Qobustan: sosial məsələlərin həlli diqqət mərkəzindədir

Tarix: 18-4-2015 // saat: 11:09
Qobustan rayonunda 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr edilən hesabat yığıncağı keçirilib. AZƏRTAC xəbər verir ki, yığıncaqda rayon icra hakimiyyətinin başçısı Adil Məmmədovun məruzəsi dinlənilib. Məruzə və çıxışlarda bildirilib ki, cari ilin üç ayında sosial-iqtisadi həyatın bütün sahələrində nəzərdə tutulan işlər müvəffəqiyyətlə yerinə yetirilib, ümumi məhsul buraxılışı ötən ilin birinci rübü ilə müqayisədə 5,1 faiz artaraq 23081,2 min manata çatıb. Kənd təsərrüfatı rayonu olan Qobustanda bu ilin məhsulu üçün ötən payızda 21958 hektar sahədə taxıl əkilib. Dövlət tərəfindən verilən pulsuz dərmanlarla 2267 hektarda zərərvericilərə qarşı mübarizə tədbirləri aparılıb, sahələrə 800 ton yemləmə gübrəsi verilib. Rayonda əkin üçün yararlı olan torpaq sahələrinin müəyyənləşdirilməsi və bu torpaqlardan istifadə imkanları aydınlaşdırılaraq lazımi tədbirlər həyata keçirilir. Aqrar sektorda aparıcı sahələrdən olan heyvandarlıqda da intensiv inkişaf təmin edilib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin üç ayında ət istehsalı 1,5 faiz, süd istehsalı 2 faiz, yumurta istehsalı 1,5 faiz artıb. Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilib. Belə ki, hesabat dövründə 299 baş cins buzov alınıb, 113 baş qaramal süni mayalandırılıb. Hesabat yığıncağında təhsil, səhiyyə, mədəniyyət sahələrinin fəaliyyətinin yaxşılaşdırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi, əhalinin elektrik enerjisi, təbii qaz və su ilə normal təminatı istiqamətlərində ardıcıl tədbirlər görülüb. Qobustan şəhərinin “Yeni massiv” adlanan yaşayış sahəsi, Xilmilli, Bədəlli kəndləri qazlaşdırılıb, hazırda Poladlı kəndində bu iş davam etdirilir. Yekəxana kəndində də qazlaşdırılma işlərinə başlanılıb. Rayon mərkəzinin və kənd yaşayış məntəqələrinin fasiləsiz elektrik enerjisi ilə təminatı istiqamətində layihələr həyata keçirilir. Belə ki, hazırda Qobustan şəhərində 3 ədəd yeni transformatorun quraşdırılması üçün tikinti işləri aparılır. Məruzə və çıxışlarda IDEA İctimai Birliyinin təşəbbüsü ilə ölkəmizdə həyata keçirilən “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində rayonda yol kənarlarına, küçə və parklara 9104 ədəd müxtəlif növ ağac, gül kolu əkildiyi vurğulanıb. Həmçinin birinci Avropa Oyunları ilə bağlı mayın 30-da Qobustanda keçiriləcək “Alov festivalı”na hazırlıqla əlaqədar görülən işlər barədə də ətraflı məlumat verilib.
http://azertag.az/xeber/847501

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN