Ağsuda “Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək!” mövzusunda konfrans keçirilib

Tarix: 14-4-2015 // saat: 22:10
Ağsu şəhərindəki mədəniyyət sarayında “Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək!” mövzusunda elmi-praktik konfrans keçirilib. AZƏRTAC xəbər verir ki, mütəxəssislərin, ağsaqqalların, gənclərin və yeniyetmələrin də iştirak etdikləri konfransda əvvəlcə narkomaniyanın acı nəticələrindən bəhs edən “Mayak” adlı film nümayiş etdirilib. Konfransda rayon icra hakimiyyəti başçısının birinci müavini, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyasının sədri Rasim Novruzov “Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək!” mövzusunda məruzə edib. Sonra icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbər müavini Vasif Quliyevin, nevroloq həkim Seyidağa Gülümovun, rayon prokurorunun böyük köməkçisi Toğrul Qəribovun, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə nümayəndəsi Nizami Məmmədovun və başqalarının çıxışları dinlənilib. Bildirilib ki, əsrin bəlasına çevrilən narkomaniya bəşəriyyəti narahat edən ən mühüm problemlərdən biridir. Bu gün dünyada 200 milyonadək narkotik istifadəçisi var. Konfransda ölkəmizdə narkomaniyaya qarşı mübarizə üzrə Dövlət Proqramından, son illər bu bəlaya qarşı mübarizənin gücləndirilməsindən bəhs olunub. Qeyd edilib ki, hazırda əhalisinin 52 faizini yeniyetmə və gənclərin təşkil etdiyi rayonda narkomaniyaya qarşı ardıcıl və məqsədyönlü mübarizə aparılır. Təkcə 2014-cü ildə 5 cinayət faktı üzrə ümumi çəkisi 0,673 qram heroin, 164,717 qram qurudulan marixuana, habelə 840 kiloqram yabanı halda bitən yaşıl kütlə rayon məhvetmə komissiyası tərəfindən yandırılıb. Çıxışlarda narkomaniyaya qarşı mübarizədə maarifləndirmənin böyük əhəmiyyət daşıdığı vurğulanıb.
http://azertag.az/xeber/846353

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN