Heydər Əliyev Parkında Kürdəmir Rayon İcra Hakimiyyəti və YAP rayon təşkilatı Milli Qurtuluş Günü münasibətilə birgə tədbir keçirilib. Tədbirdə rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, YAP rayon təşkilatının üzvləri , ictimaiyyətin nümayəndələri , rayon sakinləri və digər qonaqlar iştirak ediblər.
İlk öncə rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov və tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidənin önünə tər gül-çiçək dəstələri düzmüş, ona hörmət və ehtiramlarını ifadə ediblər. Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov qeyd edib ki, 1993-cü ildə də Ulu Öndər dövlət başçısı kimi fəaliyyətə başlayanda ölkədə hər şey məhv olmaq üzrə idi. Ona görə də qüdrətli şəxsiyyət fəaliyyətə müstəqil dövlət quruculuğundan başladı. Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası dünya standartlarına uyğun şəkildə hazırlanıb qəbul olundu.Konstitusiyanın qəbulu ilə Azərbaycanda hakimiyyət bölgüsünün qanuni-hüquqi əsasları bəyan olundu və bu işin həyata keçirilməsinə başlanıldı. Ən çox diqqət çəkən məqamlardan biri də Konstitusiyada Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması idi. Bununla da Heydər Əliyev gələcək müstəqil dövlətçiliyin mühüm atributlarından birini məharətlə, cəsarətlə, qətiyyətlə qorudu və bu günümüzə yetirdi. Ulu Öndər Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə gəldikdən sonra fəaliyyətinin, yeritdiyi siyasətin ən mühüm və ən başlıca cəhəti respublikamızın müstəqilliyinin qorunub saxlanılması, möhkəmləndirilməsi, Azərbaycan dövlətçiliyinin inkişaf etdirilməsi olmuşdur. “Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir” sözləri ulu öndərin fəaliyyətinin başlıca məzmununu təşkil etmişdir. Bunun üçün o, çox böyük çətinlikləri, daxildən və xaricdən olan ciddi təzyiqləri aradan qaldırmalı oldu, özünə xas olan möhkəm iradə və dəyanət nümayiş etdirdi. Bu, hər kəsin işi deyildi, belə işin öhdəsindən ancaq Heydər Əliyev kimi müdrik şəxsiyyət gələ bilərdi.
Tədbirdə rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov Yeni Azərbaycan Partiyasına daxil olmuş bir qrup gəncə partiya üzvlük vəsiqələri təqdim edib. Bayram iştirakçıları rayon incəsənət ustalarının ifa etdikləri mahnıları da maraqla qarşılayıblar.