23 iyun-Dövlət Qulluqçularının peşə bayramı günü Ağsu rayonunda qeyd olunub

Tarix: 24-6-2015 // saat: 13:00
Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə bölgədə çalışan 200 nəfərədək dövlət qulluqçusu ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, heykəlin önünə çiçəklər qoyublar.
Rayon icra hakimiyyətinin iclas zalında keçirilən təntənəli yığıncağı icra başçısı Ənvər Seyidəliyev açaraq iştirakçıları təbrik edib, çətin və məsul vəzifələrində onlara uğurlar arzulayıb.
Sonra icra hakimiyyəti aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Füzuli Kərimli məruzə edib, çıxışlar dinlənilib. Müstəqillik qazanan ölkəmizdə dövlət qulluğunun formalaşdırılması və inkişafında ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri diqqətə çatdırılaraq 2000-ci il iyulun 21-də “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun qəbulu ilə dövlət qulluğu sahəsində vahid siyasətin formalaşdırılmasının əsasının qoyulduğu vurğulanıb. Qeyd olunub ki, işgüzar, savadlı, qabiliyyətli və mənəvi keyfiyyətləri, əqidə təmizliyi ilə cəmiyyətə, dövlətə xeyr verə biləcək istedadlı kadrların dövlət idarəçiliyinə irəli çəkilməsi, onların səmərəli fəaliyyətinə imkan və şəraitin yaradılması məsələləri Ulu Öndərin dövlətçilik ideyasının başlıca məzmunu olub.
Natiqlər bu gün Ümummilli liderin siyasi varisi Prezident İlham Əliyevin kadrların məsuliyyətinə, onların dövlət və cəmiyyət qarşısında daşıdıqları hüquqi, mənəvi öhdəliklər məsələsinə, eyni zamanda kadrlara diqqət və qayğıya ciddi önəm verdiyini söyləyiblər. Habelə, vurğulanıb ki, bu gün ölkəmizdə, gənclərin, qadınların dövlət qulluğuna irəli çəkilmələri xüsusi diqqət mərkəzindədir.
Təntənəli yığıncağın sonunda işdə fərqlənən bir qrup dövlət qulluqçusuna rayon icra hakimiyyətinin Fəxri Fərmanı verilib, bir qrupunun isə dövlət qulluğu dərəcəsi artırılıb.
 

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN