Şamaxıda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar keçirilən silsilə tədbirlər çərçivəsində rayon Mədəniyyət Sarayında Kitab bayramı keçirilib.
Şamaxı Rayon Təhsil və Mədəniyyət və Turizm şöbələrinin birgə təşkilatçılığı ilə keçirilən bayram tədbirində rayon İcra Hakimiyyətinin nümayəndələri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, ziyalılar, məktəblilər, rayonun fəal oxucuları və kitabsevərlər iştirak ediblər.
Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Məleykə Kamilova Ümummilli lider Heydər Əliyevin milli-mənəvi dəyərlərimizin qorunması, mədəniyyətimizin inkişafı üçün gördüyü işlər barədə ətraflı məlumat verərək bildirib ki, Heydər Əliyev dühası azərbaycançılığı milli ideologiyaya çevirməklə, cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail olmuşdur. Dövlət idarəçiliyi sahəsində zəngin təcrübəyə malik Ümummilli lider Heydər Əliyevin müdrik daxili və xarici strateji kursu ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial və psixoloji böhran və sarsıntılardan çıxararaq müstəqilliyin əbədi yolu ilə inamla irəliləməsi üçün möhkəm zəmin yaratdığını vurğulayaraq qeyd edib ki, bu gün Ümummilli liderin siyasi kursu Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ümummilli lider xalqımızın tarixində əvəzolunmaz şəxsiyyət olaraq çox böyük rol oynamışdır və onun xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.
Şamaxı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Ərəstun Xələfov çıxış edərək Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin inkişafı üzrə qəbul olunmuş Dövlət Proqramlarının icrası ilə əlaqədar həyata keçirilən tədbirlər haqqında iştirakçılara geniş məlumat verərək ölkəmizdə kitabxana-informasiya sahəsinə göstərilən dövlət qayğısından danışıb. O, müasir texnologiyaların və informasiyanın geniş yayılmasına baxmayaraq rayon sakinləri arasında bədii ədəbiyyata olan böyük marağı xüsusi qeyd edib. Belə tədbirlərin keçirilməsində əsas məqsədin gənclərin marağının kitaba yönəldilməsinin olduğunu bildirib.
Bayramda öz mənalı ömrünü xalqına, onun azadlığı və firavanlığına bəxş etmiş Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan yüzlərlə kitab və jurnal nümayiş etdirilib, rayon Mərkəzi Kitabxanasının işçiləri kitabsevərlərə ayrı-ayrı əsərlər barədə qısa, konkret bilgilər veriblər.
Tədbir məktəblilərin ifasında şeir və kompozisiyalarla başa çatıb.