Aprelin 2-də Bakı şəhərində I Beynəlxalq Tarixdə Soyqırımlar: Faktlar, Reallıqlar, Uydurmalar Simpoziumu keçirilib.
MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən Simpoziumun əsas məqsədi dünyada soyqırımlar haqqında yazan, araşdıran və müzakirələr aparan tarixçiləri və tədqiqatçıları bir araya gətirməkdir. Tarixdə əsaslı və əsassız bir çox iddialar mövcuddur. Bu iddiaların araşdırılması metodologiyası, aparılan analizlər və gəlinən nəticələr haqqında elmi ictimaiyyətin rəyi vacibdir. Simpoziumda yeni araşdırmalar və arxiv materiallarının dövriyyəyə gətirilməsinə çalışılır. Gələcəkdə yeni tədqiqatları izləmək məqsədilə simpoziumun silsilə şəklində həyata keçirilməsi nəzərdə tutulur.
Simpoziumda Azərbaycan, Türkiyə, Makedoniya və İsveçrədən olan tarixçi-alim və tədqiqatçıların məruzələri dinlənilib. Şəhidlərimizin əziz xatirəsi yad edildikdən və himnimiz səsləndirildikdən sonra MİRAS İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli Simpoziumu açıq elan edib. Professor Qafar Cəbiyev simpoziumun məramı haqqında danışıb. O, tarixi faktların, arxiv sənədlərinin mütəmadi araşdırılması və elektron mətbuatda yayımlanmasının vacibliyini qeyd edib.
Bakı Dövlət Universitetinin professoru Anar İsgəndərovun “1918-1920-ci illərdə Türk-Müsəlman əhalisinə qarşı həyata keçirilən soyqırımlar” adlı məruzəsi yeni faktlarla, təsirli məqamlarla zəngin olmaqla yanaşı, "Erməni bizdən nə istəyir?" sualı ətrafında maraqlı mülahizələrlə çıxış edib.
Türkiyənin Kayseri Erciyes Universitetinin professoru Qafar Çaxmaqlı “1915 olayları və irqçi ideologiyanın təməlindəki qondarma “Erməni soyqırımı” iddiaları” məruzəsində 24 aprel olayları ilə bağlı araşdırmaları, erməni mətbuatını izlədiyini, hər Xocalı soyqırımı anım günləri yaxınlaşanda hansı təşviş içərisində Azərbaycandan real addımlar gözlədiklərini müşahidə etdiyini nəzərə çatdırıb.
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Firdovsiyyə Əhmədova “Cənubi Qafqaza kütləvi köçürmələr, erməni separatizmi və müsəlman qırğınları”nı tarixi sənədlərin, siyasi görüşlərin prizmasından yanaşaraq təhlil edib.
Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Abbas Seyidov 1918-ci il soyqırım hadisələrinə yenidən baxan məruzəsində maraqlı faktlar səsləndirib.
Simpoziumda Makedoniya Sosio-Mədəni Antropologiya İnstitutunun professoru Rubin Zemon XX əsrdə Balkan yarımadasında soyqırımlara bəraət kimi millət kimliyi ideyalari və millət-dövlət quruculuğu, Makedoniya Rumeli Torbeş Mədəniyyət və Elm Mərkəzinin əməkdaşı Şerif Ajradinoski Boqomilərin soyqırımı, VEKTOR Beynəlxalq Elmi Akademiyasının İsveçrə təmsilçisi Mehmet Şükrü Güzelin Ermənistan dövlətinin BMT İnsan Hüquqları üzrə Komissiyasına təqdim etdiyi hesabatın insanlıq və ümumdünya sülh və təhlükəsizliyi əleyhinə cinayət olduğunu açıqlayan məruzələri maraqla qarşılanıb.
Azərbaycan Texniki Universitetinin professoru Şikar Qasımov "Ermənilərin törətdiyi soyqırımı siyasəti tariximizin ən faciəli səhifəsidir", Azərbaycan Müəllimlər İnstitutunun dosenti Nazilə Abdullazadə "M.M.Nəvvabın “1905-1906-cı illərdə erməni-müsəlman davası” əsəri türk soyqırımının dəyərli abidəsi kimi", AMEA Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi Dr. Xuraman Hümmətova "Xocalı soyqırımı və tarixi reallığın qan yaddaşında əksi", Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı Dr. Nəzmin Cəfərova "Soyqırım psixologiyası və problemin tədqiqat perspektivləri", AMEA Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi Dr. Eşqanə Babayeva "Qars olayları: erməni zülmü türk ədəbiyyatında", AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmiş işçisi Dr. Könül Nəhmətova "Sovet hakimiyyətinin ilk illərində milli mədəniyyətimizə qarşı yönəlmiş erməni təcavüzü (Mətbuat səhifələrindən faktlar əsasında)", AMEA Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi Dr. Zöhrə Fərəcova “İrşad”da dərc olunmuş ədəbi-bədii əsərlərdə erməni vandalizminin təsviri məsələləri", AMEA Fəlsəfə və Hüquq İnstitutunun elmi işçisi Dr. Faiq Ələkbərov "Uydurma “Erməni məsələsi” və “Erməni soyqırımı”nın təşkilində Qərb və Rusiyanın rolu", Dünya Gənc Türk Yazarlar Birliyindən Əfsanə Ələsgərli "Türk dünyasında bilinməyən soyqırım: Krımçak və karaimlərin genosidi", AMEA Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi Aynurə Paşayeva "20 yanvar faciəsi bədii publisistikada (“Azərbaycan” jurnalı materialları əsasında)", Bakı Dövlət Universitetindən Tural Vəlizadə "1918-ci il mart soyqırımı arxiv sənədlərində (Fövqəladə Təhqiqat Komissiyasının materialları əsasında)", Şahin Yusifli "Rza şah Pəhləvinin terror siyasəti", Bakı Slavyan Universitetindən Zibər Rzayeva "Bəşəriyyətdə soyqırım anlayışı", Avrasya Yazarlar Birliyindən Dr. Eldəniz Abbaslı "Erməni vəhşəti: Xocalı soyqırımı", Azərbaycan Müəllimlər İnstitutundan Nərmin Əhmədova "1918-ci il azərbaycanlılara qarşı erməni soyqırımı", İstanbul Universitetindən Şəhriyar Yusifli "Soyqırım cinayəti anlayışı və tarixi təşəkkülü", AMEA Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işçisi Ramil Rüstəmov "Yer üzündən silinmiş şəhər", AMEA Fəlsəfə və Hüquq İnstitutunun elmi işçisi Elmira Abasova "Rus və erməni təxribatlarının Qars bölgəsindəki ekopsixoloji durumu haqqında", MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyindən Gülşən Hüseynova və Aynur Binnətova "Münaqişələrin ölkə iqtisadiyyatına və turizm potensialına təsiri", Bakı şəhəri 55 saylı tam orta məktəbin müəllimi Nailə Həsənova "Azərbaycanlıların soyqırımı Fransa mətbuatında", İsmayilli şəhəri İ.Həsənov adına 1 nömrəli tam orta məktəbinin müəllimi Təranə Məmmədova "Ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri qanlı soyqırım aktları" və digər məruzələr maraqla dinlənilib.
Simpozium iştirakçılarının dünya ictimaiyyətinə ünvanlanan müraciətini hazırlamaq və gələcəkdə Simpzoiumun effektivliyini artırmaq üçün platforma formalaşdırmaq təklif edilib. Simpoziumun iki ildən bir keçirilməsi və materiallarının iki dildə (Azərbaycan və ingilis dillərində) nəşr edilməsi elan olunub. Məruzəçilərə diplomlar, dinləyicilərə sertifikatlar təqdim olunub.
Simpozium Cəfər Cabbarlının “Əhməd və Qumru” hekayəsi əsasında Arzu Soltanın ssenarisini yazdığı və İntiqam Soltanın quruluş verdiyi, Bakı Uşaq Teatrının gənc aktyorları Ruslan Adgözəlov və Vüsalə Bəşirovanın ifa etdiyi “Qucaqla məni” tamaşasının nümayişi ilə yekunlaşıb.
Aprelin 3-də Simpozium iştirakçıları Quba Soyqırımı Memorial Kompleksini ziyarət edəcəklər.