Aprelin 14-də rayonun Heydər Əliyev Mərkəzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycanın əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik, oftalmoloq alim Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümünə həsr olunan yeniyetmələr arasında intellektual yarışın zona mərhələsi keçirilib. Tədbir Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş "Nur dolu ömür" adlı filmin nümayişi ilə başlanıb. Zona mərhələsində Kürdəmir, Ağsu, Göyçay, Ucar, Salyan, Hacıqabul rayonlarını və Şirvan şəhərini təmsil edən komandalar iştirak edib. Kürdəmir rayonunu bu yarışda 6 nəfər şagirddən ibarət “Kürdəmir” komandası layiqincə təmsil edərək birinci yeri tutub. Bu komanda aprel ayının 28-də Bakıda keçiriləcək final yarışlarında iştirak etmə hüququ qazanıb. Mərasimdə Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının ictimai-siyasi və humanitar məsələləri üzrə müavini Vəsilə Əsgərli, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin müdiri Cəmilə Bağırova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin baş məsləhtçisi Pərviz Əliyev də, iştirak edib.