Azərbaycanın Milli içkisi “QORA SUYU”

Azərbaycan mətbəxində özünəməxsus yer tutan, yüzlərlə xəstəliklərin müalicəsində istifadə edilən,

Tarix: 9-12-2014 // saat: 08:53
Azərbaycan mətbəxində özünəməxsus yer tutan, yüzlərlə xəstəliklərin müalicəsində istifadə edilən, çox qədim tarixə malik olan qora suyu çox təəssüflər olsun ki, yalnız kustar üsulla hazırlanır və sənaye istehsalı demək olar ki, yox dərəcəsindədir.
Qora suyu daha çox səbziqovurma,toyuq çığırtması,fisincana əlavə edilir.
Ağır,yağlı və ət xörəklərin üstündən biraz abqora içmək masləhət görünür.
Belə ki, Qora suyunda olan üç vitamin bilavasitə qan və qanəmələgətirən sistemə aiddir:
- foll turşusu (B qrupuna daxil olan vitamindir) qan əmələ gətirməsini gücləndirir;
- K – vitamini qanın laxtalanma sisteminə müsbət təsir göstərir;
- P – vitamini qan damarlarının divarlarını möhkəmləndirir və qan təzyiqini normallaşdırır.
Qora suyu tənəffüs yollarının iltihabında çox faydalıdır. Meyvələri sidikqovucu, yüngül işlədici və tərlədici təsirə malikdir. Qora suyu qan azlığında, , babasildə, bronxial astmada, maddələr mübadiləsi pozulanda, böyrək və qaraciyər xəstəliklərində, ürəyin funksional xəstəliyində, hipertoniyada, əsəb üzgünlüyündə, yuxusuzluqda və qəbizlikdə məsləhət görülür. Arsen, morfin, kokain, stirxinin və s. ilə zəhərləndikdə qora suyu zəhər əleyhinə vasitə kimi işlədilir.
Bronxial astmada qora suyu çox faydalıdır. Təzyiq və şəkər xəstəliyində istifadə etmək üçün 40-50 qram qora suyu 1 stəkan suya əlavə edilir və gün ərzində iki dəfə istifadə edilir.
Qora suyunun tərkibində resveratrolun olması və turşuluğun yüksəkliyi şiş xəstəliyinin həm müalicə edilməsində həm də bu xəstəliyin yaranmasının qarşısının alınmasında müstəsna əhəmiyyətə malikdir.
Üzüm suyundan hazırlanmış abqoranın boğaza, bağırsaq yaralarına tökülməsi müsbət nəticə verir. Şirin üzüm zahılıq qanaxmalarını və sancıları kəsir.
Saçların tökülməsinin qarşısını almaq üçün saçınızın sonuncu yaxalayacağınız suya bir neçə damcı qora suyu əlavə edin. Bu həm də saçın yumşaq və parıltılı olmasına imkan verəcək.
Tibbnamə kitabında məşhur həkim Məhəmməd Yusif Şirvani XVI əsrdə qora suyundan apetitin yaranması, öskürəkdə, bir sıra başqa xəstəliklərin müalicəsində istifadə etmişdir.
Bu qədər xəstəliklərin müalicəsində istifadə edilən qora suyu bir çox ədəbiyyatlarda həmişə olduğu kimi yenə də bilərəkdən təhrif olunur. Belə ki, qora suyunun da ilk istehsal tarixi Fransa ilə əlaqələndirilir və ensiklopediyalarda bu tarixin XIV əsrə aid olduğu haqqında məlumat verilir. Fransada qora suyuna «Verjuice» yəni "yaşıl sok" və ya "turş sok" deyirlər və əsasən də dijon xardalının içərisinə əlavə kimi qatılır.
Qora suyu Ərəb ölkələrində də çox geniş yayılmışdır. . Onlar qora suyunu – «husroum (حصرم)» adlandırırlar ki, əsasən Suriyada ət məhsullarında işlənir.
1984-cü ildən etibarən məşhur kulinar Meqqi Birin kulinariya kitabının çapından sonra abqora Avstraliyada geniş istifadə olunmağa başlanıldı. Azərbaycanda qora suyunun istehsal tarixi ilə əlaqədar apardığımız araşdırmalarda müəyyən etdik ki, Qora suyu haqqında yazılı məlumata ilk dəfə XII əsrdə dahi şairimiz Nizami Gəncəvinin "Yeddi gözəl" poemasında rast gəlinir.
Bir vaxt ki qoraydım, bir vaxt ki kaldım.
Onda şirin idim elə bil ki, baldım
Sıxıb şirəmi də ayırardılar.
Ondan da tutiyə qayırardılar.
Bu sətirlərə əsasən soyləmək olar ki, Nizami Gəncəvinin dövründə "Qora suyu" bir tutiyə kimi tanınırdısa, onda qora suyunun istehsal tarixi hətta bu dovrdən də yüz illərlə qabağa gedir. Keçmişdə və hal-hazırda tütyə sözü minlərlə xəstəliyin dərmanı mənasında işlədilir. Araşdırmalara əsasən söyləmək olar ki, qora suyu Azərbaycanda III və ya IV əsr Fransadan qabaq istehsal edilmişdir. Bu da qora suyunun vətəninin Azərbaycan olmasını söyləməyə əsas verir.
Bu söylənilənləri nəzərə alıb Az-Granata Ağsu Şirə və Şərab zavodunda Abqoranın sənaye üsulu ilə istehsal texnologiyasını tədqiq etməyə başladıq. Azərbaycanda ilk dəfə sənaye texnologiyasını hazırlayaraq abqora istehsalına başladıq.
 
Prof.Dr. Vüqar Mikayılov
 







Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN