şübhəsi doğuran maye ilə kofeinə keyfiyyət reaksiyası keçirmək lazımdır.
Konyaka etil spirtinin qatılması və ya konyakın süni essensiyaların əlavə olunması ilə etil spirtindən hazırlanması yolu ilə saxtalaşdırılmasının müəyyən olunması böyük çətinliklər yaradır. Bu halda, orqanoleptik qiymətləndirmə və tündlüyün müəyyən olunmasından başqa konyakın kimyəvi tərkibinin qaz-maye xromatoqrafiyası metodu ilə təyin olunması tələb olunur. Etalon nümunə ilə müqayisədə sınaq nümunəsində aldehidlər, mürəkkəb efirlər, metanol və ali spirtlərin az miqdarı, həmçinin etalon nümunədə olmayan komponentlərin mövcudluğu saxtalaşdırmaya işarə edir. Belə ki, yasəmən aldehidinin vanilinə nisbəti ordinar konyaklar üçün 0-1 və markalı konyaklar üçün daha yüksəkdir; metanolun miqdarı 100 qrama 20-120 mq-dır.
Kustar üsulu ilə hazırlanmış üzüm spirtindən (tut arağından) ekstraktlar və essensiyaların köməyi ilə konyak hazırlanması həmçinin nümunənin qazxromatoqrafik kəmiyyət müayinəsi ilə müəyyən olunur.
Belə saxtalaşdırmanın xarakterik əlaməti etalon konyak nümunəsi ilə müqayisədə sınaq nümunəsində asetilaldehidin və mürəkkəb efirlərin yüksək miqdarı və ali spirtlər, xüsusilə də amil spirtlərinin az miqdarıdır.
Konyakların təkrar çeşidləmə halları da tez-tez ekspertiza obyektləri olur. Təkrar çeşidləmə ekspertizaya təqdim olunmuş içkinin orqanoleptik göstəriciləri üzrə, həmçinin içki və etalon nümunənin qaz-maye xromatoqrafiyası metodu ilə müqayisəli müayinəsi ilə müəyyən olunur.
Konyakların saxtalaşdırılmasının nisbətən yeni üsulu əksər hallarda xarici firmalar və onların Rusiya distribütorları tərəfindən böyük miqdarda satılan süni “brendi” aromatizatorlarının istifadə olunmasıdır. Belə konyakı fərqləndirmək asandır. Onda aşı (polifenol) maddələri tamamilə yoxdur.
Palıd çəlləklərdə saxlanma zamanı xlorofil konyaka keçir və çəlləklərə tökülən zaman təbii konyaklar həmişə əla konyaklarda güclənən yaşımtıl çalara malik olurlar.
Bəzən konyakın mənşəyi məsələsini həll etmək çətinlik törədir. Belə hallarda klassik kimyəvi analiz və dequstasiya metodları, bir qayda olaraq, qaz-maye xromatoqrafiyası və polyaroqrafiyası metodlarının köməyi olmadan nəticə vermir.
Prof.Dr. Vüqar Mikayılov