İkinci Dünya müharibəsində tarixi Qələbənin 70 iliyi ilə əlaqədar İsmayıllı Rayon İcra Hakimiyyəti müxtəlif silsilə tədbirlər həyata keçirir.
20 aprel 2015-ci il tarixdə Rayon İcra Hakimiyyətində veteranlarla birgə gənclər təşkilatlarının nümayəndələrinin görüşü keçirilib. Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov müharibə veteranlarına göstərilən dövlət qayğısından, yetişən nəsilin tərbiyəsində, vətənpərvərlik ruhunda formalaşmasında onların əvəzsiz rolundan danışıb. Qələbənin 70 illiyi münasibəti ilə fədakarlıqla döyüşüb qələbəyə çatan şərəfli veteranları təbrik edib, onlara hədiyyələr verilib. Rayon Gənclər və İdman idarəsinin rəisi Taleh Salehov, YAP rayon təşkilatı gənclər birliyinin sədri Əsli Süleymanzadə qalibləri təbrik edib, onların həyatının gənclər üçün örnək olduğunu bildirib. Rayon ağsaqqallar şurasının sədri İnqilab Həsənov, Hərbi Xidmətə Çağrış və Səfərbərlik Xidməti rayon şöbəsinin rəisi Xamis Bədəlov veteranları təbrik edib. Müharibə veteranlarından Bəyi Mirzəyev, Bilal Əliyev, Müsənnif Əkbərov, Abbasəli Abbasov, Niyaz Ağayev arzularını və qayğıya görə dövlət başçısına minnətdarlıq ediblər.