Mayın 14-də Türkiyənin Konya şəhərində IV Beynəlxalq türk incəsənət, tarix və folklor konfransı işə başlayıb

Tarix: 15-5-2015 // saat: 13:59
Tədbiri Türkiyənin Səlcuq Universiteti Türk Əl Sənətləri Araşdırma və Tətbiqetmə Mərkəzi, Konya Böyükşəhər Bələdiyyəsi, İtaliyanın Beynəlxalq Mədəni İrsin Konservasiyasında Gənclər Assosasiyası (YOCOCU), MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi (Azərbaycan) birgə təşkil edib.
Konfransın açılışında təşkilat komitəsinin baş katibi Əhməd Aytac tədbirin məqsəd və əhəmiyyətindən danışıb. Bildirilib ki, konfransın keçirilməsinin məqsədi türk incəsənəti, tarixi, folklorunu araşdıran alim və tədqiqatçıları bir araya gətirmək, aparılan tədqiqatların nəticələri ilə elmi ictimaiyyəti tanış etməkdir. Konfransda 10 ölkədən 150-dək nümayəndənin iştirak etdiyi diqqətə çatdırılıb.
Konfransın həmsədri, MİRAS İctimai Birliyinin rəhbəri Fariz Xəlilli Azərbaycan və Türkiyənin müvafiq qurumları və elm adamları arasında əlaqələrin genişlənməsində, türkdilli xalqların tarix və mədəniyyətinin araşdırılmasında bu cür tədbirlərin əhəmiyyətini qeyd edib.
YOCOCU sədrinin müavini Marta Karoselli, Səlcuq Universiteti Türk Əl Sənətləri Araşdırma və Tətbiqetmə Mərkəzinin sədri Osman Kunduracı, Azərbaycan Texniki Universitetinin professoru Şikar Qasımov, türkiyəli sənətşünas Örcün Barışta, Səlcuq Universitetinin prorektoru Mustafa Şahin və Konya Böyükşəhər Bələdiyyəsinin katibi Əbdülməlik Ötegen türkdilli xalqların mədəni əlaqələrinin möhkəmlənməsi və inkişafına kömək edən görüşlərin tez-tez keçirilməsinin vacibliyini vurğulayıblar.
"MİRAS" musiqi qrupunun üzvləri Azərbaycan muğamları və xalq mahnılarından nümunələr ifa ediblər.
Daha sonra konfrans işini "Türk incəsənəti", "Orta Asiya türk tarixi", "Türk ədəbiyyatı", "Türk musiqisi", "Türk folkloru", "Türk mədəniyyəti", "Türk incəsənət tarixi", "Türk arxeologiyası", "Bərpa və konservasiya", "Turizm", "Təhsil" bölmələrində davam etdirib.
İclaslarda Azərbaycan, Türkiyə, İtaliya, Ukrayna, İran, Gürcüstan, Makedoniya və digər ölkələrdən alim və mütəxəssislərin məruzələri dinlənilib, müzakirələr aparılıb.
Tədbir çərçivəsində "Türk incəsənət sərgisi" və "Azərbaycanda tərəkəmə folkloru" fotosərgisi keçirilib.
Konfrans işini mayın 16-da başa çatdıracaq. 

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN