Ağsuda fəaliyyət göstərən mərkəzi rayon və Kalva kənd xəstəxanalarında, habelə 15 həkim və 19 kənd tibb məntəqəsində hazırda 76 nəfər həkim, 242 nəfər orta tibb işçisi sakinlərə səhiyyə xidməti göstərir. Ölkəmizdə səhiyyənin inkişafına göstərilən dövlət qayğısı burada da, öz bəhrəsini verir. Belə ki, səhiyyə obyektlərinin maddi-texniki bazasının möhkəmləndirilməsi, ixtisaslı kadrlarla, müasir tibbi avadanlıqlarla təminatı istiqamətində ardıcıl tədbirlər görülür. Ölkə başçısının tapşırığı ilə Ağsu şəhərində rayon mərkəzi xəstəxanası üçün 145 çarpayılıq yeni bina inşa olunur. Yeni binanın cari ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulub.
Bütün bu faktlar iyunun 17-də tibb işçilərinin peşə bayramına həsr olunan təntənəli mərasimdə səsləndirilib.
Səhiyyə işçiləri səhər saatlarında Ağsu şəhərindəki Heydər Əliyev parkına gələrək burada müasir, müstəqil Azərbaycanın qurucusu və memarı, ümummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət edib, önünə çiçəklər qoyub, bu dahi insana öz ehtiramlarını bildiriblər. Axşam isə Ağsu dolaylarındakı restoranda təntənəli mərasim keçirilib.
Rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev, rayon mərkəzi xəstəxanasının baş həkimi Şərəbanı Məlikova peşə bayramı münasibətilə səhiyyə işçilərini təbrik edib, məsul və şərəfli peşələrində onlara uğurlar arzulayıb.
Mərasim yerli musiqiçilərin ifasında rəngarəng konsert proqramı ilə davam edib. Öz işi ilə fərqlənən bir qrup tibb işçisinə rayon icra hakimiyyətinin fəxri fərmanları və qiymətli hədiyyələri təqdim edilib.