Narın 67 növünün yetişdirildiyi Göyçayda 47 min tona yaxın məhsul tədarük olunub

Göyçay rayonunda nar tədarükü başa çatıb.

Tarix: 26-11-2014 // saat: 09:10
Göyçay rayonunda nar tədarükü başa çatıb.
AzərTAc xəbər verir ki, bu mövsümdə 3650 hektar nar bağından ilkin hesablamalara görə 47 min tona yaxın məhsul yığılıb. Onun bir hissəsi yerli və xarici bazarlara çıxarılıb, zədəli meyvələr isə şirə emalı müəssisələrinə satılıb. Cari ildə bağlardan ötən ildəkinə nisbətən 2800 tondan çox nar toplanıb.
Göyçayda narçılığa maraq ildən-ilə artır. Rayonda yeni və məhsuldar nar sortlarının yetişdirilməsi, təzə bağların salınması istiqamətində tədbirlər görülür, boş və istifadəsiz torpaqlarda qiymətli nar sortlarından olan tinglər əkilir. Narın 67 sortunun yetişdirildiyi rayonda bağbanlar əsasən “Gülövşə”, “Vələs”, “Şəndi”, “Şirin”, “Şıxbaba”, “Bala Mürsəl” növlərinə üstünlük verirlər. Nar tinglərinin əkilməsi gələn ilin aprelinədək davam edəcək.
Xatırladaq ki, son üç ildə rayonda 150 hektardan çox sahədə yeni nar bağı salınıb. Nar bağlarının sahəsi iyirmi il əvvəlki 251 hektardan 3650 hektara çatdırılıb. Hazırda 100-dən çox fermer narçılıqla məşğul olur.

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN