Toplantıda Ağsudan olan 38 nəfər Çernobıl əlili, habelə ağsaqqallar və gənclər iştirak ediblər.
Rayon icra hakimiyyəti başçısının müavini Sevil Mirzəliyeva, aparatın məsul işçisi Mirqubat Orucov, “Çernobıl əlilləri” İttifaqının Şamaxı, Qobustan və Ağsu rayonlararası ictimai birliyinin sədri Tahir Məmmədov çıxış edərək, 1986-cı il aprelin 26-da Ukraynadakı Çernobıl atom elektrik stansiyasının 4-cü enerji blokunda baş verən dəhşətli qəzadan və onun acı nəticələrindən danışıblar. Bildirilib ki, AES-də baş verən partlayış nəticəsində ərazi xarabazara çevrilib, 100 minlərlə insan radioaktiv şüalanmaya məruz qalıb.
Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasına əsasən gənclərdən ibarət, heç bir lazımi hazırlıq keçməyən, radiasiya-gigiyena barədə bilgisiz olan 7 min nəfər azərbaycanlı da, cəlb edilib. Onlardan da 2000 nəfəri şüalanmadan dünyasını dəyişib. Qalanları isə ömürlük əlil olub.
II qrup Çernobıl əlilləri Adışirin İbadov və Vəli Mirzəyev tədbirdə çıxış edərək öz xatirələrindən, faciənin dəhşətlərindən bəhs ediblər.
Sonda Çernobıl əlillərinə rayon icra hakimiyyəti tərəfindən qiymətli hədiyyələr verilib.