İyunun 2-də rayonun Gənclər evində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Kürdəmir rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə "İnsan alverinə yox deyək" mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Kürdəmir rayon İcra Hakimiyyətin Başçısının müavini Vəsilə Əsgərli, ƏƏSMN-nin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin əməkdaşı Gülnar Nəzərova, rayon ictimaiyyətinin nümayəndələri və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Kürdəmir rayon İcra Hakimiyyətin Başçısının müavini Vəsilə Əsgərli bildirib ki, ömrünün ən qaynar, ən coşqun dövrünü yaşayan müasir gənclik - sabahın qurucuları pis insanların toruna düşməməli, mübariz, təhsilli, vətənpərvər olmalıdırlar. Müasir gəncliyin müqəddəs amalı - Vətən sevgisini yaşatmaq, Vətən naminə, onun gələcəyi naminə ruhən və fiziki cəhətdən sağlam həyat, sağlam düşüncə tərzi seçməkdir.
Tədbirdə ƏƏSMN-nin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin əməkdaşı Gülnar Nəzərova mövzu ətrafında geniş nitq söyləmiş və video materiallar təqdim etmişdir.
Tədbir maraqlı diskussiya şəraitində keçib. Sonda iştirakçılara buklet və broşuralar paylanılıb.