Baş Prokurorluq xalq artisti Mikayıl Mirzənin qardaşı oğlunun qətli ilə bağlı məlumat açıqlayıb

Tarix: 29-3-2015 // saat: 20:21
Məlumata görə, 2015-ci il martın 28-də saat 12.00 radələrində Ağsu şəhər sakini, əvvəllər məhkum olunmuş Ramiz Ələkbərov “Ağsu aşırımı”nda yerləşən “Ata yurdu” kafesində aralarında yaranmış münaqişə zəminində ov tüfəngindən atəş açaraq yeməkxananın sahibi Mahir Mirzəliyevi qətlə yetirib və özünə məxsus avtomobillə ərazini tərk edib. Polis və prokurorluq orqanlarının  əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə dərhal hadisə yeri və meyit müayinə olunub, maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər aparılıb. R.Ələkbərovun yaşadığı mənzilə baxış keçirilərkən orada odlu silahla qətlə yetirilmiş meyit aşkar edilib və öldürülən şəxsin rayon sakini Sərxan Soltanov olduğu müəyyənləşdirilib. Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə R.Ələkbərova məxsus “Renault” markalı avtomobil Bakı-Şamaxı şossesinin 119-cu kilometrliyində aşkar edilmiş və sözügedən nəqliyyat vasitəsindən lüləsi və qundağı kəsilmiş 2 ədəd ov tüfəngi götürülüb. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanaraq müvafiq ekspertizalar təyin edilib. Qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Ramiz Ələkbərovun yerinin müəyyən edilməsi və tutularaq məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər davam etdirilir. Qeyd edək ki, qətlə yetirilən M.Mirzəyev Azərbaycanın Xalq Artisti, mərhum aktyor Mikayıl Mirzənin qardaşı oğludur.     
 

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN