Şamaxıda üzüm plantasiyalarının sahəsi 1627,5 hektara çatdırılıb

Tarix: 16-4-2015 // saat: 22:07
Şamaxıda 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan müşavirə keçirilib. AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı Asif Ağayev hesabat məruzəsi ilə çıxış edib. Diqqəti Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan Prezidenti İlham Əliyevin nitqindən irəli gələn vəzifələrə yönəldən A.Ağayev rayonda görülən işlərdən də danışıb. Çıxışlarda bildirilib ki, cari ilin ilk üç ayında rayonda ümumi məhsul istehsalı 34,2 milyon manat olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,6 milyon manat və ya 4,8 faiz çoxdur. Bu müddətdə rayonda 347 daimi iş yeri açılıb. Müşavirədə iqtisadiyyatın əsas sahələrindən olan kənd təsərrüfatında görülən işlər ətraflı təhlil olunub. Qeyd edilib ki, heyvandarlıq üzrə məhsul istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb. Taxıl sahələrinə lazımi aqrotexniki qulluq göstərilib. Vaxtilə Azərbaycanın ən iri üzümçülük rayonu olan Şamaxıda artıq plantasiyaların sahəsi 1627,5 hektara çatdırılıb. Tikinti-quruculuq, abadlıq sahəsində xeyli iş görülüb, o cümlədən Qarabağ əlilləri və şəhid ailələri üçün 36 mənzilli yaşayış evinin, 100 yerlik körpələr evi-uşaq bağçasının, Pirqulu zonasında müasir standartlara uyğun istirahət mərkəzinin tikintisi davam etdirilib. Əhalinin təbii qazla, içməli su ilə normal təminatı məqsədilə də müəyyən tədbirlər görülüb. Prezident İlham Əliyevin tapşırığı ilə respublikamızda əhalinin kütləvi tibbi müayinəsi Şamaxı rayonunda da müvəffəqiyyətlə aparılır. Bu günədək 54680 nəfər rayon sakini hərtərəfli tibbi müayinədən keçirilib. Müşavirədə qarşıda duran vəzifələr barədə də ətraflı danışılıb. Vurğulanıb ki, şamaxılılar Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında qarşıya qoyduğu tapşırıqlardan irəli gələn vəzifələrin uğurla yerinə yetirilməsi üçün əllərindən gələni əsirgəməyəcək, ölkəmizin sosial-iqtisadi inkişafına öz töhfələrini verəcəklər.
http://azertag.az/xeber/847130

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN