Birinci Avropa oyunlarının məşəli Şamaxıda

Tarix: 1-6-2015 // saat: 12:06
Müqəddəs Atəşgah məbədində alovlandırılan Bakı-2015 birinci Avropa Oyunlarının məşəli Şamaxıya gətirilib.
Şəhərin küçə və parkları, meydanları, xüsusən birinci Avropa Oyunları məşəlinin keçəcəyi ərazilər bayramsayağı bəzədilib. İnsanlar böyük coşqu və həyəcanla Qobustan rayonundan Şamaxıya gətirilməkdə olan Avropa Oyunlarının məşəlini gözləyirdilər.
Nəhayət, saat 19:30-da məşəl Şamaxıya çatdı. Şəhərin Heydər Əliyev parkının qarşısında, Oyunların bayramsayağı bəzədilən rəmzi qapısında məşəli poverliftinq idman növü üzrə 3 dəfə Avropa və dünya çempionu Elvin Eynalov qəbul edib.
Sonra 10 nəfər məşəlçinin yürüşü başlanıb. Onlar növbə ilə məşəli bir-birinə ötürərək Heydər Əliyev prospektinə, oradan isə S.Ə.Şirvani küçəsinə keçərək 2,81 kilometr məsafə qət edib, avtovağzal dairəsində qurulan səhnənin qarşısına gəliblər. Poverliftinq idman növü üzrə Azərbaycan çempionu, beynəlxalq turnirlərin qalibi Fərid Səmədzadə minlərlə insanın sürəkli alqışları altında səhnəyə qalxaraq məşəli alovlandırıb.
Yeniyetmələr arasında ağır atletika üzrə respublika turnirlərinin qalibi Elmir Sadıqov ilk Avropa Oyunlarının rəmzi çırağını yandırdı və yarışlar başa çatanadək saxlanılması üçün Heydər Əliyev Mərkəzinə təhvil verib.
Müqəddəs Atəşgah məbədində ilk Avropa Oyunları məşəlinin alovlandırılması mərasimini əks etdirən videoçarx təqdim olunub.
Alov festivalı, respublikanın tanınmış incəsənət ustalarının və yerli musiqiçilərin ifasında bayram konserti şamaxılıların sevincini daha da artırdı.
 

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN