Hadisə dünən saat 10:30 radələrində İsmayıllı şəhərində, sahibkar Murad Adıgözəlova məxsus qızıl və cehizlik əşyalar, kosmetika mağazasında baş verib. Oğurluq hadisəsi baş verən zaman Murad Adıgözəlov və satıcı Pərvanə Daşdiyeva mağazada olub. Onların sözlərinə görə, naməlum şəxs əvvəlcə mağazaya daxil olaraq onlardan qızıl əşyaların qiymətini soruşub, sonra nişan mərasiminə gedəcəyini bildirərək kosmetika səbətinin və gül buketinin hazırlanmasını istəyib. Satıcı Pərvanə Daşdıyeva mağazaya çantada yeni gətirdiyi qızıl əşyaları müştəriyə göstərib və vitrinə düzməyərək qızıl çantasını piştaxtanın altına qoyub. Mağaza sahibi Murad Adıgözəlov və satıcının başının kosmetika səbətinin və gül buketinin hazırlanmasına qarışmasından istifadə edən müştəri qəflətən qızıl əşyalar olan çantanı götürüb və yaxınlıqdakı dərzi sexinə gedərək qayıdacağını bildirib. Bir müddət sonra qızılların oğurlandığını başa düşən mağaza sahibi İsmayıllı rayon Polis Şöbəsinə müraciət edib. Mağaza sahibi həmin naməlum şəxsin 8 mart günü ondan 150 manatlıq qızıl əşya aldığını bildirib. Murad Adıgözəlovun sözlərinə görə, təxminən 45 yaşı olan və özünü Gəncə sakini kimi təqdim edən həmin şəxs mağazadan 65 ədəd brilyant qaşlı qızıl üzük, 30-a yaxın brilyant və adi qaşı olan sırğa, bilərzik, 3 ədəd qızıl toy dəsti, 2 ədəd çəkisi 30 qram olan qızıl boyunbağı, qızıl saatlar və digər əşyalar oğurlayıb. Mağaza sahibinə ümumilikdə 50 min manata yaxın maddi ziyan dəyib. Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.