Abidə mənsub olduğu xalqın tarixinin və milli mədəni irsinin şanlı təzahürüdür

Tarix: 18-4-2015 // saat: 12:12
Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialının professor - müəllim və tələbə heyətinin iştirakı ilə 18 aprel-Tarixi Abidələrin Mühafizəsi Günü münasibətilə tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, rayonun Kələxana kəndindəki Türbələr kompleksində keçirilən tədbiri giriş sözü ilə açan filialın direktoru filologiya elmləri üzrə fəlsəfə doktoru Tünzalə Yusifova UNESCO-nun Beynəlxalq Şurasının 1983-cü ildə qəbul etdiyi qərara əsasən hər il 18 aprel -Tarixi Abidələrin Mühafizəsi Gününün qeyd edildiyini söyləyib. Burada əsas məqsədin dünya ictimaiyyətinin diqqətinin maddi-mədəniyyət abidələrinin qorunmasına yönəldilməsi olduğunu vurğulayıb. T.Yusifova Şamaxının Azərbaycanın ən qədim maddi-mədəniyyət abidələri ilə zəngin bölgələrindən olduğunu diqqətə çatdırıb. Bildirilib ki, dövlət siyahısında Şamaxı rayonu üzrə 1 dünya, 23 ölkə və 47 yerli əhəmiyyətli abidə vardır. 22 abidə yeni aşkar olunub. Tədbirdə Şamaxının məşhur tarixi abidələri barədə, o cümlədən Prezidentin ehtiyat Fondundan ayrılan vəsait hesabına əsaslı təmir edilərək yenidən qurulan 743-cü ilə aid Cümə məscidi, VIII-IX əsrlərdə Şirvanşahlar tərəfindən inşa edilən möhtəşəm Gülüstan qalası, Qaleyi Bəyqurd (Bəyqurd) qalası və digər onlarca məşhur tarixi abidələr barədə məlumatlar verilib. Tədbirdə filialın humanitar və xüsusi fənlər kafedrasının müdiri Mayıl Alcanov, kafedranın dosenti Vahid Xanaliyev Türbələr kompleksinin yaranma tarixi, üstündəki kitabələr, memarlıq üslubu barədə iştirakçılara geniş məlumatlar veriblər. Qeyd olunub ki, sayı vaxtilə 9 olan bu türbələrdən hazırda səkkizi qalıb. Kələxana türbələri Azərbaycan memarlığı üçün səciyyəvi olan 8 bucaqlı türbələrdir. Türbələrin gövdəsi 8 bucaqlı prizma, örtükləri isə 8 bucaqlı piramida şəklindədir. Onların hər biri özünəməxsus xüsusiyyətlərə malikdir. Bu fərqi, ən çox giriş qapılarında görmək olur. Türbələrdən birinin üzərindəki kitabədə onların 1663-cü ildə Sərkar Əbdül Əzim Əmir oğlu tərəfindən tikildiyi göstərilib. Tədbirdə Şamaxıda, eləcə də Azərbaycanda qədim və orta əsrlərin memarlıq inciləri olan tarixi abidələrin mühafizəsinin zəruriliyindən bəhs edilib. Həm də erməni işğalına məruz qalan ərazilərimizdə bu abidələrin vəhşicəsinə dağıdılaraq məhv edilməsindən, bu vandalizmin həm də bəşər tarixinə və mədəniyyətinə qarşı böyük sayğısızlıq olduğu bildirilib.
http://azertag.az/xeber/847632

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN