Respublikanın bütün bölgələrində olduğu kimi, 31 mart soyqırımı qurbanlarının xatirəsi Şamaxıda da anılmışdır. Mərasimdə bildirilib ki,Azərbaycan Xalq Cumhuiyyəti dövründə təşkil olunmuş komissiyanın apardığı istintaq materialları müəyyənləşdirdiyi faktlara əsasən Şamaxı qəzasının 58 kəndində 8027 nəfər azərbaycanlı qətlə yetirilmişdir. Onlardan 4190 nəfəri kişi, 2560 nəfəri qadın və 1277 nəfəri uşaq olmuşdur. Həmin dövrdə təkcə Şamaxı şəhərində 7 mindən çox dinc əhali qətlə yetirilmişdir. Ermənilər tərəfindən insanlığa yaraşmayan hərəkətlərlə öldürülənlər əsasən Şamaxının sayılıb-seçilən ziyalılarının, ağsaqqallarının və din xadimlərinin olması təsadüfi deyildi. Onlar bilərəkdən Şamaxının 22 nəfər nüfuzlu sakininin, o cümlədən məşhur Axund Səfərqulunun, şəhər hakimi Teymurbəy Xudaverdiyevin, Dövlət Dumasının deputatı Məmməd Əliyevin və digərlərinin qətllərinə rəvac verməklə əslində əhali arasında vahimə yaratmağa, birinci növbədə baş bilənləri aradan götürməyə nail olmuşlar.
1918-ci ilin mart-aprel ayları zamanı insan itgisi ilə yanaşı Şamaxı qəzasına ciddi maddi ziyan da dəymişdir. Bu soyqırımı zamanı Şamaxı qəzasına 339,5 milyon, Şamaxı şəhərinin özünə 1 milyon manatlıq ziyan vurulmuşdur. Şəhərdə 13 məscid, o cümlədən Cümə məscidi yandırılmışdır. Tarixi məlumatlara görə ən böyük qırğın da məhz günahsız insanların pənah gətirdiyi Cümə məscidində baş vermişdir. Bu məsciddə təxminən 1500 nəfər insan diri-diri yandırılmışdır. Həmçinin həmin soyqırım nəticəsində rayonun Əngəxaran kəndində 237 nəfər, Bağırlı kəndində 370 nəfər, Quşçu kəndində 192 nəfər insan xüsusi amansızlıqlarla qətlə yetirilmişdir. Şamaxıda günahsız öldürülənlərin əsas cəlladları 31 nəfər erməni, o cümlədən Stepan Lalayan, Qavri Karoğlanyan, Mixail Arzumanov, Karapet Karamanov və başqaları olmuşlar.
Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialının Humanitar və xüsusi fənlər kafedrasının müdiri dosent Mayıl Alıcanov və başqaları çıxış edərək 1918-ci ildə ermənilər tərəfindən törədilmiş bu soyqırımı haqqında ərtaflı danışmış, bu hadisələr zamanı azərbaycanlıların kütləvi şəkildə öldürülməsinin, soyqırıma məruz qalmasının XX yüzillikdə dünya tarixinin ən qanlı səhifələrindən biri hesab olunduğunu vurğulamışlar.
Sonda 1918-ci ildə Şamaxıda törədilən qanlı hadisələrdən bəhs edən sənədli film nümayiş etdirilmişdir.