İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzində 15 İyun - Milli Qurtuluş Günü təntənəli şəkildə qeyd olunub.
AZƏRTAC xəbər verir ki, ictimaiyyət nümayəndələrinin qatıldığı tədbiri rayon icra hakimiyyəti başçısının müavini Sevil Əhmədova açaraq, 1993-cü il iyunun 15-nin Azərbaycan xalqının müstəqillik tarixinin əsas səhifələrindən olduğunu diqqətə çatdırıb. Tədbirdə “Heydər Əliyev müasir Azərbaycanın xilaskarı və qurucusudur” mövzusunda məruzə dinlənilib, çıxışlar olub. Məruzə və çıxışlarda ümummilli lider Heydər Əliyevin xalqı üçün göstərdiyi xidmətlərdən, xilaskarlıq missiyasını necə böyük qəhrəmanlıqla, dönməz iradə ilə yerinə yetirməsindən, hüquqi və demokratik dövlət quruculuğu sahəsindəki gərgin fəaliyyətindən ətraflı danışılıb. Tədbirdə “Bölgələrdən paytaxta” layihəsində fəal iştirak edən bir qrup gəncə rayon icra hakimiyyətinin hədiyyələri və mükafatları verilib. Sonda tədbir Heydər Əliyev Mərkəzinin foyesində Ümummilli Liderə həsr olunan ədəbi-bədii proqramla davam etdirilib.