Mikayılov Vüqar Şahbaba oğlu 1965-ci ildə Ağsu şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1980-ci ildə VIII sinifi fərqlənmə diplomu ilə bitirib, Bakı şəhərində yerləşən 5 N-li Respublika Kimya-Biologiya Təmayüllü İnternat məktəbinə əla qiymətlə daxil olmuşdur. Burada oxuduğu müddət ərzində Ali məktəblərdə riyaziyyat, kimya və fizika fənləri üzrə keçirilən olimpiadalarda 20-yə qədər I və II dərəcəli diplomlarla təltif edilmişdir. 1982-ci ildə bu məktəbi yalnız əla qiymətlə bitirsə də qızıl medalla deyil, fərqlənmə atestatla Azərbaycan Texnologiya İnstitutunun “Yeyinti məhsullarının texnologiyası” fakultəsinin “Şərabın texnologiyası” ixtisasına daxil olmuşdur. 1984-cü ildən 1986-cı ilədək ordu sıralarında hərbi xidmətdə olmuş, baş serjant rütbəsinə yiyələnərək, tank komandiri kimi tərxis edilmişdir.
1989-cu ildə Azərbaycan Texnologiya İnstitutunu da əla qiymətlərlə başa vurmuş və fərqlənmə diplomu ilə institutu bitirmişdir. İnstitutda oxuduğu müddətdə təsərrüfat hesablı elmi-tədqiqat işləri ilə məşğul olmuş və bu işlərə görə əlavə olaraq 46 manat əlavə əmək haqqı almışdır. Axırıncı kursda “Diplom İşlərinin EHM-da hesabatlarının aparılması” mövzusunda dərslik yazmışdır.
1989-cu ildə təyinatla Ağsu şəhər 2 saylı Üzüm Emalı zavodunda mikrobioloq işləmiş və Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunda qiyabi olaraq aspiranturaya daxil olmuşdur. 1995-ci ildə Yaltada “Maqaraç” Ümumittifaq Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunda “Ferment pereparatlarının tətbiqi ilə Madera tipli şərabların istehsal texnologiyasının təkmilləşdirilməsi” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək texnika elmləri namizədi adına layiq görülmüşdür.
1995-ci ildən 1999-cu ilədək M.Ə.Sabir adına Üzüm Emalı müəssisəsində laboratoriya müdiri vəzifəsində, 1999-cu ildə “ Alov” STA-sında mühəndis-texnoloq vəzifəsində, 1999-cu ildən 2002-ci ilədək “Alko” LTD müştərək müəssisəsində baş laborant, 2002-ci ildən 2004-cü ilədək “Alov” STA-sında mühəndis-texnoloq vəzifəsində, 2004-cü ildən Azərbaycan Kooperasiya Universitetində baş müəllim, hal-hazırda isə Universitetin dosenti və “Az-Granata” Ağsu Şirə və Şərab emalı zavodunun alkoqollu içkilər sektorunun direktorudur.
2001-ci ildə Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunun doktoranturasına daxil olmuş və 2013-cü ildə Azərbaycan Dövlət Aqrar Universitetində “Azərbaycan meyvə və giləmeyvə içkilərinin istehsal texnologiyasının təkmilləşdirilməsi” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş və texnika elmləri doktoru alimlik dərəcəsi almışdır.
Vüqar Şahbaba oğlu Mikayılov 80-dən atıq elmi əsərin, 4 ixtiraya patentin, 4 dərs vəsaitinin 10-larla dərs proqramlarının müəllifidir. 20 elmi əsəri xaricdə, Rusiya, Ukrayna, Moldova, Belorus, Gürcüstanın bu sahəyə dair nüfuzlu nəşrlərindədərc olunmuşdur.
2009-cu ildə Ukrayna və Rusiyada keçirilən Beynəlxalq müsabiqələrdə fərqlənmə diplomları ilə mükafatlandırılmışdır. 2010-cu ildə “Zolotoy Qrifon 2010” Beynəlxalq müsabiqəsində “İlin ən yaxşı şərabçısı ” diplomuna, 2012-ci ildə isə “Qolitsin adına qızıl medala” layiq görülmüşdür.
İlk dəfə olaraq Azərbaycanın milli içkisi olan “Qora suyu” içkisinin sənaye istehsalına nail olmuşdur.
Azərbaycanın milli içkisi olan “Tut arağı” və “Zoğal arağı”, bununla yanaşı olaraq “Gavalı arağı”, “Ərik arağı”, “Muskat arağı” Azərbaycanda elmi əsaslarla arşdırılaraq və sənayedə tətbiqinə də nail olmuşdur.
Bütün xalqımız tərəfindən sevilən yeni texnologiyalarla istehsal edilən “Ağsu” nar şərabı da Vüqar Mikayılovun yaratdığı texnoloji sxem əsasında hazırlanır.
Şotlandiya texnologiyası əsasında Azərbaycanda ilk dəfə olaraq Viski istehsalı da Vüqar Mikayılovun yaradıcılıq işidir.