Şamaxı və daha 7 rayonun məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyasına qoşulub

Tarix: 17-3-2015 // saat: 13:49
Prezident İlham Əliyevin tapşırığına əsasən respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdlərinin bölgələrimizlə tanışlığı məqsədilə “Ölkəmizi tanıyaq” devizi altında keçirilən tur-aksiyanın növbəti mərhələsinə Balakən, Zaqatala, Şəki, Qax, Oğuz, Qəbələ, İsmayıllı və Şamaxı məktəbliləri də qoşulublar.
AZƏRTAC xəbər verir ki, tur-aksiya çərçivəsində martın 17-də bu rayonların hər birindən 5 nəfər olmaqla məktəblilərin ilk qrupu Naxçıvana getmək üçün paytaxta yola düşüblər. Şamaxı şəhərindəki Heydər Əliyev parkında keçirilən yolasalma rayon rəhbərlərinin, təhsil işçilərinin, valideynlərin iştirakı ilə təntənəli mərasimlə qeyd olunub.
Tur-aksiya iştirakçıları əvvəlcə parkda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Yolasalma mərasimində çıxış edən Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdiri Gülnisə Ələkbərova tur-aksiyaların məktəblilərin vətənpərvərlik tərbiyəsində xüsusi əhəmiyyəti olduğunu vurğulayıb. Bildirib ki, şagirdlər 4 gün ərzində Azərbaycanın qədim diyarı olan Naxçıvan barədə, onun tarixi, bu günü, inkişafı haqqında zəngin məlumatlar alacaqlar. Səfər proqramı çərçivəsində onlar Naxçıvan şəhərindəki Heydər Əliyevin abidəsini ziyarət edəcək, Heydər Əliyev Muzeyi, Dövlət Xalça Muzeyi, “Xan sarayı” Dövlət Tarix-Memarlıq Kompleksi ilə tanış olacaqlar. Məktəblilər, habelə Ordubad şəhərinə, Şahbuz, Kəngərli rayonlarına ekskursiyalara da gedəcəklər.
Tur-aksiya iştirakçıları olan məktəblilər bu səfərdən razılıqla danışır, məmnun olduqlarını bildirirdilər. Şamaxı rayonunun Nağaraxana kənd tam orta məktəbinin XI sinif şagirdi Gövhər Məmmədova AZƏRTAC-a deyib: “Mən, eləcə də bütün yoldaşlarım bu səfər üçün çox sevinirik. Şəxsən mən Naxçıvanı yalnız ekranlarda görmüşəm. İndi isə bu qədim diyara gedirəm. Səfər zamanı muxtar respublikanın dünəni, bu günü barədə zəngin məlumatlar alacağıq. Naxçıvan şəhərində Heydər Əliyev Muzeyi, Ordubadda M.S.Ordubadinin, Y.Məmmədəliyevin ev-muzeyləri, Yeraltı məbəd və Buzxana tarix-memarlıq abidələri ilə, Şahbuz rayonunda Batabat Dövlət qoruğu və digər yerlərlə tanış olacağıq. Bizim üçün bu imkanı yaratdığına görə “Ölkəmizi tanıyaq” tur-aksiyanın təşəbbüsçüsü olan Prezidentimizə minnətdarıq.”
http://azertag.az/xeber/839878

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN