Ağdaş rayonundakı Heydər Əliyev Mərkəzində Azərbaycan poeziyasının tanınmış nümayəndələrindən olan Rəfiq Zəka Xəndanın 75 illik yubileyi qeyd edilib.
AzərTAc xəbər verir ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq keçirilən tədbirdə Dövlət mükafatı laureatı, Əməkdar İncəsənət Xadimi, professor Rəfiq Zəka Xəndanın həyat və yaradıcılığından söz açılıb.
Bildirilib ki, Rəfiq Zəka Xəndan klassik poetik ənənələrin layiqli davamçısı kimi zəngin ədəbi fəaliyyəti dövründə meydana gətirdiyi əsərlərlə milli ədəbiyyata töhfələr verib. Onun yaradıcılığının əsas istiqamətini Vətənə məhəbbət, tarixi-mədəni dəyərlərə bağlılıq, azərbaycançılıq və istiqlal ideyalarının tərənnümü təşkil edib.
Natiqlər görkəmli ədibin şəxsi keyfiyyətləri barədə geniş məlumat verib, şairin klassik ənənələrə sadiqliyini, Vətənə məhəbbət, tarixi-mədəni dəyərlərə bağlılığını yüksək dəyərləndirib, musiqi mədəniyyətimizin inkişafındakı xidmətlərini minnətdarlıq hissləri ilə xatırladıblar.
Tədbirdə şagirdlər tərəfindən görkəmli ədibin şeirləri dinlənilib, onun sözlərinə yazılan mahnılar ifa edilib.